Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-06 12:36:15
“İlin Gənc Müəllimi”: “Hamı yatanda sən işlə!”- Müsahibə

Yəqin ki, AzEdu.az portalının Milli Məclisin Mədəniyyət Komitəsi ilə birgə keçirdiyi “İlin Gənc Müəllimi” müsabiqəsi oxucuların xatirindədir.

 

Bu müsabiqə nəticəsində öz fəaliyyəti ilə şagirdlərə, eləcə də müəllim həmkarlarına dəstək verən, müasir dərs metodları ilə keyfiyyətli və yaradıcı təhsil mühiti yaradan ən yaxşı 10 gənc pedaqoq mükafatlandırılıb.

 

Bu günə qədər "İlin Gənc Müəllimi" müsabiqəsinin qalibləri ilə maraqlı silsilə müsahibələr təqdim etdik.

 

Sonuncu müsahibimiz isə  Gəncə şəhəri 4 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Leyla Camalzadədir.

 

 

 

-Abituriyent və tələbə dönəminiz necə keçib. Bizə maraqlı nə danışa bilərsiniz?

 

 

-Mən ali məktəbi Prezident təqaüdü ilə oxumuşam. Universiteti fərqlənmə, Təhsil Nazirliyinin fəxri fərmanı ilə bitirmişəm. İstər sosial cəhətdən, istərsə də dərslərdə seçilən aktiv bir tələbə olmuşam. Eyni zamanda yazı yazmağa həddindən artıq meylim olduğu üçün o dövrlərdə Gəncədə yerləşən “Azərbaycan” qəzetində məqalələrim dərc olunurdu. Yazıçılığa həvəsim o zamanlardan var idi.

 

 

 

-Valideynlərinizin hər ikisi müəllim olub. Bunun həyatınıza və potensialınıza təsiri necə olub?

 

 

 -Atam Azərbaycan Dövlət Aqrar Universitetində fəlsəfə doktoru, anam isə Gəncə Dövlət Universitetində müəllim idi. Valideynim universitetdə müəllim olduğu üçün daha nizam-intizamlı olmuşam. Müəllim övladı olmaq həyatı daha çox çərçivələr arasında yaşamaqdır. Düzü valideynim o qədər də sosial olmağımı istəmirdi. Ancaq məktəb vaxtlarından keçirilən tədbirlərdə aktiv iştirak etmişəm. Nitq qabiliyyətim yaxşı olduğu üçün çox zaman tədbirlərin aparıcısı olurdum. Hətta başıma gələn belə bir hadisəni də danışmaq istəyirəm. Məktəb illərində IX sinif şagirdləri Dədə-Qorqud dastanından “Salur Qazanın evinin yağmalanması” boyunu səhnələşdirirdilər. Potensialım və yaxşı nitq bacarığım olduğu üçün məni də seçmişdilər.  Burla xatun obrazını canlandırırdım. Bunun üçün mənə dikdaban ayaqqabı geyindirmişdilər. Səhnəyə çıxmağa az qalmış ayaqqabım paltarımın ətəyinə ilişdi və mən bərk yıxıldım. Mənim səhnəm gəldiyi üçün o halda oyuna çıxmalı oldum. O qədər bərk yıxılmışdım ki, səhnəyə çıxanda tamaşaçıları cüt görürdüm. Ancaq buna baxmayaraq öz rolumu layiqincə başa vurdum.

 

 No description available.

 

-Bu peşəyə gələnlər, ya müəllim olmağı arzulayanlar, ya da balı bura uyğun olduğu seçənlərdir, bəs siz?

 

 

 

 -Həkim olmaq istəyirdim. Ən böyük arzum beyin cərrahı olmaq idi. Fransanın Lyon şəhərində təhsilimi davam etdirmək niyyətində idim. Sadəcə atamın təkidi ilə XI sinifdən IV qrupu buraxıb III ixtisas qrupuna hazırlaşmağa başladım. Çünki o vaxt Tibb Universitetinin tədris ili 7 il idi.

 

 

 

-İlk iş yeri həmişə unudulmaz olur. İlk təyinat yerinizlə bağlı hansı təəssüratlarlarınız var?

 

 

 

-İlk iş yerim Gəncə Musiqi Texnikumunda ingilis dili müəllimliyi olub. Maraqlı təcrübə oldu. Çünki universiteti yeni bitirmişəm.

