Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-10 10:20:00
 BANM - in zabit tələbəsi...“Könlüm istərdi ki, şəhidlik zirvəsinə ucalım”

Vətənə olan borcunu ödəmək üçün onun uğrunda vuruşmaq, canından keçmək, dilini, milliyətini qorumaq, yaşatmaq hər bir vətəndaşın borcudur. II Qarabağ müharibəsində minlərlə gəncimiz işğal olunan torpaqlarımızı azad etmək uğrunda mübarizə aparıb.

 

Həmin müharibədə iştirak edənlərdən biri də Bakı Ali Neft Məktəbinin magistr tələbəsi Əhsən Tərlanlıdır. Onun arzusu doğulduğu torpaqları işğaldan azad edilməsi uğrunda düşmənlə vuruşmaq olub.

 

AzEdu.az-a müsahibə verən tələbə, zabit Əhsən Tərlanlı müharibədə yaşadığı hadisələri və öz təssüratlarını bizimlə bölüşüb.

 

Müsahibəni təqdim edirik:

 

- Əhsən bəy, özünüz və təhsiliniz barədə məlumat verə bilərsinizmi?

 

- Mən, Tərlanlı Əhsən Firdövsi oğlu 17 dekabr 1990-cı ildə Zəngilan rayon Mincivan qəsəbəsində anadan olmuşam. Zəngilan şəhəri işğal olunandan sonra məcburən Bakı şəhərinə köçmüşük. Orta təhsilimi 1997-2008-ci illərdə Zəngilan rayon 29 saylı tam orta məktəbdə almışam. Məktəbi bitirdiyim il Bakı Dövlət Universitetində Beynəlxalq hüquq ixtisasına qəbul olmuşam. Universiteti bitirdikdən sonra 2012-ci ildə hərbi xidmətə yollanmışam. Hərbi xidmətdə leytenant rütbəsi ilə təltif olunmuşam. Xidmətdən qayıtdıqdan sonra  6 il bank sektorunda öz ixtisasım üzrə işləmişəm. Sonrakı illərdə isə başqa sahələrdə rəhbər vəzifələrdə işləmişəm. 2023-cü ildən etibarən Bakı Ali Neft Məktəbinin MBA( biznesin idarə edilməsi) üzrə magistratura pilləsində təhsil alıram.

 

- II Qarabağ müharibəsində iştirak etmək üçün könüllü şəkildə getdiniz, yoxsa sizə çağırış gəldi?

 Açıklama yok.

-Mən market sektorunda işləyən zaman döyüş bölgəsinə yardımlar hazırlayıb göndərirdik. Həmin vaxtlarda Hərbi Komissarlıqdan mənə zəng gəldi və döyüşə çağırıldığım bildirildi. Mən əvvəlcədən bilirdim ki, ehtiyatda olan zabit kimi tezliklə mənə də çağırış gələcək, ona görə də könüllü qeydiyyata getməyə gərək duymurdum. Ağdam rayonundakı döyüşlərdə iştirak etdim.

 

-Sözsüz ki, müharibə ağrılı-acılı çətin prosesdir. Bəs sizə həmin vaxtlar ən çox təsir edən hadisə nə olmuşdu?

 

-Müharibədə olarkən mən qorxunun nə demək olduğunu unutmuşdum. Halbuki əvvəllər  qaranlığa və itlərə qarşı fobiam var idi. Müharibədə olduğum mühit isə mənə qorxularımın üzərinə getməyi öyrətdi.

 

-Zəngilanı tərk edərkən sizin 3 yaşınız olub. Orayla bağlı xatirələrinizdə nələrsə qalıb?

 

-Biz Zəngilanı tərk edərkən mən  uşaq olsam da,  valideynlərimin danışdıqlarına əsasən məndə doğma torpağıma qayıtmaq, oranın təbiəti ilə tanış olmaq,  yaşamaq kimi hisslər yaranmışdı. Bu hisslər mənə vətənə qulluqda daha çox stimul verdi. Nəticəsində işğal olunmuş torpaqlarımızın azad olunması ideyası durduğunu bildiyim üçün şövq hissi duyurdum ki, nə yaxşı ki, mən buradayam. Könlüm istərdi ki, şəhidlik zirvəsinə ucalmaq kimi bir qismətim olsun, amma yəqin ki, sağlam qalmışam ki, cəmiyyətimizə başqa sahədə öz tövhəmi verə bilim.

 

-Döyüş bölgəsində olarkən təhlükə ilə üz-üzə gəldiyiniz, sizə psixoloji cəhətdən ən çox təsir edən hadisə olubmu?

 

-Mən döyüş bölgəsinə getdiyim ilk günlərdə yaşadığım bir hadisə olmuşdu, hansı ki, o mənə təsir etmişdi. Mən olduğum kazarmadan çıxdıqdan 3 dəqiqə sonra pulemyotla oranı dağıtmışdılar. Mən bir növ ölümdən dəqiqə fərqi ilə sıyrılmışdım. Ancaq həmin travma mənə müharibənin sonrakı günlərində qorxusuz olmağıma səbəb oldu. Məndə o vaxtdan bir düşüncə formalaşdı ki, insanın vətəni, torpağı, qeyrəti uğrunda ölməsi adi bir qəzada, əcəli ilə ölməkdən daha qürurludur.

 

-Müharibənin bitməsi və torpaqlarımızın azad olunması xəbəri sizdə hansı hisslər yaratdı?

 

-Dekabrın 31-nə kimi döyüş bölgəsindəydim. Şuşanın azad edildiyi gecə biz əsgərlərə nəzarət etdiyimiz üçün növbə başındaydıq. Hər an hücum təhlükəsinə qarşı ayıq-sayıqlığı qoruyurduq. Xəbəri eşitdikdə məndə şövq yarandı ki, nə yaxşı ki,  müharibə qələbə ilə xeyirlə yekunlaşdı. Gecə saatlarında artıq biz bilirdik ki, ermənilər təslim olub.  Şəhidlərimizin sayı torpaqlarımızın 44 gündə  azad olunması baxımından çoxluq ehtiva etməsə də, onların  da bir ailənin övladı olmağı, öz canlarını vətən uğrunda vermələri yüksək qiymətləndirilməsi lazım olan faktdır.

 

-Uzun müddətdən sonra təhsilinizi davam etdirmə qərarına necə gəldiniz ?

 

-Hərbi xidmətdə olmağı vətənə xidmət kimi dəyərləndirirəm. Bununla yanaşı təhsil pilləmi yüksəltməyimin əsas məqsədi kariyera sahəsində yüksəlməyim və metodist kimi fəaliyyət göstərib,  gələcək nəsillərə tədris yolu ilə müəyyən vətənpərvər hissləri aşılamaqdır. Hazırda təhsil aldığım universitetin rəhbərliyinin də bu sahədə fikirləri, hədəflərim üçün dəstək olur.

 

 

Sifayə Abbas