Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-04 13:05:00
Şagirdlərə təzyiq!- imtahan stereotipi qırılsın!     

Məlum olduğun kimi, avqustun 30 -da Dövlət İmtahan Mərkəzi ali məktəblərə ixtisas seçimi mərhələsinin nəticələrini açıqlayıb.


DİM-dən verilən məlumata görə, bu il ali məktəblərə 55 min 907 plan yeri ayrılıb. Ümumilikdə 70301 abituriyent və subbakalavr ixtisas seçim təsdiqində iştirak edir ki, onlardan da 17504 nəfər müsabiqəyə çıxarılan faktiki plan yerindən kənarda qalır.

 

Ali məktəbə qəbul oluna bilməyən əksər abituriyentdə məyusluq hissi, depressiya və hətta bəzən intihar hallarına qədər aparıb çıxaran psixoloji dəyişikliklər baş verir.

 

Bəs şagirdlərdə bu kimi halların qarşısının alınması üçün nələr edilməlidir?

 

Abşeron rayonu Xırdalan şəhər 1 nömrəli məktəbin psixoloqu Ülviyyə Hüseynli ali məktəblərə qəbul ola bilməyən abituriyentlərin psixoloji vəziyyətindən AzEdu.az-a danışarkən bildirib ki, imtahanda özünü doğrulda bilməyən şagirdlərin şüuraltında yatan qorxularının səbəbi valideynləri və müəllimləridir:

 

“İmtahan stressi, bunun gətirib çıxardığı nəticələr və mövzu ilə bağlı maarifləndirmə günümüzün ən aktual məsələlərindəndir. Öncə, “imtahan nədir?” sualına cavab verək. İmtahan müəyyən müddət ərzində topladığımız biliklərin sınaqdan keçməsidir. Bu zaman bizim sadəcə biliklərimiz yox, həm də psixoloji sağlamlığımız da imtahana məruz qalır. Bir çox abituriyent imtahandan öncə, imtahan zamanı və ya sonra çox qorxu, həyəcan və stress keçirir.

 

İmtahanda özünü doğrulda bilməyən şagirdlərin şüuraltında yatan qorxularının səbəbi valideynləri, müəllimləri və ətrafdan görəcəkləri reaksiyalardır. Bəzən şagirdlər ali məktəbə qəbul oluna bilmədikləri üçün valideynlərinin onlara əsəbi olduğunu düşünürlər. Bundan sonra da valideynlərindən və ətrafdan uzaqlaşmağa, özlərinə qapanmağa başlayırlar. Beləliklə psixoloji problemlər üçün zəmin yaranır”.

 

Psixoloq qeyd edib ki, bəzən sırf həyəcan səbəbindən aşağı nəticə göstərən abituriyentlərə də rast gəlinir:


“Bəzən 300 ballıq potensialı olan uşaqdan 600 bal nəticə göstərməsi tələb olunur. Gözləntisi qarşılanmayanda isə övladına psixoloji və hətta fiziki təzyiq göstərməyə başlayırlar. Şagird imtahan zamanı ailəsi qarşısında olan gözləntiləri xatırladıqca fikrini toplamaqda çətinlik çəkir. Bəzən potensialı yüksək olan abituriyentlər belə həyəcan problemləri səbəbindən aşağı nəticə əldə edirlər. Belə olan halda da ailəsindən görəcəyi təzyiqdən qorxub evə getmir, özünə xəsarət yetirir və ən əsası intihara cəhd edirlər.


Ümumiyyətlə, imtahan bizim cəmiyyətdə bir az stereotipləşmiş bir anlayışdır. İmtahan deyəndə əksər insanın ağlına sadəcə qorxu gəlir. Bunun da əsas səbəbi şagirdin ailəsindən və müəllimlərindən gördüyü psixoloji təzyiqdir. İmtahan zamanı müəyyən qədər həyəcanın olması normaldır, lakin bu həddini aşarsa, artıq fiziki olaraq da təsirlərini göstərməyə başlayır. Burada dəri problemləri, saç tökülməsi, ağız ətrafı, dodaq nayihəsində yaraların əmələ gəlməsi, baş və mədə ağrısı, ürəkbulanma, hədsiz dərəcədə tərləmə, əllərin titrəməsi və göz qaralması kimi təsirləri misal çəkə bilərik”.

