Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-09 09:50:00
“Qubad İbadoğlunun Təhsil Nazirliyinə etdiyi təkliflər xeyli maliyyə tələb edir, amma bu qurum da...” – Ekspertdən “pas”  

“Təhsilimizin inkişafına və təkmilləşdirilməsinə yönəlik irəli sürülən və əsaslandırılan istənilən təklif, ictimai rəyin öyrənilməsi və  ümumi məxrəcə gəlinməsi baxımından son dərəcə vacibdir. Bu kimi təkliflər  təhsilimizin daha da  yeniləşdirilməsi istiqamətində beynəlxalq təhsil sisteminə inteqrasiya baxımından faydalı ola bilər”.

Bunu AzEdu.az-a təhsil eksperti Nadir İsrafilov  iqtisadçı alim Qubad İbadoğlunun Təhsil Nazirliyinə 3 təklifini şərh edərkən deyib.

Ekspert qeyd edib ki,  digər vacib məqamlardan biri də təkliflərin sahənin peşəkar mütəxəssisi tərəfindən irəli sürülməsidir:

“Təəssüf ki, bu qəbildən olan təkliflərə o qədər də tez-tez təsadüf etmirik. Baxmayaraq ki, Azərbaycan vətəndaşlarının dövlət idarəetməsinin həyata keçirilməsinə cəlb edilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən “İctimai iştirakçılıq haqqında”  Qanun da qəbul etmişik.

Bu baxımdan, təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda belə tanınmış iqtisadçı alim Qubad İbadoğlunun Təhsil Nazirliyinə ünvanladığı təkliflər mövcud təhsil sistemi çərçivəsində,  işləmə mexanizmləri, standartları, normativ aktların bir daha nəzərdən keçirilməsi baxımından diqqətdən kənarda qala bilməz. Əbəs yerə deyil ki, sosial şəbəkələrdə bu təkliflər istifadəçilərin böyük marağına səbəb olub və geniş müzakirə obyektinə çevrilib”.

Ekspert bildirib ki,  təkliflərin böyük hissəsinin reallaşdırılması müəyyən maliyyə vəsaitləri tələb edir:

“Professorun xaricdə təhsil almaq imkanı qazanan bütün vətəndaşların təhsil xərclərinin dövlət hesabına qarşılanması, beynəlxalq, regional olimpiadaların qaliblərinə xaricdə təhsil üçün dövlət təşviqi mexanizminin yaradılması, dövlət xətti ilə tələbələri xaricdə təhsil almağa göndərərkən universitetlər deyil, ixtisasların əsas götürülməsi kimi təklifləri də diqqətçəkən olub. Bunlar ümumi işimizin xeyrinə ola bilər.

Düzdür, bu təkliflərin böyük hissəsinin reallaşdırılması müəyyən maliyyə vəsaitləri tələb edir. Bununla belə, təhsilə çəkilən heç bir xərc itmir. İstənilən halda, dövlətin müdaxiləsinə ehtiyac var.  Hesab edirəm ki, ilkin olaraq Təhsil Nazirliyi bu ünvanlı təklifləri diqqətlə nəzərdən keçirməli, razılaşdırılmış və qəbul edəcəyi müddəalar əsasında hökumətə öz konkret təkliflərini verməlidir”.