Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-09 09:03:00
Böyük dünya universitetlərini evlərə gətirən distant təhsilin ən mənfi tərəfi bu imiş – Ekspert təhlili    

Distant təhsil, məsafəli təhsil formasıdır. Dünyanın bir çox ölkəsində bu təhsil forması geniş yayılsa da, Azərbaycanda distant təhsil forması hələ də tanınmır. Bir çox tələbələr müəyyən problemlərə görə xaricdə təhsil üçün digər ölkəyə gedə bilmirlər. Bu zaman ən yaxşı yol kimi distant təhsil düşünülür.

Bəs xaricdə distant təhsilin hansı üstünlükləri var? Bu təhsil formasının nə kimi müsbət və mənfi nəticələri ola bilər?

Məsələylə bağlı AzEdu.az-a danışan Azərbaycan Elm Assosiyasiyasının həmsədri İnqilab Şahbazov bildirib ki, distant təhsil həm hazırlıq kursu, həm də ali təhsil formasında ola bilər.

“Distant təhsilin üstün və müəyyən çatışmayan tərəfləri var. Başlıca üstünlük odur ki, tələbə ev və ya iş şəraitini tərk etmədən təhsil ala bilir. Tamamilə onlayn müstəvidə materialları qəbul edir, oxuyur və kurs işini hazırlayıb təqdim edir. İmtahan zamanı isə həmin ölkənin Azərbaycandakı səfirliyində və ya konsulluğunda təşkil olunmuş imtahanda iştirak edir. Bir çox hallarda həmin ölkəyə getməyinə ehtiyac qalmır. Bəzən isə universitet tərəfindən imtahanın orada verilməsi tələb edilir. Distant təhsil maddi baxımdan da tələbə üçün olduqca əlverişlidir.Tələbə nə yataqxana, nə də yol pulu xərləyir. Universitet isə təhsil haqqı olaraq daha az pul alır. Çünki müəllimlər universitetdəki dərsdən fərqli olaraq tədrisə daha az vaxt sərf edirlər. Distant təhsilin digər üstün cəhəti isə viza almağınıza ehtiyac olmamasıdır. Burada həm viza xərclərindən azad olursuz, həm də bəzən viza almağa uzun vaxt sərf etmiş olmursuz”.

“Hazırda bəzi ixtisasartırma kursları da onlayn formada tədris olunur. Məsələn sosial elmlərdə tədqiqat bacarıqlarının və biliklərinin inkişaf etdirilməsi, ixtisaslaşma kurslarının bir çoxu artıq onlayn formada tədris olunur.Siz evdə oturaraq bu kursları keçə bilərsiz”, deyə İ.Şahbazov bildirib. Sonda isə həmin  sertifikatları verən qurumların aid olduğu ölkələrin Azərbaycandakı səfirliyində imtahan verirsiz. Yəni ölkəni tərk etmədən nüfuzlu bir sertifikat qazana bilərsiz.

O, həmçinin, distant təhsilin mənfi tərəflərindən də danışıb:

“Distant təhsilin ən böyük çatışmazlığı onun qeyri-akademik mühitdə keçirilməsidir. Universitetdə oxumaq insanın sosiallaşmasına, yeni şəbəkələr qurmasına və əlaqələrin genişləməsinə kömək edir. Distant təhsildə isə akademik mühiti birbaşa hiss edə bilmirsiz, bütün təhsili və tədrisi evinizdə alırsız. Hesab edirəm ki, bu, onun mənfi tərəfidir.

Son olaraq demək istəyirəm ki, distant və ənənəvi təhsilin bir-birindən fərqli, güzəştli imtiyazı yoxdur. Hər kəsə eyni formada davranılır, imtahanlar eyni qaydada qiymətləndirilir. Hər şey sizdən asılıdır. İstənilən halda eyni kursu keçirsiz, eyni müəllimlər tərəfindən tədris alırsız və eyni imtahanlar verirsiz. Ona görə heç bir fərqlilik yoxdur. Sadəcə distant təhsildə xərclər kifayət qədər aşağı olur. Bunu da qeyd edim ki, distant təhsil bütün universitetlərdə və kurslarda yoxdur. Xüsusən elə ixtisaslar var ki, orada laboratoriyadan, universitetin verdiyi avadanlıq və cihazlardan istifadə edirsiz. Burada distant təhsil mümkün deyil. Təsadüfi deyil ki, distant təhsil təklif edən əksər sahələr, humanitar elmlər üzrədir”.