Mən nənə-baba uşağı olmuşam. Onların yanında qaldığım müddətcə kim məktəbə gedirdisə, mən də onlarla getmək istəyirdim. Artıq evdəkiləri o qədər təngə gətirmişdim ki, məni məktəbə qoydular. Ancaq fikirləşirdilər ki, bir neçə gündən sonra yorulub daha getmək istəməyəcəm. O vaxtlar I sinfə 7 yaşda gedirdilər. Mənim isə 5 yaşım var idi. Buna görə də dinləyici kimi gedirdim. Ancaq gördülər ki, mən çox yaxşı oxuyuram. Məktəbə tez getdiyim üçün universiteti 20 yaşımda bitirmişəm. Musiqi texnikumunda oxuyanlar da 18-20 yaşlı gənclər idi. Öz yaşıdlarıma dərs keçmək mənim üçün çox həyəcanlı təcrübə olub. Ancaq özümü sevdirə bilmişdim.

 

 

-Özünüzü necə biri kimi təsvir edərdiniz?

 

 

-Əslində xarakter olaraq standartdan kənar fikirləşən, hərəkət edən bir insanam. Təkrarlanan, şablon olan heç bir şeyi sevmirəm. Ola bilər xarakter olaraq “divergent” biriyəm. Mənə görə sınanmışlar sınanmamalıdır. Yeni üsullar, metodlar sınaqdan keçirilməlidir. Risk etməkdən qətiyyən çəkinmirəm. Hər zaman düşünürəm ki, ən çox nə itirəcəm?! Hər halda təcrübə qazanmış olacam. Məğlubiyyətdən qorxmuram. Bu gün zirvədəyəmsə, qazandığım uğurların altında məğlubiyyətlərimin imzası var.

 

 

 

-Müəllimlərin şagirdlərinə böyük təsiri olur. Sizin şagirdləriniz üzərində necə təsiriniz var?

 

 

 

-Müşahidə edirəm ki, şagirdlərim mənə bənzəyirlər. Digər insanlardan fərqlənirlər. Çox cəsurdurlar, problem həll etməyi bacarırlar, təşəbbüskardırlar, risk sevirlər. Heç unutmadığım bir hadisə var.

 

 

-Ərz edərdiniz zəhmət olmasa…

 

 

-Müəllim mübadilə proqramı ilə Türkiyəyə göndərilmişdim. Orada bizə dərs keçən müəllimlərdən biri Mustafa Öztürk demişdi ki, siz üçölçülü, standartdan tamam fərqli düşünürsünüz. Doğrudan da belədir. Bəlkə də şahmatçı yoldaşı olduğumun da buna qatqısı var. Həmişə işin fərqli yollarını düşünürəm. Yaxınlarım həmişə deyir ki, sən anı yaşaya bilmirsən.Mənim üçün planlı hərəkət etmək və bütün işlərimə nəzarət etmək çox vacibdir.

 No description available.

 

-Özünüzdə ən çox hansı xüsusiyyətlərinizi bəyənirsiniz?

 

 

- “Bircə ondan razıyam ki, özümdən narazıyam”. Bu dünyada ən çox tənqid etdiyim insan özüməm- Leyladır. Ən sevdiyim xüsusiyyətlərdən biri özünütənqiddir. Bəzən baxıram ki, kompleksə gətirib çıxarır və məndə özgüvənsizlik yaranır. Ancaq bu gün nə qazanmışamsa, özümü tənqid etdiyim üçün qazanmışam. Heç vaxt tam hazıram demədim. Bəlkə də mükəmməliyyətçiyəm.

 

-Gələcəyin nə gətirəcəyini bilmirik və nə vaxtsa peşənizi dəyişmək istərdiniz?

 

- Pis o əsgərdir ki, general olmaq istəməsin. Sadəcə daha bir addım irəlidə olmaq istərdim. Peşəmi dəyişmək istəmərəm. İnkişaf etməyə çalışıram və bir neçə müddətdir ki, buna başlamışam. Bu müəllimliklə paraleldir. Çünki müəllim həm də psixoloqdur, həyat məşqçisidir, motivatordur, natiqdir.

 

 

 

-"İlin gənc müəllimi" müsabiqəsinə qatılmaqda gözləntiləriniz nə idi?

 

 

 

-Müsabiqə təsadüfən Feysbukda qarşıma çıxdı. Dostlarımın çoxunu gördüm və buna çox sevindim. Qatılmağımı istədilər. Onların sayəsində qatıldım. Qoşulmaqda məqsədim əvvəlcə də qeyd etdiyim kimi daha bir addım irəli getmək üçün idi.

