Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-10 10:23:00
Yaşı 40-ı adlayan insanlar niyə magistratura oxumağa məcburdular? – Təlimçidən silkələyici səbəblər

“Magistratura imtahanlarında bütün tələbələr üçün bərabər şərait yaradılır və hamı eyni şərtlər daxilində imtahan verir. Lakin İnformatikadakı  sırf texnikiyönümlü suallar, günümüzdə daha çox istifadə olunan, gündəlik həyatda lazım olan proqramyönümlü suallarla əvəz olunsa, daha faydalı olar”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Rəşadət Şərifov deyib.

Rəşadət Şərifov Bakı Dövlət Universitetinin Fizika fakültəsində  Fizika və Astronomiya ixtisası üzrə bakalavr təhsili alıb. O, Təhsil Nazirliyinin əmri ilə Bərk Cisimlər Fizikası ixtisasından fəlsəfə doktoru proqramı üzrə doktorantura pilləsinə qəbul edilib. Hazırda doktorantura pilləsində təhsilini və Nanoölçülü sistemlərin optik xassələrinin öyrənilməsi istiqamətində elmi araşdırmalarını davam etdirir. R.Şərifov, həmçinin, “Magistr Ol” Tədris Mərkəzinin təsisçisidir.

Ali təhsil cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla yüksək ixtisaslı mütəxəssis hazırlığını təmin edir. Azərbaycan Respublikasının ali təhsil müəssisələrində mütəxəssis hazırlığı üç pilləlidir:

Birinci pillə – bakalavr;
İkinci pillə – magistratura;
Üçüncü pillə – doktorantura.

Rəşadət Şərifovun sözlərinə görə, Azərbaycanda magistratura təhsili almaq günü-gündən daha aktual hesab olunur. Buna səbəb kimi isə, artıq bir çox şirkət və müəssisələrdə işçilərdən magistr təhsilinin tələb olunmasıdır:

“Həmçinin, işə qəbul üçün müraciət edənlərin qarşısına da magistr təhsili vacib tələb kimi qoyulur. Elə bunun bariz nümunəsidir ki, magistr olmaq üçün bizə müraciət edənlərin arasında builki məzunlarla yanaşı, əvvəlki illərin məzunları, hətta, 40 yaş üzəri olan şəxslər də var. Təhsilini davam etdirmək, universitetlərdə qalıb müəllim kimi işləmək (pedaqoji fəaliyyətlə məşğul olmaq) istəyənlər üçün də magistr təhsili vacibdir. Bütün bunlar onu göstərir ki, magistr təhsili almaq əvvəlki illərlə müqayisədə daha vacibdir. Elə burda qeyd etmək yerinə düşür: "nə vaxt tərpənirsən?" (nə vaxt ailə həyatı qurursan?) sualına  da - "hələ oxuyuram",- deyə cavab vermək üçün magistr oxumaq istəyənlər də var”.

“Yaş məsələsi insandan-insana dəyişir…”

Pedaqoq qeyd edir ki, magistraturaya hazırlaşan bəzi yaşlılar gənclərdən daha həvəsli olur:

“Bəziləri isə uzun müddət təhsildən uzaq qaldığı üçün öyrəşməkləri bir az zaman alır. Ancaq buna baxmayaraq, müəllimlərin gərgin səyi nəticəsində bütün geriləmələr aradan qaldırılır.

Universitetlərdə magistratura proqramındakı yeniliklər içərisində ən əhəmiyyətlisi MBA təhsildir”.

Burada bir haşiyəyə çıxaq: MBA postdiplom təhsil proqramıdır. Bu proqram orta və yuxarı dərəcəli menecerlərin hazırlanmasına yönəldilib. Ümumi olaraq,  təhsil müddəti ortalama 2-3 il olur. Azərbaycanda MBA təhsili verən universitetlər: UNEC, ADNSU, BANM, ATU, ADA, Qərb Universiteti, Xəzər Universiteti, BMU, Aqrar Universitet, Azərbaycan Universiteti, Odlar Yurdu Universiteti, Bakı Biznes Universiteti.

“Burada xaricdən müəllimlər dəvət olunur, beynəlxalq təcrübə öyrənilir və xarici universitetlərlə əlaqə yaradılır. Hələlik bu sahəyə çox da diqqət ayrılmasa da, inanıram ki, bu yaxın gələcəkdə belə olmayacaq. Hətta, ümid edirəm ki, ən qısa zamanda Azərbaycanda distant təhsil də inkişaf etdiriləcək. MBA-nın ən böyük perspektivi bakalavrı xoşlamadağı ixtisasda oxumağa məhkum olmuş tələbələrə yeni və fərqli bir ixtisas qazandırmaqdır”.