Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-05 12:31:45
“Sertifikasiya təhsilin inkişafına yönəlmiş addımdır” – Kamran Əsədov  

 

Təkrar sertifikatlaşdırmadan keçməyən 743 müəllimin əmək müqaviləsinə xitam verilib.
AzEdu.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib. Məlumatda qeyd olunub ki, 2022-ci ildə sertifikatlaşdırma prosesində müvafiq keçid balını toplamayan müəllimlər üçün bu il avqustun 29-da təkrar imtahan təşkil olunub. İmtahanın ilkin mərhələsindən keçməyən 743 müəllimdən (iştirakçıların 6 faizi) 606 nəfəri təkrar imtahanda minimum keçid balını toplamayıb, 137 nəfəri isə imtahanda iştirak etməyib.


Məlumat üçün bildirək ki, təkrar sertifikatlaşdırma imtahanında ümumilikdə 1 939 müəllim iştirak edib. Onlardan 1 334 nəfəri keçid balını toplayaraq növbəti mərhələdə iştirak hüququ qazanıb.


Qeyd edək ki, 743 müəllimin əmək müqaviləsinə xitam verilməsi istər sosial şəbəkədə, istərsə ictimaiyyətdə ciddi müzakirə predmetinə çevrilib. Kimi insanların sosial şəraitinin ağırlığını əsas gətirərək, bunu pisləyib, kimi isə təhsillə bağlı beynəlxalq təcrübəyə söykənərək, prosesi dəstəkləyib. Bildirilib ki, sertifikasiyadan kəsilən müəllimlər əlavə dəstək proqramlarına cəlb olunsalar da, onlara ikinci şans verilsə də, imtahandan minumum keçid balını yığmağa müyəssər olmayıblar. İntellektual potensialı, bilik, bacarıq və kompetensiyası yetərli olmayan müəllimlərin auditoriyalara buraxılmasının gələcəkdə ağır fəsadlar verəcəyinə diqqət çəkilib.

 


Prosesi dəyərləndirən Təhsil eksperti Kamran Əsədov da AzEdu.az-a açıqlamasında qeyd edib ki, əmək məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən, Elm və Təhsil Nazirliyi müəllimləri sertifikasiyadan keçirməklə onların bilik və bacarıqlarını yoxlamalıdır
:

 

 

“Onların peşələri ilə bağlı bilik və bacarıqları yoxdursa və ya minumum həddi keçə bilməyəcək dərəcədə zəifdirsə, həmin şəxslərlə bağlanmış müqaviləyə xitam verilməlidir. Amma bu, müəssisənin daxili məsələsidir. Ola bilər ki, həmin müəllimlər uzun illər ərzində zəif bilik və bacarıqla dərs aparıblar. Təbii ki, bilik və bacarıqları yoxlanıldıqdan sonra, potensialları yetərli deyilsə, işdən azad edilməlidirlər. Bundan başqa, onların arasında diplomu dövlət nümunəli olmayan kifayət qədər müəllim mövcuddur.

 

 

Onların yaş kateqoriyası, işə qəbul prosesi, diplomlarına baxılmalıdır. O müəllimlərin hansı ali təhsil müəssisələrini bitirmələrinə diqqət edilməlidir. Onları məktəblər necə cəlb ediblər? Bunlar aydınlaşmalıdır.

 

Orta məkəblərimizdə 140 min müəllim çalışır. Azərbaycan dili və ədəbiyyat müəllimləri sırasında da imtahandan keçə bilməyənlər mövcuddur. Yalnız 2022-ci ildə 11200 müəllimdən 743-ü sertifikasiyadan kəsilib. Bunu bütün müəllim kontingentinə şamil etsək, ortada arzuolunmaz rəqəm alınacaq. Ümumilikdə sertifikasiya prosesini dəstəkləyirəm.

 

 

Biz bilik və bacarıqları minimumdan yuxarı olan müəllimlərlə yolumuza davam etməliyik. Sertifikasiya Azərbaycan təhsil sisteminin inkişafına yönəlmiş addımdır.

 

 

Birmənalı şəkildə qeyd edirəm ki, uşaqlar daha yüksək bilik və bacarığı olan müəllimlərlə işləməlidirlər. Müəllimlərin kompüterlə işləmək bacarığını da yoxlamaq lazımdır. Sertifikasiya faydalı və keyfiyyətlidir”.