Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-12 10:39:39
Təhsil: sistem yeni, proqram təzə... - Uyğunlaşmaq lazımdır !

İbtidai siniflərdə dərslərin çətinliyindən bir çox valideyn narazıdır. Valideynlər 1-4-cü sinif şagirdlərinin normadan artıq yükləndiyindən, uşaqların dərsi qavraya bilməməyindən şikayətlənirlər.

 

 

Hətta bəzi hallarda ibtidai sinifdə oxuyan şagirdlərin ev tapşırığını valideynlərinin həll etdikləri iddia olunur.

 

 


Bəs ibtidai sinifdə dərslər həqiqətən çətindirmi? 

 

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi qeyd edib ki, hazırda ümumtəhsil müəssisələrində keçirilən proqram yeni təhsil sisteminə uyğunlaşmağımız üçün zəruridir:

 

 

“Məlumdur ki, ibtidai siniflərə Elm və Təhsil Nazirliyinin hazırladığı müvafiq statistika əsasında dərs proqramı tərtib olunur. Məsələn 1-ci siniflərə 8 saat Azərbaycan dili, 1 saat xarici dil, 5 saat riyaziyyat və digər fənnlər tədris edilir. Yalnız dərsdənkənar məşğələlər üçün 1 saat əlavə vaxt ayrılır. Ümumilikdə 1-ci siniflər tədris planına uyğun olaraq, həftəlik 22 saat dərsdə iştirak etməlidirlər. Təbii ki, siniflər artdıqca dərs saatları da artır. Aşağı siniflərdə  Azərbaycan dili və riyaziyyat fənlərinə daha çox üstünlük verildiyi üçün müəyyən qədər çətinlik çəkmələri mümkündür amma, nəticə etibarı ilə biz çağdaş, müasir tədris proqramına uyğunlaşmalıyıq. Həmçinin şagirdlər də buna uyğunlaşmalıdır. O nöqteyi- nəzərdən istər müəllimlər, istərsə də valideynlər mövcud tədris proqramını mütləq şəkildə diqqətdə saxlamalıdırlar”.

 

 

Ekspert bəzi şagirdlərin ev tapşırıqlarını valideynlərinin həll etməsi fikrini təsdiqləyib:

 

“Məlumdur ki, kurikulum sistemi ilə məktbələrdə dərs keçilir. Bu müəyyən qədər şagirdlər üçün çətinlik yarada bilər. Amma “1-ci sinfə gedən 130 minə yaxın şagirdin hamısı eyni vəziyyətdədir” deyə bilmərik. Dərslərini özləri həll edə bilməyən şagirdlər çox cüzi bir hissəni təşkil edirlər. Düşünürəm ki, dərs yükünün azaldılması üçün ibtidai siniflərdə böyük əhəmiyyət daşımayan fənlər tədris edilməyə bilər. Məsələn, musiqi, təsviri incəsənətin, texnologiya və s. Amma bunun nə zamansa təbtiq olunacağını düşünmürəm”.