Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-20 15:38:21
Təbiət fənninin tədrisi yalnız 5 və 6-cı siniflər üçün nəzərdə tutulub

Yeni tədris ilində məktəblərdə Təhsil İnstitutunun təşkilatçılığı ilə hazırlanan “Təbiət-6” dərslik komplektinin kütləvi tətbiqinə başlanılıb.

 

AzEdu.az xəbər verir ki, institut dərslik komplekti ilə bağlı ən çox verilən suallara aydınlıq gətirib. Qeyd olunub ki, 2022-2023-cü tədris ilindən ümumi təhsil müəssisələrinin 5 və 6-cı siniflərində təbiət fənni tədris olunur. Təbiət fənni üzrə dərslik komplekti inteqrativ formatda, biologiya, kimya, fizika və yer elmlərinə (coğrafiya) dair ilkin anlayışların mənimsədilməsi və sadə praktiki tətbiq bacarıqlarının formalaşdırılmasına əsaslanaraq yazılıb. Dərslik komplektinin fərqləndirici xüsusiyyəti məzmunun öyrədilməsində aktiv təlim üsulu olaraq tədqiqata əsaslanan tədris metodundan istifadə olunmasıdır. Tədqiqata əsaslanan təlim metodunun məqsədi şagirdlərin təbii maraq hissini daha da inkişaf etdirmək və onlara məzmunla bərabər, elmi məlumatları müstəqil əldə edə bilmək bacarıqları aşılamaqdır. Bu zaman şagirdlər hazır bilikləri didaktik üsulla öyrənmək əvəzinə, sadə praktik araşdırmalar əsasında qazanılan bilik və bacarıqların mənimsənilməsində passiv deyil, aktiv iştirakçı olurlar. Dərslikdə təqdim olunan təcrübələri təkcə xüsusi laboratoriya otaqlarında deyil, sinif şəraitində də aparmaq mümkündür.

 

Təbiət fənni üzrə dərslik komplektinə daxil olan iş dəftəri mənimsənilməsi nəzərdə tutulan biliklərin möhkəmləndirilməsinə, beynəlxalq imtahanlarda istifadə olunan sual tipləri ilə tanışlığa və şagirdlərin öyrəndiklərini tətbiqetmə bacarıqlarının formalaşdırılmasına xidmət edir.

 

Təbiət fənninin tədrisi yalnız ümumi təhsil müəssisələrinin 5 və 6-cı sinifləri üçün nəzərdə tutulub. Tədris prosesində davamlılığın qorunması məqsədilə növbəti siniflər (7, 8 və 9-cu siniflər) üçün biologiya, kimya, fizika və coğrafiya fənləri üzrə yeni dərsliklər hazırlanır.

 

Qeyd edək ki, “Təbiət” dərslik komplektinin I və II hissəsi 2022/2023-cü tədris ilində ümumi təhsil müəssisələrinin 132 sinfində sınaqdan keçirilib. Bu müddətdə dərslik paralel olaraq Elm və Təhsil Nazirliyinin ekspertləri, AMEA-nın uyğun institutlarının mütəxəssisləri, universitetlərin tanınmış alim və metodistləri, ölkənin qabaqcıl müəllimləri və Dövlət İmtahan Mərkəzinin ekspertləri tərəfindən təhlil olunub. İctimai müzakirələrin və pilot siniflərdə keçirilən monitorinqlərin nəticələri müəlliflər tərəfindən tənqidi analiz olunaraq dərslik komplektinin təkmilləşdirilməsi həyata keçirilib. Nəticələr ictimai ekspertlər tərəfindən bəyənildiyindən Elm və Təhsil Nazirliyinin qərarı ilə “Təbiət-6” dərslik komplekti 2023-2024-cü tədris ilində kütləvi tətbiqə qəbul olunub. Dərslik komplektinə dərslik, iş dəftəri və metodik vəsait daxildir. Dərslik komplekti hazırlanarkən təhsildə qabaqcıl ölkələrin təcrübələri araşdırılaraq, TIMSS və PISA kimi beynəlxalq qiymətləndirmə tədqiqatlarının tələbləri nəzərə alınıb. Dərslik komplektində tədqiqat əsaslı təlimə önəm verilib. Dərslik komplektlərinin hazırlanması prosesinə 11 yerli mütəxəssislə yanaşı, sinqapurlu mütəxəssislər də cəlb olunublar.