Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-22 12:36:00
Danışır “İstedad”:  “Vətənə qayıdıb, təhsilimizi...” – Planı var!       

AzEdu.az olaraq, “İstedad” rubrikamızı davam etdiririk.

 

Növbəti müsahibimiz Azərbaycan Dillər Universitetinin (ADU) məzunu Aytən Orucludur.

 

O, təhsilinin magistratura pilləsini Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində Macarıstanın ELTE universitetində "Təhsil elmləri” ixtisası üzrə davam etdirəcək.

 

Bundan əlavə, A. Oruclu Azərbaycan Diplomatik Akademiyasına, İtaliyanın Sapienza, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Şeffild, Exeter, Macarıstanda Szeged universitetlərinə qəbul olunsa da, onun seçimi Macarıstanın ELTE universiteti olub.

 

Müsahibəni təqdim edirik:

 

 

- Özünüzü oxucularımıza təqdim edərdiniz...

 

- Mən Oruclu Aytən Qasım qızı 6 iyul 2002-ci ildə Beyləqan rayon Çəmənli kəndində anadan olmuşam. Elə həmin kənddə yerləşən Seymur Abbasov adına tam orta məktəbdə təhsil almışam. 2019-cu ildə isə, həmin məktəbi fərqlənmə attestatı ilə bitirib, III ixtisas qrupu üzrə 638 bal toplayaraq, Azərbaycan Dillər Universitetinin Təhsil 1 fakültəsi, "Xarici dil müəllimliyi (İngilis dili)" ixtisasına qəbul olunmuşam. Bakalavr dərəcəsini də fərqlənmə diplomu ilə bitirərək, təhsilimin magistratura pilləsini Hökumətlərarası Təqaüd Proqramının qalibi olaraq Macarıstanın ELTE universitetində "Təhsil Elmləri " ixtisası üzrə alacağam.

 

- Universitetdə təhsil aldığınız 4 il ərzində sizin üçün ən unudulmaz hansısa bir an, məqam yaşanıbmı?

 

- Ümumiyyətlə, universitet dövrlərində həm universitet daxilində, həm də xaricində sosial aktiv tələbə olmuşam. Müxtəlif klubların üzvü olaraq, tədbirlərdə, yarışmalarda iştirak etmişəm. Bu illər ərzində təbii ki, bir çox maraqlı hadisələr olub, lakin onlardan ən unudulmazı universitetlərarası intellektual yarışlarda iştirak edib, ADU-nu 3-cü yerə yüksəltməyimiz olub.  Deyərdim ki, həmin gün universitet dönəmində ən qürurlu və sevincli anım idi.

 

- Niyə magistraturanı Azərbaycanda oxumaq istəmədiniz?

 

- Ümumiyyətlə, 2-ci kursdan etibarən hər zaman xaricdə təhsili araşdırırdım, xaricdə yaşamağa, oradakı təhsil sistemi ilə yaxından tanış olmağa xüsusi marağım və məqsədim var idi. Ona görə, açığı, Azərbaycanda magistratura barədə çox da maraqlanmırdım. Burada da mənim diqqətimi təhsili və digər imkanları ilə çəkən ADA idi ki, oraya da müraciət edib, qəbulumu almışdım. Lakin başlıca məqsədim xaric idi deyə oranı seçmədim.

 

- Özünüzü inkişaf etdirmək üçün nələrsə edirsinizmi?

 Açıklama yok.

 

-  Asudə vaxtlarımda müxtəlif janrlarda, xüsusilə də elmi-fəlsəfi kitablar oxumağı çox xoşlayıram. Bundan əlavə, yumşaq (soft) və sərt (hard) bacarıqlarımı inkişaf etdirmək üçün, həm də mənim üçün hobbi halına gəldiyi üçün könüllülüklərdə, müxtəlif tədbirlərdə iştirak etməyə səy göstərirəm.

 

- Məlumdur ki, xaricdə təhsil almaq istəyən bir çox gəncimiz var. Sizcə, xaricdəki təhsilin üstünlükləri nələrdir?

 

 Açıklama yok.

- Düşünürəm ki, xaricdə təhsilin üstünlüyü məhz insanın öz dünya görüşünü inkişaf etdirməsidir. Çünki orada insan təkbaşına qalır və özünü tanımağa, inkişaf etdirməyə daha çox imkanı olur. Bundan əlavə, oradakı təhsil sistemi və bəzi strukturlar var ki, bizdəkindən xeyli fərqlənir və bu fərqlər bizi daha çox öyrədəcək və təhsilimizin inkişafı yönündə daha da təkmilləşdirəcək. Eyni zamanda, müxtəlif millətlərdən olan tələbələr, professorlarla tanış olmaq, onlardan da nəsə öyrənmək mənim üçün ən önəmli üstünlüklərindən biridir.

 

- Macarıstana tək gedəcəksiniz, yoxsa ailənizlə?

 

 - Tək gedəcəm.

 

- Bəs ailədən uzaqda qalmaq sizin üçün çətin olmayacaq?

 

- Bakıda da ailəmdən kənarda tək yaşadığımı nəzərə alsaq, bu, mənim üçün çox da çətin olmayacaq. Çünki ailəm və sevdiklərimdən uzaqda yaşamağa psixoloji olaraq çox öyrəşmişəm. Təbii ki, yeni ölkəyə, adət-ənənəsinə, qaydalarına uyğunlaşmaq mənim üçün bir az vaxt alacaq, amma bu proses çox da çətin, ağrılı keçməyəcək.

 

-Bildiyim qədəri ilə təqaüd alacaqsınız. Məbləğini deyə bilərsizmi?

 

- Bəli, təqaüdüm 83,700 forint olacaq. Azərbaycan manatı ilə 400 manat edir.

 

- Son olaraq, ixtisasınız üzrə gələcək planlarınız nədir?

 

- Əslində ixtisasımla bağlı planlarım çoxdur. Bunlardan ən başlıcası isə, ölkəmə qayıdıb orada öyrəndiyim bilik, bacarıq və imkanları öz ölkəmizdə tətbiq etmək, təhsilimizi daha yaxşı istiqamətdə inkişaf etdirməkdir.