Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-17 13:28:00
Təklif:  “Fövqəladə hallarla bağlı dərslik yazılsın !” - Uşaqları qoruyaq!  

Bir müddətdir ki, çimərlik mövsümu başlayıb. Demək olar ki, hər gün mətbuatda, hətta sosial şəbəkələrdə boğulma, batma hadisələrinə dair xəbərlər “manşetləri bəzəyir”.

 

Müşahidələr onu göstərir ki, dənizdə boğularaq dünyasını dəyişən azyaşlıların sayı heç də az deyil. Bir çox uşaq ya valideyn ehtiyatsızlığından, ya da üzməyi bacarmadığına görə həyatını itirir.

 

 

Bəs sözügedən xoşagəlməz hadisələrin baş verməməsi üçün hansı tədbirlər görülməlidir? Təhsil ocaqlarında uşaqlara çimərliklərdə üzmə qaydaları ilə bağlı maarifləndirmə işləri görülsə, bu, müsbət nəticələnə bilərmi?

 Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev qeyd edib ki, təkcə çimərlik deyil, bir çox fövqəladə hallar zamanı düzgün hərəkət qaydaları ilə bağlı şagirdləri maarifləndirməliyik:

 

 

“Nəin ki, çimərlik,  ümumi olaraq şagirdlərə təhlükə anında nə etməli olduqlarını, fövqəladə vəziyyətlərdə davranış qaydalarını, tibbi yardımla bağlı ilkin bilikləri, yəni bütün bu təhlükəsizlik tədbirlərinə dair bilikləri aşılamaq vacibdir. Həyatlarının hər bir hissəsində gözlənilməz hadisələrlə qarşılaşa bilərlər. Bu kimi nüansları uşaqlara məktəb vaxtından öyrədilməsi gələcəkdə onlara çox böyük kömək olacaq. Düşünürəm ki, fövqəladə vəziyyətlər zamanı görülməli tədbirlərlə bağlı dərsliklərin hazırlanıb, məktəblərdə tədris olunması yaxşı olardı. Təbii ki, bu, böyük bir layihədir. Amma ən azından müəyyən dərslərin içərisində təlim, məşğələ kimi və yaxud ayda bir neçə dəfə əyləncəli formada şagirdlərə sözügedən məsələlərlə bağlı məlumat vermək olar.

 

Burada söhbət bütün təhlükəli, fövqəladə hallardan gedir. Məsələn yanğın, zəlzələ, kənar təhdid  və s. bunlar kifayət qədər özündə təhlükə ehtiva edən amillərdir. Sözügedən hadisələrlə bağlı şagirdlərin bilikli olması çətin vəziyyətlərdə onların necə davranmalı olduqları barədə yardımçı olacaq. Bu halda isə minimal zərərlə hadisədən qurtula bilərlər”.

 

 

Ekspert onu da qeyd edib ki, azyaşlıların boğulma hallarının baş verməməsi üçün məktəblərdə bu barədə ilkin biliklər öyrədilməldir:

 

“Məsələn, dənizdə boğulmamaq üçün necə üzmək lazımdır? boğulma təhlükəsi ilə üzləşdikdə necə hərəkət etməlidirlər? kimi nüanslar azyaşlılara öyrədilərsə, xoşagəlməz halların xeyli qarşısını ala bilərik. Lakin məsələnin bir tərəfi də var ki, çimərlikdə üzmə qabiliyyəti yaxşı olan insanlar da boğulma təhlüksi ilə qarşılaşa bilərlər. Buna görə nə qədər bacarıqlı və məlumatlı olsanız da, yenə də diqqət etmək lazımdır”.

 

Müsahibimizin sözlərinə görə Almaniya, Fransa, İtaliya kimi ölkələrdə şagirdlərə həftədə 2 dəfə maarifləndirmə dərsləri keçirilir:

 

“Bu təcrübə xaricdə bir çox məktəbdə mövcuddur. Bir sıra məktəbdə üzgüçülüklə bağlı dərslər keçirilir. Hətta dərsliklər də hazırlayırlar. Düşünürəm ki, bu proses bizim ölkədə də olsa, xeyli müsbət nəticələnə bilər”.