Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-16 13:30:00
41 minlik təqaüdü qazanan Şəms : “Bu amil bütün qapıları açır”  

Xəbər verdiyimiz kimi, Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin məzunu Şəms Səfərəliyeva 41 min avro dəyərində təqaüd qazanaraq, “Erasmus Mundus” proqramının qalibi olub.

 

2016-cı ildə ADU-nun Filologiya fakültəsinə 668 balla qəbul olunan Ş.Səfərəliyeva həmin ixtisas üzrə 95.5 ortalama bal toplayaraq, fərqlənmə diplomu əldə edib.

 

Daha sonra o, 2020-2022-ci illərdə “2019-2023 Dövlət Proqramı” çərçivəsində maliyyələşən ikili diplom proqramlarında Corc Vaşinqton Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Təhsil və İnsan Kapitalının inkişafı” üzrə magistratura proqramında təhsil alıb.

 

AzEdu.az-a müsahibə verən Ş.Səfərəliyeva gələcək planları və xaricdə təhsillə bağlı məsələlərə “işıq tutub”:

 

 

- Öncə özünüzü oxucularımıza təqdim edərdiniz...

 

- Mən Şəms Səfərəliyeva orta təhsilimi Yevlax şəhərində almışam. Daha sonra 668 bal toplayaraq Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinə ingilis dili və ədəbiyyatı ixtisasına qəbul olunmuşam. Tələbəlik dövründə intellektual oyunlar və könüllü layihələrdə iştirak edirdim. 2019-cu ildə təqaüdlə yay məktəbini qazandım və qısa bir müddət Almaniyanın Aaxen şəhərində alman dili üzrə kurs keçdim. Eyni zamanda, ingilis dili müəllimi kimi müxtəlif özəl qurumlarda fəaliyyət göstərmişəm. Daha sonra isə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramıçərçivəsində maliyyələşən Cor Vaşinqton Universiteti ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin ikili diplom praqramlarında “Təhsil və İnsan Kapitalının inkişafı” üzrə magistratura təhsilini aldım. Bu proqram dövründə təhsilin siyasəti və idarəedilməsi kimi ixtisaslara yiyələndim. Bununla təhsil sahəsində xeyli inkişaf etdim.

 

 

 

 - “Erasmus Mundus” proqramının qalibi olacağınızı düşünürdünüzmü?

 

 

- Bəli, düşünürdüm. Ona görə ki, 3 ilə yaxın məhz təhsil sahəsində iş təcrübəm var idi. Eyni zamanda, ortalamamın yüksək olması, dil bacarıqlarımın, sosial layihələrimin mövcudluğu bu proqramın qalibi olmağıma zəmin yaratdı.

 

 

- Dil biliyinizin olduğunu söylədiniz, sizcə, gənclər dil öyrənərkən hansı məqamlara diqqət etməlidir?

 

 

- Bakalvr dövründən ingilis dilini peşakar səviyyədə, akademik olaraq bilirdim. Bununla yanaşı, alman dilini də hazırda inkişaf etdirməkdəyəm. Hər zaman tövsiyə edirəm ki, mütləq şəkildə dillərin içərisində olmaq lazımdır. Məsələn, mən ingilis dilini Azərbaycanda öyrənmişəm. Çalışırdım ki, bu dili inkişaf etdirə biləcək mühit tapım. Bu müxtəlif tədbirlər, təşkilatlar və ya xarici qonaqların olduğu mühit ola bilər. Gənclərimizə də tövsiyə edirəm ki, belə mühiti tapsınlar və aktiv olsunlar.

 

 

 

 -  Azərbaycan Dillər Universitetində təhsil almısınız. Bu ali təhsil ocağını necə qiymətləndirirsiz, ADU-nun verdiyi təhsil sizi qane edibmi ?

 

 

- Azərbaycan Dillər Universiteti kifayət qədər yaxşı ənənələrə malik bir ali təhsil ocağıdır. Ümumilikdə təhsil aldığım ali məktəbi müsbət qiymətləndirirəm. Ona görə ki, bu universitetin əlaqələri çox genişdir. Müasir dövrümüzdə də təhsil alarkən geniş əhatə dairəsi və yaxşı professorlarla təmin olunmaq vacibdir. Düşünürəm ki, ADU mənə həmin əlaqələri qurmaq üçün imkan yaratdı. Oradakı professor və müəllimlərin səyi, dəstəyi nəticəsində inkişafıma nail oldum.

 

 

- Həm magistratura, həm də doktarantura pillələri üçün xarici ölkə universitetlərinə qəbul olunmusunuz. Azərbaycanda verilən təhsil sizi qane etmirdimi yoxsa, bunun başqa səbəbləri var?

