Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-09 14:57:00
Təhsil ocaqları kitaba “qapı açmır?” - Naşir: “Komissiya yaradılsın!”  

Bu gün - 9 avqust - Beynəlxalq Kitabsevərlər Günüdür. Bu günlə bağlı sosial şəbəkələrin Azərbaycan seqmentində çoxsaylı paylaşımlara rast gəlirik. Əlbəttə, bu paylaşımı edənlər sırasında real kitab oxucuları ilə yanaşı, özü ilə bağlı “mütaliəli oğlan və ya qız” obrazı yaratmaq niyyəti güdənlər az deyil. Bu məsələ ilə bağlı ən dolğun “mənzərə”ni naşirlər təsvir edə bilirlər. Bu mənada biz də “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu ilə əlaqə saxlayıb, “Ölkəmizdə kitabsevərlərin sayı qənaətbəxşdirmi?” sualının cavabını öyrəndik.  

Naşir qeyd etdi ki, ilbəil kitab oxuyanların sayı atır:

 

 “Ölkəmizdə kitaba maraq əlbəttə ki, əvvəlki səviyyədə deyil. İlbəil kitab oxuyanların sayı atır, müxtəlif yerlərdə - parklar və  bölgələr kitab sərgiləri daha çox keçirilməyə başlayıb. Əvvəl ancaq “Qanun” nəşriyyat bu işi görürdü, indi digər nəşriyyatlar da müstəqil olaraq sərgilər keçirirlər və bu çox təqdirəlayiq haldır. Sərgilər birbaşa kitab mədəniyyətinin inkişafına, oxucu çevrəsinin genişlənməsinə xidmət edir”.

 

 

Naşir kitab mədəniyyətinin inkişafında təhsil ocaqlarının əhəmiyyətini də vurğulayıb:

 

 

“Məncə, təhsil ocaqları kitab mədəniyyətinin inkişafında bilavasitə rol oynayırlar. Həm kitabxanalarda, həm təhsil müəssisələrində tez-tez kitab müzakirələri, qiraət axşamları keçirilməli, görüşlər, kitab ətrafında diskussiyalar, yarışlar təşkil olunmalıdır. Bu prosesdə ilk növbədə təhsil ocaqları və kitabxanalar iştirak etməlidirlər. Onlar həm də təşkilatçı olmalıdır. Təhsillə kitab barışmadan, oxu mədəniyyəti inkişaf edə bilməz. Gərək təhsil ocaqları qapılarını kitabların, kitab yazarlarının, kitab mədəniyyətinin üzünə açsın. Hələ ki, bu proses təzəlikcə az-az müşahidə olunur. İstərdim ki, bu hal kütləvi xarakter alsın”.

 

Ş.Xuduoğlu bu proses üçün komissiya yaradılmasını da təklif edib:

 

“Bəlkə də, xırda tərkibdən ibarət bir komissiya yaranmalıdır ki, təhsil ocaqlarında  hansı kitabların müzakirəyə çıxarıla biləcəyini, hansı yazıçılarla görüşlər keçirilə biləcəyini müəyyən etsin. Fikirləşirəm ki, bu ictimai xarakterli komissiya təhsil ocaqlarında kitab mütaliəsinin inkişafına xidmət edə bilər”.

 

Məlumat üçün qeyd edək ki, 9 avqust - Beynəlxalq Kitabsevərlər Günü ABŞ-da mütaliə sevənlər arasında qeyri-rəsmi bayram kimi qeyd edilməyə başlansa da, qısa zaman içərisində dünyanın bir sıra ölkələrində də bəyənilərək, keçirilir. Nəticədə isə 9 avqust Beynəlxalq Kitabsevərlər gününə çevrilib. Bu günü kitabsevərlər yeni kitablar almaq, əvvəldən nəzərdə tutduqları maraqlı bir kitabın mütaliəsinə başlamaq, başladıqları kitabı məhz bu gün bitirmək və əlbəttə ki, dostlarına kitab hədiyyə vermək ilə qeyd edirlər. Bəziləri isə bilet alıb, dünyanın o biri başındakı ən məşhur kitabxanasını ziyarət etməklə, yaxud ən böyük kitab mağazasına getməklə keçirirlər.