Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-18 11:50:41
“İlin Gənc Müəllimi”: “Şagirdim 3 yumurta verib, dedi ki, bizi tərk etməyin!” - Təsirli müsahibə

 

AzEdu.az təhsil portalı “İlin Gənc Müəllimi” müsabiqəsinin qalibləri ilə müsahibələri davam etdirir.

 

Xatırladaq ki, müsabiqə Milli Məclisin Mədəniyyət komitəsi və  AzEdu.az Təhsil Portalının birgə təşkilatçılığı ilə təşkil olunub.

 

Növbəti maraqlı müsahiblərimizdən biri də Lənkəranın Jidi kəndində yerləşən tam orta məktəbin ibtidai sinif müəllimi Leyla Qarazadədir.

 

AzEdu.az  Leyla müəllimlə səmimi müsahibəsini təqdim edir:

 

-Abituriyent və tələbə həyatınızdan maraqlı bir xatirə ərz edə bilərsinizmi?

 

-Bir müəllimim var idi, mənə həmişə “sən heç bir peşəyə sahib ola bilməzsən, heç yerə qəbul olmayacaqsan” deyirdi.  Müəllimin o sözü qıcıq yaratmırdı, ancaq həvəsləndirirdi. Öz üzərimdə daha çox çalışırdım ki, müəllimin fikirləri özünü doğrultmasın. Qismət elə gətirdi ki, mən müəllim oldum. İşə gedərkən həmin müəllimi yolda gördüm və söylədiyi sözləri xatırlatdım. Cavabında isə bildirdi ki, “mən o sözləri səni daha da həvəsləndirmək üçün deyirdim”.

 

-Tələbəlik həyatınız nə qədər aktiv keçib?

 

-Təhsil aldığım yerlə, yaşadığım məkan arasında məsafə fərqinin olması səbəbilə çox da sosiallaşmağa vaxtım olmurdu. Ancaq bacardığım qədərilə vaxtımı səmərəli şəkildə keçirməyə çalışırdım. Çünki tələbə olarkən belə müəllimliyin məsuliyyətini anlayırdım. Bu istiqamətdə tələbə yoldaşlarım və müəllimlərimlə birlikdə ümumi işlər görürdük.

 

-Onlarla peşə arasından müəllimliyi seçmənizin xüsusi bir səbəbi var?

 

-Yalan deyə bilmərəm. Seçdiyim başqa peşələr arasında müəllimlik də var idi. Sırf müəllim olmaq üçün bu ixtisası yazmamışdım. Seçiləndən sonra isə vicdanlı şəkildə peşəmi yerinə yetirmək üçün çalışmışam.

 

No description available.

 

-Ucqar kəndlərdə işləmək kimi bir xəyalınız var imiş..Həmin yerlərdə müəllim olaraq çalışmağı necə xəyal edirdiniz?

 

-Müəllim olacağımı bildiyim gündən həmişə ucqar kəndlərin birində fəaliyyət göstərmək istəmişəm. Çünki həmin yerlərdə müəllim çatışmazlığı olduğunu bilirdim. Bu səbəbdən də ucqar zonalarda fəaliyyət göstərərək, daha çox ehtiyacı olan şagirdimizin həyatına toxuna biləcəyimi düşünürdüm. Həmişə xəyal edirdim ki, filmlərdəki kimi şagirdlərimlə su daşıyacam, odun gətirəcəm, gecələr işıqlar sönəndə biryerdə oturub bizə faydalı olacaq məlumatlar toplayarıq, oyun oynayarıq. Bunun üçün də vakansiya seçimində belə bir yeri yazmaq istəyirdim. Ancaq vakansiya azlığı səbəbi ilə hazırda çalışdığım yeri məcburiyyət qarşısında qalaraq seçmişdim. Tanış olmaq üçün gedən zaman kəndin necə bir yer olduğunu bilmirdim. Həmin kəndə gedərkən yolda ilk dəfə heyvanlar, bulaqlar gördükdə arzuladığım kimi bir yerə düşdüyümlə bağlı ümidim artdı. Yol boyu dağlar, bulaqlar, çiynində odun daşıyan insanları görməyim məni arzuladığım yerdə olduğuma inandırdı. Məktəbin yerini soruşmaq üçün bir ailəyə yaxınlaşdıq. Ailə bizə yerli ləhcəyə uyğun talış dilində cavab verdi. Həmin evdən də şagirdlərim var idi. Onlar məni ilk dəfə gördükdə çox maraqla baxırdılar.

