Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-19 08:31:27
İcra başçısının müavini şuşalıların məktəb problemindən danışdı

Şuşa işğal olunduqdan sonra əhalisi ölkənin 58 rayonunda məskunlaşıb. Bir vaxtlar çadır şəhərciklərində, sanatoriya və yataqxanalarda qalan şuşalılar müasir qəsəbələrə köçürülüb. Onlardan biri də Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində inşa edilən “Yeni Şuşa”dır.

Bu qəsəbə 2007-ci ilə qədər Xəzər rayonundakı “Zuğulba” sanatoriyasında, yaşayış üçün tam yararsız, heç bir kommunal şəraiti olmayan binalarda müvəqqəti məskunlaşmış 450 məcburi köçkün ailəsi üçün inşa edilib.

Lakin qəsəbə sakinlərinin əsas problemlərindən biri orta məktəblərin saylarının azlığının və burada şagird sıxlığının olmasıdır. Belə ki, 360 şagirdlik Malıbəyli kənd 1 saylı tam orta məktəbində hazırda 956 şagird, 300 şagirdlik Xankəndi şəhər 4 saylı tam orta məktəbində isə 750 şagird təhsil alır. Bu sıxlıq təbii ki, ilk olaraq təhsilin keyfiyyətinə mənfi təsir göstərir və bu səbəbdən də yeni korpusların tikilməsinə ehtiyac duyulur.

Məsələ ilə bağlı AzEDU-ya danışan Şuşa rayon İcra Hakimiyyətinin müavini Vüsalə Fətəliyeva bu sıxlığın səbəbini izah edib:

 “Prezidentin dəstəyi ilə Ramana yaxınlığında böyük bir qəsəbə salınıb və “Zuğulba” sanatoriyasında çətin şəraitdə yaşayan Malıbəyli kənd sakinləri buraya köçürülüb. O vaxtlar orada insanların sayı az idi. Yalnız Malıbəyli kəndinin sakinləri məskunlaşmışdı. Lakin sonradan müxtəlif bölgələrdən – Xocalı, Kəlbəcər və digər rayonlardan olan qaçqınların da orada məskunlaşması, həmçinin, ərazidə çoxmərtəbəli binalar tikilməsi ilə  əhalinin sayı artdı. Məktəbdə sıxlıq yarandı. Hətta qəsəbədən kənarda yaşayan sakinlər də buradakı təhsilin keyfiyyətini nəzərə alıb, övladlarını bu məktəbə qoydular. 360 nəfərlik 1 saylı Malıbəyli kənd məktəbi  ikinövbəli fəaliyyət göstərməyə başlasa da, məsələni kökündən həll edə bilmədi.

Elə ərazilər var ki, qaçqın məktəbi olmadığına görə, əhalisi Bakı məktəblərində təhsil almalı olur.  Amma bizim uşaqlarımız öz rayonlarının məktəbində təhsil alırlar.  Məcburi köçkün məktəbinin bir mənası var ki, uşaq öz  məişəti, tarixi, etnoqrafiyası, rayonu, əhalisi haqda müfəssəl biliyə malik olur”.

Vüsalə xanım həm də bu problemin aradan qaldırılması üçün tədbirlər görüldüyünü bildirirb:

“Qəsəbə sakininlərinin müraciətindən asılı olmayaraq məktəb rəhbərliyi də, təhsil şöbəsi də bu məsələni tam bilir və lazımi tədbirlər görülüb.  Mövzu ilə bağlı rayonun icra başçısı Bayram Səfərov, təhsil şöbəsinin müdiri Təvəkkül Əliyev müvafiq qurumlara müraciət ediblər. Təhsil Nazirliyinə məlumat vermişik. Yəqin ki, əlavə korpusun tikilməsi reallaşar. Başqa variant yoxdur.

Başa düşürük ki, sıxlıq dərs sisteminə çətinlik yaradır. Amma  bu təhsil ocağında dərs yüksək səviyyədə keçirilir. Həmin məktəbin qızıl medal alan, 600-dən yuxarı bal toplayan şagirdləri olub. Burada çox savadlı müəllimlər çalışır və yeni metodlarla dərs keçirlər”.

Lamiyə Süleymanlı

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları