Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-31 17:09:00
"Keçid ballarının aşağı düşməsi problemlər yarada bilər" - Ekpertdən FAKT

Xəbər verdiyimiz kimi, dünən ali təhsil müəssisələrinə ixtisas seçimin nəticələri elan olundu.

 

Nəticələrə əsasən, 51 min 941 nəfər tələbə adını qazandı.

 

Müşahidələr onu göstərir ki, bu il ali təhsil müəssisələrinə qəbul üzrə keçid balları xeyli aşağı düşüb. Hətta 150 balı keçən abituriyentlər belə dövlət sifarişli ixtisaslara qəbul olunublar.

 

Bəs əsasən hansı ixtisas və universitetlərdə keçid balları aşağı düşüb?

 

Mövzuyla bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, bu il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanları kifayət qədər əvvəlki illərdən fərqlənirdi:

 

“l ixtisas qrupunda altqrupların yaradılması, həmçinin, informatika fənninin əlavə fənn kimi daxil edilməsi bu ixtisas qrupuna öz təsirini birmənalı şəkildə göstərdi. Belə ki, əvvəlki illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində proseslərin avtomatlaşdırılması ixtisası (tədris ingilis dilində) üzrə keçid balı 600 balın üzərində idisə, məhz bu dəyişiklikdən sonra  həmin ixtisasın keçid balı 200-ə düşdü. l ixtisas qrupunda 18 min plan yerinin 13 mini dövlət sifarişli idi. Dövlət sifarişli plan yerlərinin kəskin şəkildə artması ilə 200 bal toplayan abituriyentlər də ali məktəblərə pulsuz qəbul oluna bildilər”.

 

 

Ekspert qeyd edib ki, 170 bal toplayan abituriyentlər də dövlət sifarişli təhsil alma hüququ qazanıb:

 

"Bu il l ixtisas qrupu üzrə Gəncə Dövlət Universiteti ilə Lənkəran Dövlət Universitetlərinə 170 balla ödənişsiz ixtisaslara qəbul olunanlar da var idi. Təbii ki, bu aşağı göstəricidir. Amma bu təhsilin əlçatanlığının göstəricisidir. Hətta V ixtisas qrupunda da 150 bal ilə ali məktəblərə qəbul olunanlar oldu. Xüsusən abituriyentlər Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinə 200 bal ilə ödənişsiz ixtisaslara qəbul oluna bildilər".

 

 

K.Əsədov onu da vurğulayıb ki, keçid ballarının bu qədər aşağı düşməsi gələcəkdə müəyyən problemlər yarada bilər:

 

"l ixtisas qrupunda keçid balları olduqca aşağı düşdü. Təbii ki, bu gələcək üçün müəyyən problemlər yaradacaq. Yəni, biz aşağı bal ilə strateji ixtisaslara mütəxəssis qəbulunu həyata keçirdik. Ümumilikdə yüksək bal toplayanların çoxu Bakı Ali Neft Məktəbi, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetini seçmişdilər.

 

Bu il ali təhsil ocaqlarına 50 mindən çox abituriyent qəbul olunub. Bu fantastik göstəricidir. Azərbaycanda ali təhsilli vətəndaşların sayının artaması istiqamətində bu yaxşı bir addımdır. Amma burada ali təhsil müəssisələrinin üzərinə böyük yük düşür"- deyə o, fikirlərini tamamladı.