Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-27 17:10:19
UNEC kollektivi Zəfər parkında olub

27 Sentyabr- Anım Günündə UNEC kollektivi Bakıda inşası davam etdirilən Zəfər parkında olub.

 

Parkı ziyarət edən UNEC rektoru professor Ədalət Muradov və universitetin kollektivi girişdəki xatirə daşının üzərinə gül dəstələri qoyublar, şəhidlərin əziz xatirəsini yad ediblər.

 

Qeyd edək ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamda Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin yaradılması tapşırılmışdı. Ötən müddətdə Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin layihəsi hazırlanıb. Layihəyə əsasən, torpaqlarımızın azad olunması uğrunda tarixi Qələbəyə gedən yolu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsini yaşatmaq məqsədilə kompleksin ərazisində muzeyin yaradılması nəzərdə tutulur. Muzey kompleksində Vətən müharibəsi şəhidlərinin hər birinin adı həkk olunacaq, burada toplanacaq eksponatlar ərazilərimizin işğaldan azad olunması uğrunda mübarizə aparan əsgər və zabitlərimizin igidliyini, xalqımızın əzmini bir daha nümayiş etdirəcək. Kompleks park ilə əhatə olunacaq.

8 Noyabr prospektində inşa olunan Zəfər parkı doqquz hektardan çox ərazini əhatə edəcək. Əraziyə girişdə 44 tağ elementindən istifadə edilib. Tağlar Qələbəyə aparan rəmzi yolun başlanğıcını tərənnüm edəcək. Giriş portalındakı tağın hündürlüyü 44, eni isə 22 metr olacaq. Tağın üzərində Vətən müharibəsi qəhrəmanlarının adları həkk ediləcək. Tağın üst hissəsindəki ağac elementi böyüyən Azərbaycan, pöhrələnmə, firavanlıq, yeni həyata və Qələbəyə aparan simvolik yol təsəvvürü yaradacaq.