 

 

 

-Müsabiqədə ilk 10-luğa düşməyiniz sizdə hansı təəssüratları yaratdı?

 

 

 

-Sözün düzü, heç gözləmirdim.  50-yə düşmək belə mənim üçün böyük bir sürpriz oldu. 10-luğa düşməyi isə gözləmirdim. Özümə həmişə tənqidi yanaşdığım üçün 10-luqda daha potensialı müəllimləri görürdüm. Milli Məclisə getmək, Qənirə xanımla görüşmək, özümdən başqa digər 9 dəyərli insanı tanımaq başqa bir hiss idi. Müsabiqədə qalib olmaq uğuruma uğur qatdı, daha çox tanınmağıma səbəb oldu.

  

 

 

-Sizcə, abituriyent uğur qazanmaq üçün mütləq repetitor yanına getməlidir?

 

 

 

-Mən repetitor yanına getməmişəm. Çox az dəstək almışam. Adi məktəbdə oxumuşam. Sinifdə çox az yaxşı oxuyan şagird var idi. Bütün bunlara rəğmən yüksək balla universitetə qəbul oluna bildim. Burdan nəticə çıxır ki, oxumaq insanın özündə olan bir həvəs olmalıdır. Təbii ki, genetikadan da çox şey asılıdır. Ancaq insan daim özünü inkişaf edirmək üçün çalışmalıdır.

 

 

-Sizin üçün uğurun resepti varmı, hansıdır?

 

 

 

-Mənə görə uğurun düsturu 1% savad, 99% tərdir. Mənim uğurumun resepti isə çox ağırdır. Yorğun günlər, yuxusuz gecələr, gedilməmiş əyləncələr, gəzilməmiş yerlərdir. Düşünürəm ki, uğur fədakarlıqdır. Bu barədə çox yazılarım var. Eyni zamanda motivator olduğum üçün mütəmadi olaraq motivasiya yönümlü yazılar yazıram. Orada tez-tez qeyd etdiyim məsələ budur ki, hamı yatanda sən işlə, hər kəs dincələndə çox çalışmalısan. Ən vacib məsələ dirijoru oynamaqdır. Arxan insanlara, dedi-qodulara, önün isə işinə olmalıdır. Mən düşünürəm ki, uğurumun ən vacib elementlərindən biri həyatımı birləşdirdiyim insandır. Bir çox uğurumun altında həyat yoldaşımın imzası var. Deyərdim ki, bu gün Leyla Camalamsa, bunda öncə tanrıya, sonra həyat yoldaşıma borcluyam.

 

 

Bir insanın həyatda 3 əsas şansı olur-birincisi yaxşı müəllimə rast gəlmək. Mən bu məsələdə çox şanslıyam. İkincisi doğru sənət seçməkdir. Mən həkim olmaq istəsəm də, düşünürəm ki, hazırda doğru yerdəyəm. Tanrının planı mənimkindən daha yaxşı imiş. Üçüncüsü isə yaxşı həyat yoldaşı seçməkdir. Mən bu məsələdə şanslı olduğumu hesab edirəm. Buna bir əlavə də edərdim. Dördüncüsü yaxşı dostlara sahib olmaqdır.

  

 

 

-Son olaraq bütün dünyaya səslənə bilsəniz, bir müəllim olaraq, nələr demək istərdiniz?

 

 

 

-Mən xarakter etibarilə həssas və kövrək bir insanam. Kitab - dəftəri olmayan, təhsildən yayınan uşaqları görəndə çox kövrəlirəm. Həmişə istəmişəm ki, kaş bir neçə dəqiqəlik dünyanı idarə edə bilsəydim. Onda varlılardan alıb kasıb uşaqlara verərdim. Lazımsız əyləncələrə xərclənən pullar var. Həmin pulları oxumaq istəyənlərə verərdim.

 

 

Səslənə bilsəydim uşaqlara səslənərdim. Heç nəyə baxmayaraq özünüzü inkişaf etdirin. “Nə qədər irəli gedə bilərəm?!” deməyin. Tanrının sizin üçün nələr planlaşdırdığını bilmirsiniz. Ümid etməkdən, xəyal etməkdən, cəhd etməkdən əl çəkməyin. Yaxşı olacağına inanın, çünki inam uğurun yarısıdır.