Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-19 12:29:00
Universitetlərdə telefon qadağası qoyulsun! – “Qanunu pozurlar”

Son zamanlar tələbələr arasında geniş müzakirəyə səbəb olan mövzulardan biri universitetlərdə müəllimlərin telefon istifadə etmələri ilə bağlıdır.

 

Qeyd edirlər ki, bəzi müəllimlər telefon istifadəsini tələbələrə qağadan etsələr də, dərs zamanı özləri bu qaydaya əməl etmir, gələn mesajlara və zənglərə cavab verirlər.

 

Maraqlıdır, dərslərdə həm tələbələrin, həm də müəllimlərin telefondan istifadə etməsi nə dərəcədə doğrudur?

 

Mövzu ilə AzEdu.az -a açıqlama verən təhsil eksperti Nabatəli Qulamoğlu qeyd edib ki, dərs zamanı telefondan istifadə etmək qanun pozuntusudur:

 

“Telefondan istifadə etmək hər kəsin şəxsi işidir. O telefonun harda və necə istifadəsi isə ayrı məsələdir. Əgər auditoriyada müəllim və ya tələbə telefon işlədirsə, bu artıq qanun pozuntusudur. Sözügedən vəziyyət tələbələrin diqqətinin yayınmasına səbəb olur. Fikrimcə, ali məktəblərə telefonla gəlmək qadağan olunmalıdır. Telefonu şəxsi işlərində istifadə etmələri daha məqsədəuyğundur. İstənilən hüquq-mühafizə orqanlarına ərizə vermək üçün müraciət edəndə telefonu əlindən alırlar”.

 

AzEdu.az-a açıqlama verən əməkdar elm xadim, professor Şahlar Əsgərov isə qeyd edib ki, müəllim özünü şərhsiz nümunə kimi təqdim etməlidir:

 

“Dərsdə telefondan istifadə etməyi doğru hesab etmirəm. Çünki sözsüz ki, telefon tələbələrin diqqətini yayındırır. İnkişaf etmiş ölkələrin ali məktəblərində dərs zamanı telefon istifadəsi ilə bağlı müvafiq qadağalar tətbiq olunur. Düşünürəm ki, bu Azərbaycanda da olmalıdır. Əgər müəllim özü telefondan istifadə edib, tələbəyə icazə vermirsə, bu tamamilə qeyri-etik davranışdır. Müəllim hər kəsə nümunə olmalıdır. O, özünü şərhsiz nümunə kimi təqdim etmədiyi halda, tələbə də təqdim etməyəcək. O totalitar dövrün qaydasıdır ki, “mənə olar, sənə olmaz”. Lakin biz demokraktik cəmiyyətdə yaşayırıq. Ona görə də dərs zamanı nə müəllimin, nə də ki , tələbənin telefondan istifadə etməsi yanlışdır. Müəllim sinifin güzgüsüdür. Tələbələr ona baxıb özünü görür” -  deyə sözlərini tamamladı.

 

Esmira Əliyeva