 

-Müəllim olaraq heç vaxt unuda bilməyəcəyiniz bir hadisə yaşamısınız?

 

-Kənddəki vəziyyətlə bağlı oradakı müəllimlərlə və rəfiqəmlə danışırdım. Çətinliklərdən söhbət edirdik. Kənddə ərzaq satılan yerlər yox idi. Ərzaq almaq üçün şəhərə getməli olurduq. Bu problemlərdən danışarkən Samir adlı bir şagirdim eşitmişdi və gedib mənə 3 yumurta gətirmişdi. Yumurtanı verəndə “Müəllim bunu yeyin və bizi tərk etməyin” demişdi. Çünki o kəndə kim təyin olunurdusa, ya yol, ya ərzaq problemindən, ya da şəraitsizlikdən geri qayıdırdı. Bir müddət çalışıb gedənlər də var idi. Həmin şagirdimin o hərəkəti mənə “əl uzatdı”. Bir növ “biz buradayıq və sənə ehtiyacımız var” dedi. O vaxt kim olduğumu və nə üçün bura təyin edildiyimi anladım. Başa düşdüyüm digər bir şey də bu oldu ki, mən müəllim olmamışam, müəllim olaraq doğulmuşam. İnanıram ki, insan sonradan müəllim olmur. Müəllim olaraq doğulur və ərafını işıqlandırmaq üçün seçilir. O 3 yumurtadan sonra mən hekayəmi şagirdlərimlə yazmağa başladım. Məni fərqli metodlara, üsullara əl atmağa səsləyən, nələrisə düzəltməyə cəhd etməyim o 3 yumurta ilə başladı.

 

-Xarakterinizdəki müsbət və mənfi cəhətlər haqqında nə deyə bilərsiniz?

 

- Özümdə müsbət, ya da mənfi xüsusiyyət ayırd etmirəm. Özümü olduğum kimi sevirəm. İnsanları da olduğu kimi qəbul edib, sevməyə çalışıram. Özümdə bəyəndiyim 3 xüsusiyyəti deyə bilməyəcəm. Ancaq şagirdlərimin məndə bəyəndiyi xüsusiyyətləri deyəcəyəm. Onların sevdiyi ən vacib amil mənim uşaq kimi davranmağımdı. Həmişə deyirlər ki, siz bizimlə müəllim kimi yox, sinif yoldaşımız kimi davranırsınız.

 

No description available.

 

-Nə vaxtsa müəllimlikdən uzaqlaşmağı düşünmüsünüz, əgər olubsa, buna səbəb nə idi?

 

-Müəllim olduğumu bildiyim gündən peşəmlə bağlı xəyallar qururdum.Ancaq bununla yanaşı, “Həqiqətən gözəl şagirdlər yetişdirə, bu peşənin öhdəsindən gələ biləcəmmi?” sualı məni narahat edirdi. Mənim üçün önəmli olan səhər yuxudan həyəcanla durub mənim görüşümə tələsən şagirdlərimin olmasıdır. Bunun üçün çalışmaq istəyirdim. Həmin 3 yumurta məsələsindən sonra isə mən tam əmin oldum ki, həyatdakı missiyam müəllim olmaqdır. Peşəmi sevirəm, burada xoşbəxtəm.

 

 "İlin gənc müəllimi" müsabiqəsinə qatılmaqda hədəfiniz nə idi ? Özünüzü necə motivasiya edirdiniz ?