 

 

- Düzdür, doktaranturaya da qəbul olunmuşdum. Lakin ilk növbədə magistr təhsilini almaq istədim. Ona görə ki, ən böyük istəyim xarici təcrübəni öyrənməkdir. Təhsil alacağım ixtisas “Ali təhsildə innovasiyalar və tədqiqat”dır.  Finlandiya, Avstriya, Hindistan, Almaniya, eləcə də Çində olan təhsil ən yaxşı təhsil sistemlərindən sayılır. Bu proqram çərçivəsində bu ölkələrdə təhsil alaraq onların təhsil sitemlərini öyrəncəm. Həmin ölkələrin hansı yollardan istifadə edərək, bu qədər uğurlu təhsil sisteminə malik olmalarının sirrini çözməyə çalışacağam. Məsələ yalnız Azərbaycan təhsilinin məni qane etməməsi deyil, beynəlxalq təcrübəni öyrənmək istəyirəm. Bu üzdən xaricdə təhsilə üz tuturam.

 

 

- Bu bilik və bacarıqlarınıza görə, kimə, nəyə borclusunuz?

 

 

- Mən istedadlıyam yoxsa, yox? Bu sualın cavabını mən deməzdim ki, istedadlıyam. Mən sadəcə öyrənməyi, araşdırmağı sevirəm. Bununla da mənə ən uyğun sahəni tapmışam. Bu səbəbdən, inkişaf etməyi bacarıram.

 

 

-  Bəs təhsilinizdə dəstəkçinin kimdir?

 

 

- Düşünürəm ki, təhsilimin ən böyük dəstəkçilərindən biri anam, eyni zamanda dostlarımdır. Dostlarımın çoxu xaricdə təhsil alıb. Onların yol, uğur hekayələri məni həm motivasiya edib, həm də bu barədə informasiyalı olmağıma zəmin yaradıb. Həmçinin, daha kiçik yaşlarımda anam tez-tez kitablar alırdı. Onlar daha çox bədii kitablar idi. Bu şəkildə məndə kitab sevgisi yarandı. Bu, inkişafımda çox kömək oldu. Həmçinin, düşünürəm ki, musiqinin də bizim intellektual bacarıqlarımızın inkişaf etməsində rolu var. Anam musiqi müəllimi olduğu üçün mən də fortepiano təhsili almışam. Bu da mənim ümumi dünya görüşümə müsbət təsir göstərib. Ailəmə çox təşəkkür edirəm. Regionda böyüməyimə baxmayaraq, orada keçirilən intellektual oyunlarda, tədbirlərdə aktiv iştirak edirdim. Ailəm də mənim iştirakıma fürsət yaradırdı.

 

 

- Hazırda bir çox gənc sizin kimi xaricdə təhsil almaq istəyir. Onlara tövsiyələriniz nələrdir?

 

-Günümüzün trendlərindən biri xaricdə təhsil almaqdır. Mən bu sualla tez-tez qarşılaşıram. İlk olaraq həmin insanlara sualım o olur ki, həqiqətən məqsədiniz nədir? Və bu bizim təhsilimizə, karyeramıza, şəxsi həyatımıza necə bir töhfə verəcək? Biz birinci bu sualın cavabını dəqiqləşdirməliyik. Daha sonra xaricdə təhsil almaq barədə düşünməliyik. Çünki xaricdə təhsil çox geniş bir anlayışdır. Müxtəlif ölkələrin ayrı-ayrı təhsil sistemləri mövcuddur. Ona görə nə istədiyimizi bilməliyik ki, özümüzə ən uyğun təhsil sistemini seçə bilək.

 

Ümumiyyətlə, xaricdə təhsil almağı hər kəsə tövsiyə edirəm. Bu ola bilər ki, qısa müddətli - 2-3 həftə olsun. Təhsil almaq üçün xaricə getməyin ən yaxşı cəhəti odur ki, bu, bizə yalnız təcrübə qazandırmır,  həm də müxtəlif mədəniyyətləri mənimsəmə imkanı, müəyyən stuasiyalarda evdən uzaq olsan belə problemləri həll etməyi, emosional itellekti  gücləndirmə imkanalarını qazandırır.

 

Onu da deyə bilərəm ki, xaricdə təhsilə üz tutanlar mütləq şəkildə dil biliklərini və kommunikasiya bacarıqlarını artırsınlar. Kommunikasiya təkcə xarici dil bacarağı demək deyil, ünsiyyət bacarığıdır. Ünsiyyət bizə lazım olan bütün qapıları aça bilər.

 

 

- Ən böyük hədəfiniz nədir?

 

- Gələcəklə bağlı planlarım çoxdur. Sözün əsl mənasında ölkəmizə faydalı bir kadr olaraq yetişmək istəyirəm. Çünki təhsil sistemimizdə yenilənməli olan məqamlar var. Mən də bacardığım, gücümün yetdiyi qədər təhsilimizi inkişaf etdirmək istəyirəm. Bir gün “TED Talks”da çıxış edib, töhfələr vermək də hədəflərim arasındadır.