Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-02 12:07:00
Niyə xaricdə təhsil almaq istəyənlər kütləvi artır? - Səbəblər və çıxış yolu

Son zamanlar ölkəmizdə ali təhsil ocaqlarını bitirən bir çox bakalavrın magistratura təhsilini xaricdə oxumağa üstünlük verdiyini müşahidə edirik.

 

Xaricdə təhsil almağa kütləvi marağın artması müsbət dəyərləndirilsə də, bir çoxları tərfindən düşünülür ki, Azərbaycanda verilən təhsil kifayət qədər inkişaf etmədiyinə görə gənclərimiz xaricdə oxumağa üstünlük verirlər.

 

Bəs ölkəmizdə təhsil sahəsində hansı işlər görülməlidir ki, gənclər xarici universitetlərdə deyil, öz ali məktəblərimizdə təhsil alsınlar?

 

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə xaricə təhsil üçün üz tutanların sayının azalması üçün ali məktəblərdə ciddi islahatlar aparılmaldır:

 

 

“Son dövrlər müxtəlif iş yerlərində və dövlət sektorlarında məhz xaricdə təhsil alanların işlə təminatının daha yaxşı olduğunu müşahidə edirik. Bu səbəbdən insanların böyük əksəriyyəti xaricdə təhsil almaq barədə düşünürlər. Eyni zamanda, digər əsas üstünlük xaricə gedənlərin həmin ölkələrdə qalıb işləyə bilməsidir. Təbii ki, bu daha çox dövlət xətti ilə getməyənlərə şamil olunur və bu say üstünlüyü təşkil edir. Nəticə etibarilə, xaricdə təhsilə meyil edənlərin sayı artır. Düşünürəm ki , ölkəmizdə ali təhsil istiqamətində müəyyən islahatlar aparılmalıdır ki, xaricə gedənlərin sayı nisbətən azalsın”.

 

 

Ekspert vurğulayıb ki, ali təhsil müəssisələrində təhsil keyfiyyətini elə formada etmək lazımdır ki, orada yetişən tələbələr əsaslı kadr olsunlar:

 

 

“Əgər tələbələrin diplomu universiteti bitirdikdən sonra heç bir işə yaramayacaqsa, o zaman haqqında danışdığımız məsələ daha da geniş vüsət alacaq. Beynəlxalq təcrübədən istifadə etmək lazımdır.  Beynəlxalq arenada daha çox hansı ixtisaslara tələbat varsa, ali məktəblərimiz həmin  ixtisaslara üstünlük verməlidir. Əsasən bu İT yönümlü, tibb, pedaqoji ixtisaslardır. Bu sahələrdə güclü kadrlar hazırlanmalıdır”.

 

Həmsöhbətimiz bildirib ki,  təhsilin keyfiyyətinin artırılması çox diqqət tələb edən məsələdir:

 

“Təhsil keyfiyyətini artırmaq üçün müvafiq addımlar atılmalıdır. Universitetlərdə fəaliyyət göstərən ixtisaslar lisenziyalaşdırılma zamanı və yaxud onların akkreditasiyası zamanı ölçmə əməliyyatları dəqiq aparılmalıdır ki, həqiqətən də bu ixtisası bitirənlər sabah sözügedən sahə ilə bağlı müfəssəl informasiyaya sahib olsunlar. Eyni zamanda, universitetlərimizdə tələbələrin normal təhsil almaları üçün müasir tipli laboratoriyalara ehtiyac var. Həmçinin, onlara təhsil verən müəllim, professor heyətinin daha güclü kadrlardan ibarət olması əsas şərtlərdən biridir. Azərbaycanda 50 - dən çox xüsusi və mülki ali təhsil müəssisəsi fəaliyyət göstərir. Məhz az öncə qeyd etdiyim istiqamətlərdə inkişafa nail ola bilsək, ali təhsilini ölkəmizdə almaq istəyən vətəndaşların sayı da çoxalacaq”.

 

 Esmira Əliyeva