Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-26 08:46:00
Mehriban xanım təhsilin inkişafına böyük həssaslıqla yanaşır – Uğurlu layihələr...

 

 

  Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür. 

 

1964-cü ilin bu günündə - 26 avqust tarixində ziyalı ailəsində dünyaya göz açan Mehriban xanım Əliyeva yazıçı, ədəbiyyatşünas, Azərbaycanın Əməkdar Elm Xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin və görkəmli jurnalist, pedaqoq, Əməkdar elm xadimi Nəsir İmanquluyevin nəvəsidir.

 

Atası Arif Paşayev Azərbaycanın görkəmli alimi, pedaqoqu, ictimai xadim, Milli Elmlər Akademiyasının akademiki, Dövlət mükafatı laureatı, fizika-riyaziyyat elmləri doktoru, professordur. 1996-cı ildən indiyədək "Azərbaycan Hava Yolları" Dövlət Konserni Milli Aviasiya Akademiyasının rektorudur. Anası Aida İmanquliyeva şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru, professordur. Aida İmanquliyeva Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk professor – qadındır. Aida xanım İmanquliyeva 1992-ci il 19 sentyabrda vəfat edib. Heç kimə sirr deyil ki, Mehriban xanım Əliyevanın belə bir intellektual ailənin mədəniyyət, elm və təhsil sügəcindən keçməsi onun həyat və yaradıcılığına, iş fəaliyyətinə müsbət töhfələr verib.  Əlbəttə,   Mehriban xanım Əliyevanın fəaliyyəti çoxşaxəlidir. O, fəal ictimai-siyasi xadim kimi, Azərbaycanın inkişafına, dünyada təbliğinə dəstək verir, sosial, humanitar, elm və təhsil sahələrində böyük işlər görür.

 

 

 

 

 

 

Ölkəmizin birinci xanımını doğum günü münasibətilə təbrik edən millət vəkili Tamam Cəfərova AzEdu.az-a açıqlamasında  Mehriban Əliyevanın Birinci vitse-prezident kimi ilk çıxışından sitat gətirib:

 

 

“Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar. Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam”.

    Azərbaycan qadını həm ailənin, həm də cəmiyyətin bərabərhüquqlu üzvü olmaqla, ölkəmizin qazandığı çoxsaylı uğurlarda  xüsusi yer tutur. Milli dövlətçilik anlayışının keşiyində duran qadınlarımız həmişə dövlətçiliyə, milli məfkurəyə bağlı olub, onun üçün mübarizə aparıblar. Prezident İlham Əliyevin sözləri ilə desək,  “tariximizin hər bir dövründə qadınlarımız cəmiyyətin sarsılmaz mənəvi dayağı olmuş, ölkəmizin bugünkü simasının müəyyənləşməsi üçün böyük fədakarlıqlar göstərmişlər”. Bu gün də qadınlarımız dövlət quruculuğunda iştirak etmək ənənəsini, missiyasını çox uğurla daşıyırlar. Bunun ən bariz nümunəsi Birinci vitse-prezident Mehriban xanım Əliyevadır. Zəngin fəaliyyəti ilə təkcə ölkəmizdə deyil, bütün dünyada yüksək nüfuz və hörmət qazanan Mehriban xanım həm vətəndaş, həm şəxsiyyət kimi Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayır, ölkənin inkişafına öz layiqli töhfələrini verir”.  

Xanım parlamentarinin sözlərinə görə, Mehriban xanımın ictimai-siyasi fəaliyyəti o qədər zəngin və parlaqdır ki, onu bütün incəliklərinə qədər təsvir etmək, sadalamaq, xatırlamaq qeyri mümkündür:

 

“ Bu mənada Mehriban xanımın gənc və müstəqil dövlətimizin möhkəmlənməsi yolunda apardığı ideoloji mübarizəsinə, ümumən gördüyü işlərin miqyasına  nəzər yetirəndə bu xidmətin həcmini təsəvvür etmək, ölkənin və xalqın həyatında yeniliklərlə müşayiət olunan inkişafını görmək, duymaq elə də çətin deyil.

Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq Birinci vitse-prezident Mehriban Əliyevanın sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində böyük əməyi vardır. Müasir Azərbaycanın quruculuğunda bu tandem mühüm əhəmiyyət kəsb edir. Mehriban xanımın təşəbbüsü ilə həyata keçirilən tədbirlər təkcə Azərbaycanla məhdudlaşmır, eyni zamanda sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual məsələləri də əhatə edir. Bütün bu qeyd edilən məsələlərə əsasən deyə bilərik ki, bu gün Mehriban xanım Əliyevanın Azərbaycanı dünyada mədəniyyət carçısı, sivilizasiyalararası dialoq, mültikulturalizm və tolerantlıq məkanı kimi təqdim etməsi Prezident İlham Əliyevin müzəffər lider portretini uğurla tamamlayır.

