Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-29 12:12:00
“Fədakar müəllim” : “Uşaqlıq arzum vətənimin hər bir övladını təhsilli görməkdir”

Azərbaycanda sevdiyi peşəni icra etmək, cəmiyyətə fayda vermək məqsədi ilə ailəsindən, evindən uzaq məsafələr qət edən, çətin şəraitlə üzləşə biləcəyinə rəğmən peşəsini layiqincə yerinə yetirən müəllimlər var.

 

 

AzEdu.az  təhsil portalı peşəsini sevən həmin fədakar, zəhmətkeş müəllimləri ictimaiyyətə tanıtmaq üçün onlarla müsahiblər hazırlayır.

 

 

Budəfəki “Fədakar müəllim” rubrikamızın qonağı fərqli illərdə üç ucqar rayonda dərs deyən 29 yaşlı Vüsal Məhərrəmovdur

 

 

- Əvvəlcə özünüzü oxucularımıza təqdim edərdiniz...

 

- Mən Məhərrəmov Vüsal Fazil oğlu 1994-cü ilin martın 10-da Tovuz rayonu Çeşməli kəndində anadan olmuşam. 2000-ci ildə birinci sinifə daxil olmuşam. Məktəbi bitirdikdən sonra elə həmin il Gəncə Dövlət Universitetinin Tarix və Coğrafiya müəllimliyi ixtisasına qəbul olmuşam.  2015-ci ildə hərbi xidmətə yollanmış, hərbi xidməti bitirdikdən sonra müxtəlif kurslarda müəllim kimi fəaliyyət göstərmişəm. 2017-ci ildə Müəllimlərin İşə Qəbulu imtahanında yüksək bal toplayaraq Yardımlı rayonu Vəlixanlı kəndində tarix müəllimliyi üzrə vakant yerə təyin olunmuşam. Həmin məktəbdə bir il işlədikdən sonra Quba rayonu Utuq kənd tam orta məktəbinə yerdəyişmə etmişəm. 2019-cu ildən etibarən İsmayıllı rayonu Sulut kənd Bəhyəddin Mirzəyev adına tam orta məktəbində tarix müəllimliyi peşəsini icra edirəm

 

- Dərsə həftədə neçə dəfə gedib-gəlirsiniz?

 

- Həftədə 5 gün gedib-gəldiyim üçün elə həmin kənddə yaşayıram.

 

- Bir-birinin ardınca Yardımlı, Quba və İsmayıllı rayonlarında işləmisiniz. İş yerinizi dəyişmə səbəbiniz nə olub?

 

- Mənim uzaq rayonları seçməyimin əsas səbəblərindən biri tarix müəllimi kimi Azərbaycanın digər rayonlarını tanımaq, ucqar kəndlərdə təhsil alan şagirdlərə dərs keçmək, onları inkişaf etdirmək olub. Düşünürəm ki, bu məqsədimə nail olmuşam. Yardımlı və Quba rayonlarında bir il çalışsam da böyük həvəslə çalışmışam. Yardımlı rayonundan yerdəyişmə etməyimin səbəbi var idi. Həmin vakant vəzifə üzrə məndən əvvəl müqavilə ilə çalışan tarix müəlliminin yerinə keçmişdim. Həmin müəllim yenidən öz vəzifəsinə qayıtsın deyə mən də yerdəyişmə etdim. Quba rayonunda isə kənd məktəbi rayonla 80 km-lik məsafədə yerləşirdi. Tovuzdan dərsə gedib-gəlmək əlverişsiz olduğu üçün valideynlərimin məsləhəti ilə yenidən təyinatımı dəyişməli oldum. İsmayıllı rayonunda hələ bir neçə il işləməyi düşünürəm.

 

- Qubada işlədiyiniz dövrdə aylıq nə qədər yol pulunuz çıxırdı?

 

- Qubadan Tovuza gedib-gəlmək üçün 100 manatdan çox xərc çıxırdı.

 

- Hazırda İsmayıllı rayonunda işləyirsiniz ailəniz buna razıdırmı?

 

- Bəli, ailəmin buna heç bir narazılığı yoxdur, həttə bu il ailə həyatı qurduğum üçün artıq İsmayıllıda kirayə evdə qalırıq.

 

- Vüsal bəy, dərs yükünüz nə qədərdir? maaşınız sizi qane edirmi?

