Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-27 09:15:42
Meksikalı tələbələrə Azərbaycanla bağlı təqdimat keçirildi - FOTOLAR

Ölkəmizin Meksikadakı səfiri Məmməd Talıbov həmin ölkənin Tamaulipas ştatına səfəri çərçivəsində Matamoros şəhərində yerləşən, mühəndis hazırlığı üzrə ən qabaqcıl və nüfuzlu ali təhsil müəssisəsi olan Matamoros Texnoloji İnstitutunun tələbələri ilə görüşüb.

 

Səfirlikdən AzEdu.az-a bildirilib ki, Meksika Deputatlar Palatasında fəaliyyət göstərən Meksika-Azərbaycan Dostluq Qrupunun üzvü deputat Elva Vigil Hernandes və sözügedən institutun rektoru xanım Mara Grassiel Akosta Qonsalesin iştirakı ilə keçirilən görüş zamanı Azərbaycan barədə geniş təqdimat keçirilib.

 

Təqdimatda səfir M.Talıbov tədbir iştirakçılarını ölkəmizin zəngin tarixi, mədəniyyəti, qarşılaşdığı çətinliklərə baxmayaraq qısa müddət ərzində keçdiyi uğurlu inkişaf yolu haqqında məlumatlandırıb. Diplomat həmçinin, bu il anadan olmasının 100 illiyi qeyd olunan Ümummilli Lider Heydər Əliyevin həyatı və fəaliyyəti, onun Azərbaycan dövlətinin qurulmasında müstəsna rolu, eləcə də Ulu Öndərin vizyonu və ideyaları əsasında regionda həyata keçirilmiş dünya miqyaslı enerji və nəqliyyat layihələri nəticəsində həm region, həm də bütün Avrasiya miqyasında geosiyasi proseslərdə baş verən müsbət dəyişikliklərdən bəhs edib.

 

Tədbirdə həmçinin erməni təcavüzünün tarixi, 44 günlük müharibə və nəticələri, regiondakı yeni reallıqlar, davam edən sülh prosesi, ölkəmizin neft-qaz strategiyası, iqtisadi inkişaf göstəriciləri, incəsənəti, milli mətbəxi və multikulturalizm ənənələri haqda danışılıb. Hazırda ölkəmizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, məcburi köçkünlərin qayıdışının təhlükəsiz və ləyaqətli şəkildə həyata keçirilməsi barədə ətraflı məlumat verilib. Həmçinin Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən son dövrdə Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri və onun nəticələri, habelə Qarabağın erməni sakinlərinin reinteqrasiyası barədə məlumat verilib.

 

Bundan əlavə Meksika ilə Azərbaycan arasındakı ikitərəfli əlaqələr, son dövrlərdə həyata keçirilən qarşılıqlı səfərlər, ölkələrimiz arasında mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlıq imkanlarının genişləndirilməsi, eləcə də xarici tələbələr üçün ölkəmizdə mövcud olan təhsil imkanları, təcrübə və təqaüd proqramları barədə məlumat verilib, həmçinin auditoriya tərəfindən ünvanlanan suallar cavablandırılıb.