 

 -Seçdiyim yolun, metodun, üsulların fərqli olduğunu anlayırdım. Lakin bunu test edib, təsdiqini tapmaq istəyirdim. Digər bir səbəb isə özümü daha da bu peşəyə həvəsləndirmək, işimə dəyər verildiyini görmək idi. Təbii ki, müəllimin işinə həmişə dəyər verilir və daim öndədir. Bu istiqamətdə seçdiyim yolun düzgünlüyünü öyrənmək istəyirdim. Elə buna görə də bir neçə müsabiqəyə qatılmışdım. Həmin müsabiqələrdən biri də “İlin Gənc Müəllimi” idi.

 

Şagirdlərimi necə motivasiya edirdimsə, özümü də elə etməyə çalışdım. Seçdiyim yolun düzgünlüyü əsas motivasiya qaynağım idi. Bu istiqamətdə neçə yolda işıqlar yandırdığımı, neçə şagirdin həyatına toxunduğumu görürdüm. Özümü bununla həvəsləndirirdim. İnanırdım ki, zəhmətin qiymətləndiriləcək. Şükürlər olsun ki, bu müsabiqədə qiymətləndirildi.

 

No description available.

 

-Qaliblərdən biri olduğunuzu öyrəndikdə hansı hissləri keçirdiniz?

 

-Bütün qaliblər kimi təbii ki, mən də sevindim. İşimizə əməyimizə dəyər verdiyiniz üçün sizə çox təşəkkür edirəm. Ümid edirəm ki, hər bir müəllim öz işinə dəyər verildiyini hiss etsin və bu peşədən yorulmasın. Əgər müəllim işinə könülsüz yanaşsa, bu, onun şagirdlərinə də təsir göstərəcək.

 

-Hazırda müəllimlər maaşların azlığından və bu əmək haqqı ilə ailəni dolandırmağın çətinliyindən şikayətlənirlər. Sizin bu kimi çətinlikləriniz olub?

 

 -Mən həmişə əldə olunanla xoşbəxt olmağa inanmış, şagirdlərimi də buna inandırmışam. Çünki məkan, imkan hər kəsdə eyni deyil. Buna görə də əldə olunanla xoşbəxt olmağı öyrənməliyik. Hər kəs üçün əlçatmaz şeylər var və ömrümüzü “kaş ki”lərlə yaşasaq, rahat ola bilmərik. Əgər maaşların az olması məsələsi varsa, onu deyim ki. hər kəs bunu bilərək müəllim olub. Əgər hər şeyi bilib, müəllim olunubsa, onda əldə olanla yaşamağa çalışmalıyıq. Əgər kifayət deyilsə, əlavə qazanc yerləri kəşf edə bilərik. İndiki halda isə kifayətlənmək lazımdı.

 

-Bir çox müəllim və valideyn repetitorluğun əleyhinədir. Sizin düşüncələriniz nədir ?

 

 -Çalışmışam ki, dərslərdə şagirdlərimə kifayət qədər məlumat verim. Uşaq ən çox dərsdə öyrənsin. Ancaq ola bilər ki, bu şagirdə kifayət etməsin. Bu zaman şagird fərdi müəllimlə çalışmağa başlayır. Bir çoxları dərslərdə kifayət qədər məlumat verilmədiyi zənn edərək repetitorluğa qarşı çıxır. Ancaq düşünürəm ki, müəllimlərimiz vicdanla çalışırlar. Repetitorluğa mənfi tərəfdən yanaşmıram. Eyni zamanda inanıram ki, şagirdlərimiz istəsə fərdi hazırlıq olmadan da hazırlaşa bilər.

 

-Son olaraq bütün dünyaya səslənə bilsəniz, bir müəllim olaraq, nələri demək istərdiniz?

 

-Uğur qazanmaq üçün əsas şüarım dünyanı boyamaqdır. İnanıram ki, müəllimlərin əlində bir fırça, ortada isə sehrli bir boya var. Bütün müəllimlər o boya ilə dünyanı boyayacaq. Müəllim olaraq sadəcə digər müəllimlərə səslənirəm və deyirəm ki, “ əlinizdəki boya ilə fırçanı görün və onların dəyərini anlayın. Əlinizi daşın altına qoyun. Birlikdə olaq, bir olaq. Həmin boyalar kimlərəsə öz istiqamətini seçməyə kömək edəcək.

 No description available.