Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-25 10:32:00
Qarabağda hərbi məktəb tikilir? -  Ekspert: Təlim-tədris bazası formalaşdırılsın!  

44 günl Vətən savaşı başa çatdıqdan dərhal sonra işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işləri aparılır. Həmin ərazilərdə ümumi orta məktəblərin tikilməsinə başlanılıb. Bir sıra deputatlar, ictimaiyyət nümayəndələri və tanınmış jurnalistlər  azad olunan ərazilərdə orta məktəblərlə yanaşı, universitet və hərbi məktəblərin inşasına dair təkiflər irəli sürürlər.

 

Maraqlıdır, həmin ərazilərdə hərbi məktəblərin tikilməsi nə dərəcədə əhəmiyyətlidir və mümkündürmü?

 

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov bildirib ki, hazırda hərbi kadrların yetişdirilməsi üçün məktəblər var, başqa məktəblərin tikilməsinə ehtiyac yoxdur:

 

“Qarabağda ümumi orta məktəblərin tikilməsi ehtiyacdan, zərurətdən tikilib və  planlı şəkildə ərsəyə gətirilib. Orada hərbi məktəblərin yaradılması məsələsinə gəlsək, əlbəttə, Azərbaycanın hərbi sahəsində fəaliyyət göstərəcək potensiallı kadrlara ehtiyac var. Ancaq bunun üçün məktəblər mövcuddur və artığına ehtiyac yoxdur. Həmin məktəblərdə kadr hazırlığı və texniki bazada tədris yüksək səviyyədədir”.

 

Ş.Ramaldanov təklif edir ki, Qarabağda yaradılan hərbi hissələrin tərkibində əlavə təlim-tədris bazası formalaşdırılsın:

 

“Biri var peşəkar hərbçilər, biri də var ki, döyüş hazırlığı. Düşünürəm ki, ordu, hərbi xidmət daim bir məktəbdir. Ordunun tərkibində əlavə təlim-tədris bazasının, xüsusi trenajor zalların yaradılması bu baxımdan yararlı ola bilər. Ancaq əlavə bir məktəb formasında yaradılmasına ehtiyac duyulmur. Qarabağda hərbi hissələr yaradılsa və inkişaf etdirilsə, daha faydalı olardı. Əgər hərbi hissələr yaradılsa, təlim-tədris bazası onun tərkibində formalaşdırıla bilər”.