Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-26 12:27:00
Məktəb bufetlərinə qarşı ictimai qınaq gücləndirilməlidir!

Bir neçə gün öncə şagirdlərin məktəbdən kənar iaşə obyektində yedikləri dönərdən zəhərlənmə faktı qeydə alınıb. Son məlumata görə, 24 uşaq dönərdən zəhərlənib, onların 8-i evə buraxılıb, 16 nəfərin müalicəsi isə davam etdirilir.

 

Şagirdlərin kütləvi zəhərlənməsi onların qidalanması ilə əlaqədar ciddi əhəmiyyətli məqamları göz önünə gətirdi.

 

 Maraqlıdır, məktəblilər niyə təhsil müəssisəsində deyil, kənar iaşə obyeklərində qidalanmalı olurlar? Məktəblərdə verilən qidaların keyfiyyəti, qiyməti, porsiyası şagirdləri qane edirmi?

 

Bununla bağlı AzEdu.az-a danışan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov bildirib ki, şagirdlər məktəbdənkənar iaşə obyektindən yemək ala bilər, məktəb bunu qadağan edə bilməz. Əgər şagird kənar iaşə obyektindən aldığı qidadan zəhərlənibsə, bu zaman məsuliyyət birbaşa həmin yeməkxananın üzərinə düşür:

 

“Məktəb bufetlərində yeməklər keyfiyyətsizdir, ona görə şagirdlər kənardan yemək almağa məcbur olurlar” fikrini mübahisələndirmək olar. Çünki məktəb bufetində satılan məhsullar şagirdlərin sağlamlığına təhlükə yaratmamalıdır. Bufetdə satılan məhsullar keyfiyyətli, qiymət baxımından əlçatan və sağlam olmalıdır. Şagird kənardan aldığı yeməkdən zəhərlənirsə, məktəb bufetini günahlandırmaq düzgün deyil.

 

Məktəb bufetlərindəki qidaların sağlamlığa təsirinə, saxlanma şəraitinə, gigiyenik faktorlarına, bütövlükdə məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət edir. Burada Elm və Təhsil Nazirliyinin müdaxiləsi olmur, amma Nazirlik AQTA-nın və digər aidiyyəti qurumların nəzarət etməsində maraqlıdır. Ona görə, məktəb rəhbərliyinə müvafiq tapşırıqlar verilir, təyinatlar hazırlanıb göndərilir ki, keyfiyyətə nəzarət edilməsinə şərait yaradılsın”.

 

Ekspert düşünür ki, baş verə biləcək mənfi halların qarşısının alınması üçün məktəb bufetləri və yeməkxanalar daim nəzarət altında saxlanmalıdır:

 

“Elm və Təhsil Nazirliyi mütəmadi monitorinqlər həyata keçirir, şikayət daxil olduğu təqdirdə mütləq şəkildə müdaxilə edilir. Qeyd etdiyim kimi, məktəb bufetini işlədənlər nazirliyin əməkdaşları deyil, onlar dövlət qeydiyyatından keçmiş, vergi verən sahibkarlardır. Bu yeməkxanalarda pul qazanırlar, amma həmin pul şagirdlərin sağlamlığı hesabına qazanılmamalıdır. Təkcə aidiyyəti qurumlar deyil, məktəb rəhbərləri, valideynlər özləri də diqqətli olmalı, ictimai qınaq gücləndirilməlidir. Hər hansı qanunsuzluq aşkarlanarsa, buna yol verən iş adamları, bufeti idarə edən şəxslərə qarşı qanun çərçivəsində sərt tədbirlər həyata keçirilməlidir”.

Xəyalə Bayramqızı
Müəllifin digər yazıları