Mehriban xanım hər şeydən öncə, müasir dövr üçün Azərbaycan qadınının ali özünütəqdimi, ideal obrazıdır. Bütün üstün keyfiyyətləri ilə Mehriban Əliyeva  bugünkü sosial, siyasi, humanitar dünya üçün kamil qadın nümunəsi, bəşəri mərhəmət, alicənablıq və xeyirxahlıq rəmzidir.

Azərbaycanda elə bir sahə tapılmaz ki, orada Mehriban Əliyevanın xoşniyyətli imzası olmasın. Dünyada da onun xeyriyyə əməlləri geniş əks-səda doğurub. Mehriban xanım Heydər Əliyev Fondunun rəhbəri olaraq sosial-mədəni sahələrdə xeyirxah layihələrin təşəbbüskarı və təşkilatçısı kimi ümumxalq rəğbəti qazanıb. Fondun maarif, mədəniyyət, səhiyyə sahəsində həyata keçirdiyi mühüm layihələr problemlərin həllinə layiqli töhfə olub. Kimsəsizlərlə, aztəminatlı və şəhid ailələri, qazilərlə bağlı Mehriban xanımın davamlı fəaliyyəti onun ölkəmizdə mötəbər ümid qapısı kimi tanıdıb və sevdirib”.

 

T.Cəfərova diqqətə çatdırıb ki, Azərbaycanın birinci xanımının genişmiqyaslı proqram və layihələrinin sırasında təhsil sistemini təkmilləşdimək və onun dünya təhsil sisteminə inteqrasiyasını təmin etmək hədəfi xüsusi yer tutur:

 

“Heydər Əliyev Fondunun layihələri çərçivəsində minlərlə məktəb, uşaq bağçası və ixtisaslaşdırılmış uşaq məktəbləri tikilmiş və təmir olunmuş, yüksək standartlar səviyyəsində təchiz olunmuşdur. Mehriban xanım Əliyeva rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə təhsillə bağlı bir çox önəmli layihə və proqramlara start verilib. Onların arasında “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı xüsusi qeyd edilməlidir. Məhz bu proqramın başlanması nəticəsində ölkəmizdə üç mindən çox məktəb əsaslı təmir olunub və ya yenidən tikilib.  Təhsili dövlətin strateji və prioritet sahəsi kimi dəyərləndirən hörmətli Mehriban xanım Əliyeva “yeniləşən Azərbaycana yeni məktəb” layihəsi haqqında deyib: “Biz o zaman orta məktəblərdə olan problemləri cəmiyyətimizin diqqətinə çatdırdıq və qısa bir zamanda vətəndaş cəmiyyətinin müxtəlif strukturları, özəl sektor, iş adamları bu proqramı dəstəkləməyə başladılar”.

Azərbaycanda təhsilin inkişafına böyük həssaslıqla yanaşan Mehriban xanımın təşəbbüsü ilə Fond bütün ölkə ərazisində “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı ilə yanaşı, “İnternat məktəblərinin inkişaf proqramı”, “Təhsilə dəstək” kimi proqramların icrasını da həyata keçirərək dövlət təhsil siyasətinin reallaşmasında müstəsna əhəmiyyətə malik işlər görüb. “Yeniləşən Azərbaycana yeni məktəb!” Proqramı və “Təhsilə dəstək” layihəsi təhsil sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi və onun məzmununun zənginləşdirilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. Birinci proqram çərçivəsində ölkəmizdə 100 mindən çox şagirdin təhsil aldığı 500-dək məktəb əsaslı təmir olunmuş və ya yenidən tikilib.  Ümumillikdə, bu layihələr həyata keçiriləndən sonra hətta respublikamızın ən ucqar regionlarında da hər cür ləvazimatla təchiz olunmuş, müasir tələblərə cavab verən məktəblər tikilib istifadəyə verilib, təhsilin bütün ölkə ərazisində əlçatanlığı təmin edilib. Təkcə 2020-2021-ci tədris ilində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkəmizdə, o cümlədən Bakı, Gəncə və Mingəçevir şəhərlərində, eləcə də müxtəlif rayonlarda 62 təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq istifadəyə verilib. Müasir tipli məktəblərin inşası, tədris prosesində normal şəraitin yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması son illər ərzində Azərbaycan təhsilinin beynəlxalq təhsil məkanına inteqrasiyasını gücləndirib və beynəlxalq fənn olimpiadalarında Azərbaycan məktəblisinin uğurlarının əsas təminatçısı olub.

Heydər Əliyev Fondu hər il “Təhsilə dəstək” layihəsi çərçivəsində Qarabağ müharibəsi nəticəsində daimi yaşayış yerlərini tərk etmiş keçmiş qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə çanta və məktəb ləvazimatı hədiyyə edir. Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrindəki məktəblərə, həmçinin Azərbaycanın Qax, Zaqatala və Balakən rayonlarında tədrisin gürcü dilində aparıldığı məktəblərə də mütəmadi olaraq yeni dərslik və tədris ləvazimatları göndərilir.

Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən “Təhsilə dəstək” layihəsi ölkə miqyasından çıxaraq, beynəlxalq humanitar təşəbbüsə çevrilib. Belə ki, layihə çərçivəsində ölkəmizdə həyata keçirilən tədbirlərlə yanaşı, xarici ölkələrdə - Gürcüstan, Misir, Rumıniya, Rusiya Federasiyası, Pakistan və Hollandiyada bir sıra məktəblər yenidən qurulmuş və əsaslı təmir olunub. Pakistanın Müzəffərabad şəhəri Rara ərazisində zəlzələ nəticəsində dağılmış təhsil ocağının əvəzində yeni orta məktəb binasının, Gürcüstanın Dmanisi rayonunda yeni kompüter tədris mərkəzinin, Gürcüstanın Bolnisi rayonunun Həsən Xocalı və Cəfərli kəndlərində yeni məktəb binalarının inşası, Gürcüstanın Marneuli şəhərindəki Azərbaycan ümumtəhsil məktəbinin, Tiflisdəki M.F.Axundzadə adına orta məktəbin, Qardabanidəki Azərbaycan məktəbi və Dmanisidəki Azərbaycan beynəlxalq orta məktəbinin, Rusiya Federasiyasının Ulyanovsk şəhərindəki orta ümumtəhsil məktəbinin binasının əsaslı təmir edilməsi belə layihələrdəndir. Bu istiqamətdə görülən işlər Mehriban xanım Əliyevanın xeyirxah və tərəqqipərvər missiyasının bütün dünya insanlarına faydalı olmaq məqsədi daşıdığını göstərir və dünya insanının savadlanmasına xidmət edir. Həmçinin, hörmətli Mehriban xanımın dəstəyi ilə Hollandiyada, Gürcüstanda, Misirdə, Rusiyada və Rumıniyada məktəblər tikilmiş və ya əsaslı təmir edilib.

Ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu “Uşaq evləri və internat məktəblərinə dəstək” layihəsinə start verib. Bu layihə çərçivəsində ölkəmizdə 40-a yaxın uşaq evi və internat məktəbi ən müasir standartlara uyğun olaraq təmir edilib. Bu layihənin icrası ölkəmizdəki özəl sektor ilə sıx işbirliyi hesabına reallaşıb.

Bundan başqa, 2014-cü ildə hörmətli Mehriban xanımın təşəbbüsü ilə Heydər Əliyev Fondu növbəti böyük bir layihəyə – “Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı”nın icrasına başlayıb. Bu layihənin xüsusi aktuallığından bəhs edərkən Mehriban xanımın istinad etdiyi arqumentlər kifayət qədər əsaslıdır: “Bu gün bu sahəyə diqqətimiz artmalıdır. Ölkəmizdə uşaq bağçalarının tikintisinə çox böyük ehtiyac vardır. Uşaqlar, demək olar ki, günün yarısını bağçada keçirirlər. Bu təhsil ocaqlarında olan şərait, orada uşaqlarımızın aldıqları tərbiyənin keyfiyyəti, hökm sürən ab-hava çox vacibdir. Uşaqların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması, məhz bu müəssisələrdə formalaşır. Belə olan halda, əlbəttə, biz təhsilin bu sektoruna daha böyük diqqətlə yanaşmalıyıq”, Fondun təşəbbüsü ilə ölkəmizdə yəhudi təhsil mərkəzi və fransız məktəbi yaradılıb.

Doğma Azərbaycanın ən böyük təəssübkeşi, xalqımızın xoşbəxt gələcəyi üçün fədakar çalışqanlığı ilə hər kəsin sevimlisinə çevrilən Mehriban xanım Əliyeva uşaqdan böyüyə qədər hamının qayğısına qalmaq, cəmiyyətimizdəki problemlərin həllinə öz qətiyyəti və cəsarəti ilə nail olmaq kimi çətin və şərəfli missiyanı uğurla daşıyır. Tam əminliklə deyə bilərik ki, bu gün Mehriban xanım, “Sizin Mehriban” imzası vətəndaş həmrəylinin bariz nümunəsinə, əsl mərhəmət və xeyriyyəçilik simvoluna çevrilib”.

 

Sonda parlament üzvü qeyd edib:

 

“Avqust ayının 26-sı Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür. Alicənablıq, insanpərvərlik, kübarlıq kimi ali insani dəyərlər, müdrik, cəsarətli, güclü, eyni zamanda, zərif  mərhəmətli, şəfqətli Mehriban xanımı təbrik edir, ona can sağlığı, ailə səadəti arzulayırıq”.