Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-28 16:28:00
Nazirlik rəsmisi ali məktəblərin reytinq göstəricilərindən danışıb

Times Higher Education 2024-cü il üçün universitet reytinqlərini açıqlayıb. Dünya Universitetləri reytinqində ölkəmizdən yalnız Bakı Dövlət Universiteti yer alıb. 2023 nəticələrinə görə İmpact Ranking üzrə 7 universitetimiz siyahıya düşüb. Ən yaxşı nəticələr Xəzər Universiteti və Qərbi Kaspi Universitetlərinindir.

 

 

AzEdu.az xəbər verir ki, Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli universitetlərin beynəlxalq reytinqdəki yerləri bağlı təqdim olunan məlumatları geniş şəkildə şərh edib:

 

 

“Universitetlərin tədqiqatlarının onların iki əsas reytinqdəki ümumi yerlərinə təsirinə diqqət çəkmək istəyirəm. Birinci şəkildə Times Higher Education WUR üzrə bəzi universitetlərin reytinqləri və metodologiya üzrə meyarlardan görünür ki, məsələn, 801-1000-ci yeri tutan El Manar Tunis Universitetinin tədqiqat keyfiyyəti (research quality) üzrə göstəricisi (31.1) 1501+ yeri tutan Rumıniyanın Alexandru loan Cuza Universitetinin eyni göstərcisindən (31.6) aşağıdır. Tədqiqat mühiti (research environment) üzrə göstəricilərə də nəzər salsaq buna yaxın mənzərəni görmək mümkündür.

 

 

İkinci şəkildə isə QS reytinqi üzrə post-sovet ölkələrinin müvafiq metodologiya üzrə göstəricilərinə diqqət etdikdə ümumiyyətlə inanılmaz mənzərə ortaya çıxır. QS qlobal reytinqində 150-ci yerdə olan Qazaxıstanın Əl-Fərabi universitetinin müəllim sayına düşən sitat sayı göstəricisi ilə (1.3) 1201-1400cü yeri tutan Torayghirov Universitetinin eyni göstəricisi arasında heç bir fərq yoxdur. Hətta, 1001-1200-cü yeri tutan Tallinn Universitetinin eyni göstəricisi (8.9) Əl-Fərabi Universitetinin göstəricisindən təxminən 7 dəfə böyükdür”.

 

 

Nazirlik rəsmisi universitetlərimizin reytinqlərdə yerinin daha da artırılması üçün nələrə daha çox diqqət etmək lazım olduğunun metodoloji əsasları barədə də təkliflər verib:

 

 

“Bilirisiniz ki, həm Times Higher Education, həm də QS elmi-tədqiqatlarla bağlı nəticələrdə Scopusa əsaslanır. Bu statistika da Scopus-dan (SciVal) götürülüb. Birinci şəkildə THE reytinqində 1501+ yerdə Bakı Dövlət Universitetinin göstəriciləridir. İkinci şəkildə reytinqdə 501-600-cü yerdə olan Qazaxıstanın Nazarbayev Universitetinin göstəriciləri. Göründüyü kimi hər məqaləyə düşən sitat sayına görə də, h5 indeksinə görə də BDU Nazarbayevdən öndədir. Önəmli olan parametrlərdən yalnız FWCI-görə Nazarbayev Universiteti irəlidədir. Onun da səbəbi var.

 

 

Demək istədiyim budur ki, elmi-tədqiqat reytinqlərin ən əsas göstəricisi olsaydı BDU ilə Nazarbayev Universiteti arasında bu qədər böyük fərq olmazdı. Hələ onu da nəzərə almıram ki, Nazarbayev Univeritetinə illər boyu Qazaxıstan büdcəsindən ayrılan vəsait Azərbaycanın ümumi ali təhsil büdcəsinin az qala yarısına bərabər olub”.