Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-27 10:09:00
Əcnəbi müəllimdən qızıl tövsiyələr: “…Qocalana qədər öyrən” - MÜSAHİBƏ

Azərbaycan universitetlərində təkcə əcnəbi tələbələr təhsil almır, həm də müxtəlif xarici ölkələrdən olan müəllimlər də fəaliyyət göstərir. Ali təhsil ocaqlarımızda çalışan əcnəbi müəllimləri ölkəmizə gətirən səbəblər nədir, onlar Azərbaycanla bağlı hansı təəssüratlara malikdirlər...

 


AzEdu.az saytı Azərbaycandakı ali təhsil müəssisələrində çalışan əcnəbi müəllimlərlə silsilə müsahibələr təqdim edir.



Beləliklə, "Əcnəbi müəllim" layihəsinin növbəti müsahibi Bakı Dövlət Universitetinin Konfutsi İnstitutunda Çinli direktoru vəzifəsində çalışan Wang Haoqiangdır. O, 2020-ci ilin noyabr ayından etibarən Azərbaycanda çalışır.

 

 

Wang Haoqiang ölkəmizə gəlişi, iş həyatı, müəllimlik fəaliyyəti ilə bağlı təssüratlarını əməkdaşımızla bölüşüb. Qeyd edək ki, o, Çinin Anhui Universitetindən gəlib.

 

Müsahibimiz Azərbaycan dilini bilmədiyinə görə, onunla ingilis dilində söhbət etdik.   

 

 

- Bakıya çoxdan gəlmisiniz? 

 

 

- Bəli, 3 ilə yaxındır ki, Bakıda işləyirəm.

 


- Azərbaycanda işləməyə necə qərar verdiniz?

 

 

- 2017 və 2019-cu illərdə Bakıya iki dəfə gəldim, Bakının dəniz kənarında yerləşən İçərişəhərə və Qobustana baş çəkdim və bu, Azərbaycanın çox qədim tarixə malik ölkə olduğunu anlamağıma səbəb oldu. Eyni zamanda, Bakı mənə rahatlıq verən gözəl və təmiz şəhərdir. Beləliklə, 2020-ci ildə yenidən Bakıda işləmək üçün müraciət etdim.



- Bakıda ailənizlə yaşayırsınız, yoxsa tək?

 

 

-Mən burada həyat yoldaşım və qızımla yaşayıram.

 

 

Azərbaycandakı həyat tərzinə necə adaptasiya oldunuz?

 

- Əvvəla, Azərbaycanda həyat tərzinə uyğunlaşmaq mənim üçün çətin olmadı. Bunun üç səbəbi ola bilər: Birincisi, mən Çinin şimal hissəsindən gəlirəm və Bakının iqlimi Şimali Çinin iqliminə çox bənzəyir. İkincisi, mən uşaqlıqdan buğda tərkibli qidalardan istifadə edirəm və Bakıda da təndir, donat, lavaş kimi zövqümə uyğun müxtəlif yeməklər təklif olunur. Üçüncüsü isə odur ki, Konfutsi İnstitutunda uzun illərdir burada yaşayan və mənə çoxlu məsələdə köməklik göstərən həmkarlarım var.

 

- Burada yaşadığınız müddətdə hansı çətinliklərlə qarşılaşmısınız?

 

 

-Mənim üçün Bakıda yaşayıb işləməyin ən böyük çətinlik dillə bağlıdır. Mən ancaq çin və ingilis dillərində danışıram və Azərbaycan dilini bilmirəm, ona görə də bəzən Azərbaycan xalqı ilə ünsiyyət qurmaq çətin olur.

 

 

Tələbələrinizlə münasibətləriniz necədir? 

