Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-11 20:19:49
Baş yazar nazirə haqq qazandırdı: “...Tələbə ərizə yaza bilməyib”  

 

Elm və Təhsil naziri Emin Əmrullayev Bakı təhsil işçilərinin bu gün baş tutan sentyabr konfransında ölkə təhsilinin problemlərinə diqqət çəkib. Nazir qeyd edib ki, bu yaxınlarda Azərbaycan dili və ədəbiyyat forumu keçirildi. Gördük ki, dil fənni ilə bağlı problemlərimiz ciddidir:

 

“Dillə bağlı səriştələri öyrətməliyik. Bu sahədə səriştəsi olan şəxs yazıb danışmalıdır. Dil qaydaları və üslub bunun tərkib hissəsidir. Sertifikatlaşdırma üçün suallar hazırlananda gördüm ki, bizim fənn mütəxəssisimiz belə bundan uzaqdır. Mən xahiş edirdim ki, belə suallar salmayaq. Özümüzü bir çərçivəyə salmışıq və ordan çıxa bilmirik. Ona görə, Azərbaycan dilindən imtahanda maksimum nəticə göstərən abituriyent bir səhifəlik esse yaza bilmir".

 

 

 

 

Nazirin fikirlərinə münasibət bildirən Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet” in baş redaktoru Rəşad Məcid AzEdu.az-a bildirib ki, ana dilində yaxşı danışmaq, səlis yazmaq üçün uşaqlıqdan şeir əzbərləmək və bədii ədəbiyyat oxumaq lazımdır:

 

 

“Elm və Təhsil naziri Emin Əmrullayevin bugün Bakı Təhsil İşçilərinin Sentyabr Konfransındakı çıxışını diqqətlə dinlədim. Nazir həmişəki kimi, təhsilimizdəki köklü problemlərə toxundu və onların həlli yollarından danışdı. Nikbinliyə və ümidə əsas verən məqamlar yox deyil. Amma yeni texnologiyaların gətirdiyi üstünlüklərlə bərabər, yaratdığı problemlər də var.

 

Bir neçə il qabaq ali məktəblərin birində eşidəndə ki, 700-ə yaxın bal toplayan tələbə əlyazısı ilə ərizə yaza bilməyib, heyrətlənmişdim. Özünü də belə müdafiə edib ki, axı əlyazısı heç vaxt gərəyim olmayıb.

 

İndi nazir çıxışında orta məktəb məzunlarının öz düşüncələrini ana dilində çatdıra bilmədiklərini deyəndə mən də gənclərlə görüşdə tez-tez təkrarladığım, onlara təlqin etməyə çalışdığım fikirləri - şeir əzbərləməyin, bədii ədəbiyyat oxumağın vacibliyi barədə söylədiklərimi bir daha xatırladım”.