Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-09 14:19:00
Deputat Nobel Komitəsinin “ədalətsizliyindən” danışdı –“Məgər onlar müsəlman dünyasındakı bu elmi kəşfləri görmürlər?!”  

“İlin Nobel mükafatlarının hansısa nominasiyasında qaliblərin içində yenə də müsəlman və türk adlarına rast gəlmədik”.

Bunu Milli Məclisin deputatı Fazil Mustafa öz  sosial şəbəkə hesabında qeyd edib.

AzEdu.az-ın məlumatına görə, deputat bildirib ki,  Nobel Komitəsinin qərəzliliyi, islamafobiya və türkəfobiyası onsuz da dillər əzbəridir:

“Sonuncu dəfə səhv etmirəmsə, bizimkilərdən Əziz Sancara bu mükafatı vermişdilər. Onun da bəxti gətirib ki, öz tədqiqatlarını ABŞ laboratoriyalarının birində aparıb. Necə ola bilir ki, bu bədxahlar Əfqanıstanda yeni texnologiya ilə əkilən həşiş tarlalarını görmür?! Pakistanda yeni qurğularla partladılan məktəb və məscidləri görmür?!  Bizim arealda yeni çarpaz  zəncirləmə üsulu ilə başını yaranları görmür?!

XXI əsrdə hələ də İsrailin modern texnikasına qarşı yeni daş atma texnikasını tətbiq etmiş ərəbləri görmür?!

Türkiyədə və Azərbaycanda başını ziyarətgahların daşına sürtməklə “sağalan” insanların kəşf etdiyi yeni tibb metodunu görmür?!  Yüzlərlə belə uğurlu kəşflərimizi, əlbəttə görürlər, sadəcə görməzdən gəlirlər?!

Fizika üzrə Nobel mükafatını götürüb, 96 yaşlı qocaya verdilər. Halbuki, həmin xristian qoca bizdə əksəriyyəti parklarda 60-dan sonra vaxtını öldürən ağsaqqallarımızla nə domino, nə də nərd oynaya bilər!  İnanın ki, zərin üstünə qoyub o qocanı NASA-nın raketlərindən də böyük sürətlə havaya fırladarlar. Hərdən fikirləşirsən ki, biz niyə gül kimi hicri təqvimini qoyub, özünüzü soxuşdurmuşuq miladi təqvimə. Mütləq qayıtmalıyıq hicri təqvimə. Modern dünya ilə bu cür mənasız mübahisələr aparıb ümidsizləşməmək üçün hicri təqviminə qayıtmaqdan başqa çıxış yolumuz yoxdur.

Çünki özümüzü XXI əsrdə hər dəfə İlon Mask havaya raket fırladanda çox rahatsız hiss edirik. Bir də Nobel mükafatını paylayanda yadımıza düşür ki, biz türkük, biz müsəlmanıq və XXI əsrin dünyasında özümüzü sehirli xalatla gəlmiş xan kimi hiss edirik. Axı biz yaşamaq istəyirik. Bir canlı üçün hansı əsrdə yaşamanın fərqi varmı?”.