Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-23 13:39:49
Sığınacaqda “közərən gələcək”:  “Universitetə qəbul olunan uşaqlar var”

Cəmiyyətimizdə zorakılıqla qarşılaşan çoxlu sayda qadınlar var. Onlar müxtəlif səbəblərdən yaşayış yerlərini tərk etmək məcburiyyətində qalır və ölkədə fəaliyyət göstərən sığıacaqlara yerləşdirilirlər. Həmin şəxslərlə birgə övladları da sığınacaqda məskunlaşmalı olur. Bəs bu onların təhsilinə necə təsir göstərir? Sığınacaqlarda yaşayan uşaqların təhsil məsələləri necə tənzimlənir?

 

Suallarımıza cavab tapmaq məqsədilə  “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova ilə əlaqə saxladıq.

 

AzEdu.az-a açıqlama verən Birlik sədri qeyd etdi ki, sığınacağa uşaqlar gələn kimi ilkin olaraq, onların təhsil məsələsi ilə maraqlanır:

 

“Hazırda sığınacaqda 35 uşaq var. Bizdə dəyişkən kontingentdir. Uşaqları Sosial Xidmət Agentliyi qeydiyyata alır, daha sonra bizə yönləndirirlər. Əgər təhsili başqa yerdə alıb, zorakılıq nəticəsində yaşayış yerini dəyişmək məcburiyyətində qalan uşaqlar varsa, onların məktəbləri ilə əlaqə saxlayırıq. Bu məsələdə Bakı Şəhəri üzrə Təhsil İnstitutu çox yaxşı dəstək nümayiş etdirir. Bizim qarşılıqlı əməkdaşlığımız var. Hətta o sistem bağlı olduqda belə məktublarla müraciət edirik və onlar dərhal problemimizi həll edirlər. Dərs ilinin əvvəlində sistemə girə bilmiriksə və ya başqa bir problemimiz yaranırsa, mütləq bizim sosial işçimiz ora gedir və çətinliklərimizlə bağlı kömək edir”.

 

 

Müsahibimizin sözlərinə görə, rəhbərlik etdiyi Birlik təhsildən yayınmış uşaqların bərpası məsələsini də həll edir:

 Polis arvadının şöbəyə gəldiyini haradan bilib? - Mehriban Zeynalova

“2 il müddətində təhsildən yayınan uşaqlar vardı. Oların təhsilini yenidən bərpa etmişik”.

 

Sığınacaq bir uşağın digərlərindən fəqlənməməsi üçün onları lazım olan bütün məktəbli ləvazimatları ilə təmin edir:   

 

“Təhsil üçün vacib olan avadanlıqların alınmasında əhaliyə müraciət edirik. Bundan başqa Bakı Tekstil geyimlə bağlı əskikliklərimizi tamamlamaq üçün dəstək verir. Çantalar və digər məktəb ləvazimatları qaydasında olmalıdır. Sığınacaqdakı heç bir uşaq fərqlənməməlidir. Çox mükəmməl olur deyə bilmərəm, ancaq məktəb üçün lazımi bütün avadanlıqları, ləvazimatları, geyimləri təmin edirik”.

 

M.Zeynalova bütün bunlara paralel olaraq təhsilə stimullaşdırmanı da həyata keçirdiklərini vurğulayıb:

 

“Bununla bağlı həm psixoloq, həm sosial işçi, həm hüquqşünas işləyir. Əlavə olaraq, dərslərdən sonra onların məşğələləri ilə məşğul oluruq. O cümlədə, bir nəfər avtobus ayırır və uşaqlar məktəbə həmin maşınla gedib gəlir. Xüsusilə 3 nömrəli məktəbə təşəkkür etmək istəyirəm ki, sığınacaqda qalan uşaqlara qarşı hansısa fərqli münasibət sərgiləmirlər. Bəzi məktəblərdə sığınacaqda yaşayan uşaqlara qarşı fərqli münasibət sezirik. Ancaq bu məktəbdə həmin məsələlərə yer verilmir”.

 

Həmsöhbətimiz sığınacaqdakı uşaqların təhsil sahəsindək uğurlardan da söz açıb:

 

“5 qızımız BMT -nin təşkil etdiyi xüsusi kurslara gedəcək. Daha sonra Azərbaycan Uşaq Fondu inşa müsabiqəsi həyata keçirmişdi. Orada 25 uşaq iştirak etdi. Dost Xidmətinin inklüziv məşğələlərinə də qatılıb, orada da fərqlənirlər. Sığınacaqda qalan uşaqlardan imtahan nəticəsində kollecə və universitetə daxil olanlar var. Təhsil bizim prioritetimizdir, bu məsələyə çox diqqət yetiririk”.