Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-09 14:48:00
Basketbolçulardan ibarət komandalar arasında “Təhsil Liqaları”na start verilib

Təhsil Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin İdman Kompleksində 2018-2019-cu il mövsümü üzrə “Təhsil Liqaları”na start verilib.

AzEdu.az xəbər verir ki, 13 yaşadək (U-13) və 15 yaşadək (U-15) basketbolçulardan ibarət komandalar arasında keçirilən “Təhsil Liqaları”nın məqsədi yaş qrupları üzrə perspektivli basketbolçuların aşkar edilməsi, onların oyun təcrübəsinin artırılması və yığma komandaların müəyyənləşdirilməsindən ibarətdir.

Qeyd edək ki, hər iki yaş qrupu üzrə liqalarda idman məktəblərinin, müxtəlif idman təşkilatlarının 24 komandası mübarizə aparır.

İki dövrədən ibarət olan liqaların oyunları 2019-ci il iyun ayında başa çatacaq.

Mövsümün sonunda liqalar üzrə I, II və III yeri tutan komandalar diplom, kubok, medallarla mükafatlandırılacaq, müxtəlif nominasiyalar üzrə seçiləcək basketbolçular xüsusi mükafatlarla təltif olunacaqlar.