 

Ü.Hüseynli vurğulayıb ki, bu kimi halların qarşısının alınması üçün mütləq valideynlər və şagirdlərlə maarifləndirici söhbətlər aparılmalıdır:

 

“Ümumiyyətlə, şagirdlər və valideynləri mütləq şəkildə imtahan, imtahan stressi, imtahandan sonra baş verə biləcək hallarla bağlı psixoloji sferada maarifləndirilməlidir. Bu kimi halların yaşanmaması üçün 9 və 10 siniflərdə şagird və valideynlərlə maarifləndirici söhbətlər aparılmalıdır. Bu mövzuda valideynlərin ildə heç olmasa 2 dəfə maarifləndirilməsi vacibdir. Çünki valideynlərin əksəriyyəti keçid yaş dövründəki övladları ilə necə davranmalı olduqları barədə məlumatsızdır. Şagird də həmin ərəfələrdə daim psixoloqdan kömək ala biləcəyinin fərqində omalıdır”.

 

Psixoloq belə vəziyyətlərdə əsas işin valideynə düşdüyünü də diqqətə çatdırıb:


“Həmin ərəfələrdə evdə gülüş, pozitivlik, yüksək ruhlu davranışların daim olması çox vacibdir. Valideynlər uşağın rahatlığını təmin etməli, stresslə mübarizə aparması üçün kömək etməlidirlər. Bu mövzuda məsuliyyətin 70 faizi valideynin üzərinə düşür. Həmin dövrdə valideynin uşağına göstərəcəyi ən xırda pozitiv, motivasiya davranışlar uşaqda əhvalının yüksəlməsinə kömək edə bilir. Bununla da şagirddə depressiya riski azalır.


Şagirdə həyatın bir imtahandan asılı olmadığını, yenidən bu prosesdə iştirak etmək şansı olduğu, ən əsas da bu mövzuda tək olmadığı izah olunmalıdır. Burada ən əsas iş valideynə düşür. Çünki şagird vaxtının ən əsas hissəsini evdə keçirir və valideyndən gələ biləcək davranışlar ona daha çox təsir edir. Valideynlərin mənfi təsir göstərmələri uşaqlarda özgüvən əskikliyi, özünəqapanma, hətta intihar hallarınna gətirib çıxara bilər”.

 

Ü.Hüseynli son olaraq ali məktəbə qəbul olmayan abituriyentlər üçün tövsiyələr verib:

 

“İmtahanda kifayət bal toplaya bilməyən və ya ixtisas seçimi uğursuz olan abituriyentlərin etməli olduğu ilk iş sosial mediadan uzaq durmaqdır.

 

Çünki universitet və tələbələr haqqında olan paylaşımlar sözügedən abituriyentlərdə məyusluq hissinin artmasına səbəb ola bilir. Maarifləndirilmiş valideynlərlə səmərəli, əylənəcli vaxt keçirmək həmin şagirdlər üçün daha faydalı olacaqdır. Xüsusən də bədənindəki stressdən azad olmaq üçün meditasiya, idman edə, sevdiyi məşğuliyyətlərlə məşğul ola bilər. Sınayacaqları yeni hobbilər bəlkə də onların gələcək karyerası olacaq.


Yeniyetmələr əsas öz potensiallarının fərqində olmalıdır. Əgər yenidən imtahana hazırlaşırlarsa, bu məsələni nəzərə almalıdırlar. Məsələn, bir şagirdin potensialı 300 bal toplamaq gücündədirsə, bunu qəbullanmalıdır. Təbii ki, daha yaxşı nəticə əldə etmək üçün çalışmalıdırlar, amma qəbullanmaq az bal toplayanda yaranacaq məyusluq hissinin azalmasına kömək edəcəkdir. “Ən azından sınadım” deyə bilməlidirlər. Şagird bunu özlüyündə həll etməlidir. Əgər bu prosesdə çətinlik yaşayarsa, psixoloqa müraciət etməkdən çəkinməməlidir.


Fikrimcə, şagirdlərdə məktəb psixoloqunun əlaqə nömrəsi olmalıdır. Məktəbi bitirən şagirdlər imtahandan sonra belə məktəb psixoloqu ilə əlaqə saxlayıb danışa bilməlidir, bunun sayəsində pulsuz konsultasiyalar alıb maariflənə bilərlər. Bununla yanaşı, şagird fərdi inkişafına diqqət etməlidir”.