Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-17 11:53:52
“İlin Gənc Müəllimi”ndən kədərli not: “…Peşəmi dəyişə bilərəm”  - Müsahibə  

AzEdu.az təhsil portalının “İlin Gənc Müəllimi” müsabiqəsinin qalibləri ilə müsahibələri davam edir.

 

Xatırladaq ki, müsabiqə Milli Məclisin Mədəniyyət komitəsi və  AzEdu.az Təhsil Portalının birgə təşkilatçılığı ilə təşkil olunub.

 

Növbəti maraqlı müsahiblərimizdən biri də Lerik rayon Vistən kənd tam orta məktəbinin Tarix-Coğrafiya müəllimi Kamil Kazımovdur.  

 

AzEdu.az Kamil müəllimlə olan müsahibəsini təqdim edir:

 

-Tələbə həyatınızdan ən yaddaqalan xatirə ərz edə bilərsinizmi ?

 

 

-II kursda Nitq mədəniyyəti dərsi keçirdik. Müəllim tapşırmışdı ki, gələn dərsə hərəniz bir şeir öyrənin. Məndə Abbas Səhhətin “Vətən” şeirini öyrənmişdim. Amma nə qədər danışmaq istəsəm də, müəllim məndən şeiri soruşmadı. Fasilə vaxtı fakültənin dəhlizində dekanla qarşılaşdım və "müəllimə, dayanın sizin üçün şeir deyəcəm" dedim. Əvvəl normal qəbul edirdi, amma tələbə yoldaşımın "sən niyə dekan üçün şeir deməlisən ki?" zarafatını ciddi qəbul edib, ikimizdən də təqdimat yazmaq fikrinə düşdü.

 

 

-Tələbə olarkən sosial məşğuliyyətlə aranız necə idi ?

 

 

-Tələbəlik illərində universitetin həm idman, həm də bilik yarışlarında fəal iştirak etmişəm. Bilik yarışları içində qələbəmiz də olub.

 

 

-Bu qədər peşə arasından müəllimliyi seçmənizin xüsusi bir səbəbi var?

 

 

-Müəllimlik peşəsinə sevgi məndə irsən formalaşıb. Çünki yaxın qohumlarım arasında müəllimlərin sayı çoxdur. Mən də bizə doğma olan bu peşəyə yönəldim.  

 

 

-Şagirdlərlə ilk tanışlığınız hansı xatirələrlə yadda qalıb ?

 

 

-İlk dərs günü həyəcanlı idim. Özümə sual verirdim ki, görəsən, mən bunu bacara bilərəm? Maksimum həyəcanımı gizlətməyə çalışırdım. İlk dərs günündən şagirdlərin sevgisini qazanmaq və tədris etdiyim fənni onlara sevdirməyi qarşıma məqsəd qoymuşdum. Məncə, bunu bacara bilmişəm.

 No description available.

 

-Müəllim olduğunuz dönəmdə başınıza gələn maraqlı bir hadisəni danışa bilərsiniz ? 

 

 

-İlk işlədiyim ildə iş yoldaşlarımızdan biri direktorun otağında açarı sındırıb içəridə qalmışdı. Telefonun şəbəkəsinin yaxşı tutmaması bizim gec xəbərdar olmağımıza səbəb olmuşdu. Bu hadisəyə xeyli gülmüşdük.

 

 

-Özünüzdə bəyəndiyiniz 3 xüsusiyyət hansıdır ?

 

 

-Yalan danışmağı xoşlamıram. Kiminsə paxıllığın çəkmirəm və xəyanət etmirəm.  

 

 

-Nə vaxtsa bu peşədən uzaqlaşmağı düşünmüsünüzmü, əgər olubsa, buna səbəb nə idi ?

 

 

-Hələ ki bu günə qədər elə fikrim olmayıb. Amma nəzərə almaq lazımdır ki, kişi müəllimlərin təhsildən uzaqlaşmasının əsas səbəbi maddiyyatla bağlıdır. İstisna deyil ki, bir gün məndə bu səbəblə peşəmi dəyişə bilərəm.  

 No description available.

 

-"İlin gənc müəllimi" müsabiqəsinə qatılmaqda gözləntiləriniz nə idi ?

 

 

-Açığı müsabiqəyə qatılan zaman çox ümidli deyildim. Həmişə fikirləşirdim ki, ölkəmizdə gənc, istedadlı, yeni metodlarla dərs keçən yüzlərlə müəllimimiz var. Qaliblər sırasına çıxacağımı düşünmürdüm. Qaliblər arasında olmağıma görə qiymət verən hər kəsə təşəkkürümü bildirirəm.

 

 

-Qaliblərdən biri olduğunuzu öyrənmək sizdə hansı təəssüratları oyatdı ?

 

 

-Həm ilk əlliliyə, həm də ilk onluğa düşmək xəbərini yaxın dostum vermişdi. Çox sevincli idim. Yüzlərlə gənc müəllim arasında belə bir müsabiqədə qaliblər sırasında olmaq insana böyük qürur hissi verir.

 

 

-Hazırda bir çox kişi müəllim maaşların az olduğundan və ailəni dolandırmaq üçün kifayət etmədiyindən şikayətlənir. Sizin bu kimi çətinlikləriniz olub ?

 

 

-Ailəli olmadığıma və bu ilə qədər maaşımın nisbətən normal olmasına görə belə problemlərim qismən az olub. Amma ətrafımda qeyd olunan çətinlikləri yaşayan xeyli sayda müəllim var. Ümid edirəm Elm və Təhsil Nazirliyi bu barədə çox yaxın zamanlarda lazımi tədbirlər görər.

 

 

-Bir çox müəllim və valideyn repetitorluğun əleyhinədir. Siz bu barədə nə düşünürsünüz ?

 

 

-Bizim orta məktəb dərslikləri qəbul proqramına tam cavab vermir. Buna görə repetitorluğa məcburi tələbat yaranır. Burda pis nəsə yoxdu. Ölkəmizdə ən yüksək nəticəni hər zaman repetitor yanına gedən şagirdlər göstərir. Tənqid olunası nəsə görmürəm.

 No description available.

 

-Uğurunuzun sirrini bir sözlə ifadə etsəniz…

 

 

-Dürüstlük.

 

-Dünya sizi duysa, bir müəllim olaraq, nələr demək istərdiniz ?

 

-Müharibələrə son qoyulmasını, uşaq ölümlərinin olmamasını, kasıb ölkələrə qida yardımının yetəri qədər artırılmasını dünyadan xahiş edərdim.