 

- Hələ tam dərs saatları təsdiq olunmadığı üçün dəqiq deyə bilmirəm, amma hazırda tək tarix müəllimi mənəm. Maaşa gəlincə kirayə, yol xərcləri ilə birlikdə qismən qane edir, həmçinin qaz olmadığı üçün odun sobasından istifadə edirik. Buna görə də əlavə odun almalı oluruq.

 

- Məktəbi dəyişmək istəyirsiniz?

 

- Hələ ki, belə bir fikrim yoxdur. Direktorların İşə Qəbulu imtahanından uğur qazanmışam. Əgər direktor vəzifəsi verilərsə, o halda dəyişə bilərəm. Dərsdən əlavə qəbul imtahanlarına şagirdlər hazırladığım üçün onlar da burada qalmağımı istəyirlər.

 

- Qeyd etdiniz ki, şagirdləriniz sizin onlara dərs keçməyinizi istəyir. Bəs bu sevgini qazanmaq üçün nə etmisiniz?

 

 Açıklama yok.

- Mən Yardımlıda, Qubada və hazırda  İsmayıllıda işləyərkən çalışmışam şagirdlərlə müəllim-şagird dostluğu qurum, onlarla yol yoldaşı olum. Hətta bir əhvalat xatırlayırm ki, Qubadan yerdəyişmə etdikdən sonra şagirdlərimdən biri “mən artıq tarix oxumayacam, çünki mənə tarix fənnini sevdirən Vüsal müəllim idi” demişdi. Bu hadisə bir qədər pis təsir etsə də, şagirdlərə tarixi sevdirə bilməyim məni fərəhləndirmişdi.

 

- Fənninizi maraqlı tədris etmək üçün özünəməxsus üsulunuz varmı?

 

 Açıklama yok.

- Bəli, müxtəlif yarışlar, tədbirlər təşkil edirəm, tarix gecələri keçirirəm. Hər hansısa tarixi bir gündə müzakirələr edərək şagirdlərin ümumi dünyagörüşünü yoxlayıram. Ən əsası da mükafatlı tarix yarışlarımdır ki, bu da şagirdləri ruhlandırır. Qaliblərə müxtəlif hədiyyələr, medallar təqdim edirəm. Xüsusən də valideynlərlə sıx əlaqədəyəm. Şagirdlərin dərslərə hazırlıq səviyyəsi barədə məlumat verirəm.

 

- Dərs dediyiniz məktəblərdə ən sevdiyiniz məqamlar hansılar olub?

 

- Hər üç məktəbdə, həmçinin kəndlərdə mənə olan xüsusi qayğı, qonaqpərvərlik hissi məni çox sevindirir. Məktəblərdə də şagirdlərimin dərsə məsuliyyətli yanaşmaları, uğurları, xüsusən ali təhsil müəssisələrinə hazırladığım şagirdlərimin hər birinin ali məktəblərdə yaxşı ixtisaslara qəbul olmağı, müəllim kimi məni çox qürurlandırır. Həm Qubada, həm də İsmayıllı rayonunda şagirdlərlərimlə hər il bir neçə dəfə rayonların görməli yerlərinə tur təşkil edib səyahət edirik. Elə bu il aprel-may aylarında Niyal dağının zirvəsinə çıxmışıq.

 

- Çalışdığınız məktəblər çətin relyefli ərazilərdə yerləşdiyi üçün hər hansısa ekstremal hadisə ilə qarşılaşmısınız?

 

- Qubada qış daha sərt keçdiyi üçün dərsə gedərkən çətinliklər yaranırdı. Qar yağanda bütün yollar buz tuturdu. Hətta bir dəfə yıxılaraq hər iki biləyimi  əzmişdim. Lakin yollar bağlı olduğu üçün 1 həftə xəstəxanaya gedə bilmədim. Biləyimə vaxtında müdaxilə olmadığı üçün hələ də ağırlıq qaldıranda ağrıyır.

 

- Son olaraq, iş sahəsində gələcək hədəfləriniz nələrdir?

 

- Fəaliyyətimi direktor kimi davam etdirmək istəyirəm. Uşaqlıq arzum və hədəfim vətənimizin övladlarını təhsilə cəlb etməkdir.

 

Sifayə Abbas