 

 

- Konfutsi İnstitutunun müəllimləri və tələbələri arasında çox yaxşı münasibət var. Biz başa düşürük ki, tədris prosesi təkcə biliklərin ötürülməsi deyil, həm də müəllimlər və tələbələr arasında psixoloji əlaqələrin gücləndirilməsidir. Çox vaxt tələbələr bizi Yeni ili və Novruz şənliyini birlikdə qeyd etməyə dəvət edirlər. Üstəlik, biz mədəni tədbirlər təşkil edəndə tələbələrimiz də könüllü olaraq köməyə gəlirlər.



- Müəllim heyəti ilə münasibətiniz necədir? Nə vaxtsa aranızda anlaşılmazlıq yaranıb? 

 

- Müəllimlərlə yaxşı münasibətim var. Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun çinli direktoru kimi müəllimlərlə müsbət münasibət saxlamaq mənim işimin bir hissəsidir. Gündəlik işimizdə və həyatımızda mən həm onların lideriyəm, həm də güvəndikləri və güvənəcəkləri insanam. Çindən uzaq olduğumuz üçün bütün müəllimlər arasında birlik, aidiyyət hissini inkişaf etdirməli və qorumalıyam.

 No description available.


-Bir insanda ən çox önəm verdiyiniz xüsusiyyətlər nələrdir?

 

 

- Biz bilirik ki, hər bir insan bir çox vacib keyfiyyətlərə malik olmalıdır. Mənim üçün punktuallıq, vədlərə əməl etmək və kömək etmək istəyi ən çox qiymətləndirdiyim keyfiyyətlərdir.

 

 

-Özünüzdə dəyişdirmək istədiyiniz xüsusiyyətləriniz var?

 

 

- Çində belə bir deyim var: "Heç bir qızıl tamamilə təmiz deyil və heç bir insan mükəmməl deyil". Hər kəsin davamlı özünü təkmilləşdirməyə ehtiyacı var. Mənim üçün bəlkə də daha çox məşq etmək hazırda təkmilləşdirilməsi lazım olan bir sahədir.

 


Bakıdan başqa Azərbaycanın hansı regionunda olmusunuz?

 

 

- Bakıdan başqa İsmayıllı, Lənkəran və Astarada olmuşam. Bu yerlər çox fərqlidir. Bəziləri dağlıq, bəziləri isə əkinçilik əraziləridir, amma mənzərəsi gözəldir.



- Azərbaycanın adət-ənənələri və mətbəx mədəniyyəti haqqında nə düşünürsünüz?

 

 

- Şəxsən mən hesab edirəm ki, Azərbaycan və Çin adət-ənənələri arasında oxşarlıqlarla yanaşı, çoxlu fərqlər də var. Məsələn, hər ikisi zəngin tarixə, kənd təsərrüfatı sivilizasiyasına malik olan, ailə və təhsilə böyük önəm verən ölkələrdir. Bundan əlavə, azərbaycanlıların biznesə böyük marağı olduğunu müşahidə etmişəm və bu, Azərbaycanın coğrafi mövqeyi ilə sıx bağlı ola bilər. Azərbaycan tarix boyu Şərqlə Qərb arasında ticarətin inkişafında mühüm rol oynamışdır. Şəkidə hətta bəzi qədim karvansaraların hələ də mövcud olduğunu eşitmişəm. Bu karvansaraylar Şərqlə Qərb arasında ticarət məqsədi ilə səyahət edən tacirlərin istirahət yerləri idi.

 


- Gələcək karyera palnınız hansı istiqamətdədir?

 

 

- Konfutsi İnstitutunda işləməyə davam etmək istəyirəm.  Çinli direktoru və ya Çin dili müəllimi olaraq daha çox şəxsə Çin dilini öyrətmək və iki ölkə arasında mədəni və təhsil mübadiləsi üçün istedadlar yetişdirməkdir.

 

 No description available.

-Son olaraq dünyaya səslənsəydiniz, bir müəllim olaraq nələr deyərdiniz?

 

 

-Çində “qocalana qədər yaşa və qocalana qədər öyrən” deyilən bir deyim var. Bu o deməkdir ki, öyrənməyin sonu yoxdur, həm də öyrənmək üçün heç vaxt gec deyil.