Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-30 11:24:00
Danışır “İstedad”: “Yaşıl enerji layihələrində iştirak etmək əsas arzumdur”

AzEdu.az olaraq, “İstedad” rubrikamızı davam etdiririk.

 

 

Növbəti müsahibimiz Bakı Ali Neft Məktəbinin (BANM) məzunu Elman Hüseynovdur.

 

 

O, Böyük Britaniyada Cənubi Kunsinqtonda yerləşən dünyanın ən nüfuzlu ali təhsil ocaqlarından biri hesab olunan London İmperial Kollecində təhsil alacaq.

 

 

Müsahibəni təqdim edirik:

 

 

- Öncə özünüz haqqında məlumat verərdiniz ?

 

 

- 14 fevral 2001-ci il tarixində Bakı şəhərində doğulmuşam. Orta məktəb təhsilimi “Zəngi” liseyində almışam. 2018-ci ildə 682 balla Bakı Ali Neft Məktəbinin Neft-qaz Mühəndisliyi fakültəsinə qəbul olunmuşam. Bakalavr təhsilimi (ÜOMG) 88.26 balla bitirmişəm və buraxılış işim “The Role of Carbon Capture and Storage in Sustainable Energy Transition” (“Dayanıqlı Enerji Keçidində Karbon Tutma və Saxlamanın Rolu”) mövzusunda olub. Nəhayət, 2023-cü ildə “Imperial College London” universitetinin “MRes Green Chemistry: Energy and the Environment” (“Yaşıl Kimya: Enerji və Ətraf Mühit) ixtisasına qəbul olunmuşam və sentyabr ayından “2022-2026 Dövlət Proqramı” dəstəyi ilə burada təhsil alacağam.

 

 

- “İmperial College London”a qəbul olduğunuzu biləndə özünüzün və ailənizin ilk təəssüratı necə oldu?

 

 

- “Imperial College London”-un araşdırma imkanları, innovativ laboratoriyaları, professor-müəllim heyəti məni ən çox cəzb edən tərəflər idi. Buraya qəbul olmaq xəbərim həm mənim, həm də ailəmin böyük sevincinə səbəb olub.

 

 

 - Hər kəsin gələcəklə bağlı müxtəlif xəyalları, məqsədləri olur.  Sizin hədəfiniz nədir?

 

- Mənim başlıca məqsədlərim Azərbaycanın dayanıqlı enerji keçidinə bacardığım qədər töhfə vermək və kifayət qədər ixtisaslaşdıqdan sonra öz biliklərimi Azərbaycanda yerləşən ali təhsil müəssisələrindəki tələbələrlə bölüşməkdir. Dövlət Proqramı vasitəsilə alacağım təhsilin bu məqsədləri reallaşdırmaqda mənə xüsusi köməyi olacağına inanıram.

 

 

- Özünüzü necə xarakterizə edərdiniz?

 

 

- Özümü təsvir etmək üçün çalışqan yox, maraqlanan sözündən istifadə edərdim. Baxmayaraq ki, cavabını bilmədiyim sualların sayı daim artır, marağımı çəkən mövzuda suallara cavab axtarmağı çətinlik yox, sevimli iş hesab edirəm.

 

 

- Universitet illəri üçün darıxacaqsız?

 

 

 - Bəli, darıxacağımı düşünürəm. Magistratura pilləsinə qəbul olmağımda Bakı Ali Neft Məktəbindəki sevimli müəllimlərim, tələbə yoldaşlarım və öz dəstəyini əsirgəməyən idarəetmə heyətinin köməyi əvəzsiz idi.

 

 

 - Böyük Britaniyada işləməyi düşünürsüz, yoxsa dərslərinizə fokuslanacaqsız?

 

 

- Prioritetim təhsildir, ancaq qəbul olunduğum ixtisasın tədqiqat əsaslı olduğunu nəzərə alsaq, həm işləyib, həm də araşdırma aparmaq imkanlarını dəyərləndirə bilərəm.

 

 

 - Bəs maddi baxımdan sizə kim dəstək verəcək?

 

- Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilmiş “2022-2026 Dövlət Proqramı”- nın mənə və digər qaliblərə ayırdığı tam təqaüd dəstəyi.

 

 

- Təhsilinizi bitirdikdən sonra iş həyatınızla bağlı planlarınız nələrdir?

 

 

 - Azərbaycanın dayanıqlı enerji keçidində iştirak etmək istəyirəm. Xüsusilə, Qarabağda həyata keçirilməyi planlaşdırılan yaşıl enerji layihələrində iştirak etmək əsas arzularımdan biridir.

 

 

- İxtisasınız üzrə hansı yeniliklərə imza atmağı qərarlaşdırmısınız?

 

- İqlim dəyişikliyi ilə mübarizədə enerji sahəsində Azərbaycan üçün həm ekoloji, həm də iqtisadi cəhətdən sərfəli olacaq yeniliyə imza atacağıma inanıram.

 

 

- Sizin kimi bir çox gəncin xaricdə təhsil almaq istədiyini nəzərə alsaq, onlara nə kimi tövsiyələr verərdiniz ?

 

 

- Özümdən nümunə gətirməli olsam, həvəsdən düşmədən maraqlarının ardınca getməyi təklif edə bilərəm.