Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-08 13:20:01
İxtisas seçimində yanlışlıqlar... - AzEdu analitik qrupundan təhlil  

 Ali təhsil müəssisələrinə hazırlaşan namizədlər üçün ən həlledici mərhələ olan ixtisas seçimi 16-28 avqust tarixində başlayacaq.

 

Bu dönəmdə vacib öhdəlik abituriyent və valideynlərin üzərinə düşür. Onlar ixtisas seçimi edərkən, olduqca diqqətli olmalı, prosesdə iştirak etməzdən öncə maksimum dərəcədə araşdırma aparmalıdırlar.

 

AzEdu.az analtik qrupu ali təhsil müəssislərinə qəbul olmağa hazırlaşan abituriyentlərə ixtisas seçimi ilə bağlı vacib məqamları təqdim edir.

 

İlk növbədə, onu qeyd etmək yerinə düşər ki, ixtisas seçimi edən abituriyentlər müvafiq ballarına uyğun ixtisaslar üzrə seçim aparmalıdırlar. Nəticələrindən 50-60 bal daha yüksək ixtisasların yazılması, onların müsabiqədən keçmə şansını azaldır. Tövsiyə olunur ki, prosesdə iştirak etməzdən öncə, ən azı 2 il əvvəlki keçid ballarına və plan yerləri barədə məlumat toplasınlar. Statistik məlumatları əldə etdikdə sonra ixtisas seçimini arzulounan formada aparacaqlar.

 

Prosesdən öncə abituriyent və valideynlərin araşdırmalar aparması məqsədəuyğundur. Hansı universitetdə, hansı ixtisas daha yaxşı tədris olunur, məzun olduqdan sonra iş prespektivləri hansı sahədə daha çoxdur və s. Kimi məsələlər ətrafında dəqiqləşdirmələr aparmaq vacibdir. Burada abituriyentlərin gələcək karyera imkanları, əmək fəaliyyəti, təhsil alacaqları ixtisaslara əmək bazarında nə dərəcədə ehtiyac duyulduğu və s. məsələlər mövcuddur ki, mütləq şəkildə diqqətə alınmalıdır. Sözügedən nüanslar barədə məlumatlı olmaq, gələcəkdə onlar üçün daha rahat iş tapmalarına kömək olacaq.

 

 Həmçinin, seçim zamanı abituriyentlər bəzi məqamlarda valideynlərin də fikirlərini nəzərə almalıdırlar.

 

Lakin yekun qərarı mütləq şəkildə həmin ixtisas üzrə təhsil alacaq şəxs verməlidir. Çox təəssüflər olsun ki, bəzi valideynlər övladının seçiminə etiraz edirlər və “sən məhz bu ixtisası seçməlisən!” deyib, təzyiq göstərirlər. Bunun nəticəsində isə abituriyent sevmədiyi ixtisasa qəbul olunur və sevmədiyi peşəyə yiyələnir. Bu zaman valideynlərin övladlarının seçiminə hörmət etməyə çağırmalı, abituriyentlərin isə bu zaman iradəli və istiqrarlı olmağını və seçimindən imtina etməməyi tövsiyə edirik.Valideynlər başa düşməlidir ki, övladlarının seçəcəkləri ixtisas gələcəkləri üçün verdikləri ən vacib qərarlardan biridir. İllərini sevmədikləri ixtisas üzrə xərcləmək, iş həyatına məğlub durumda başlamaq deməkdir.

 

Bunlarla yanaşı, müşahidələrimizə əsasən diqqətə çatdıra bilərik ki, prosesdə iştirak edən abituriyentlərin birinci məqsədi yalnız ali təhsil müəssisələrinə qəbul olmaqdır.

 

Çox az bir qisim oxuyacağı ixtisası öncədən hədəfləyir və buna nail olmağa çalışır. Abituriyentlərə əsas tövsiyəmiz odur ki, imtahanlara hazırlaşmazdan öncə özlərinə müəyyən bir hədəf seçsinlər. Əgər bu seçimi etməyiblərsə, ixtisaslaşma zamanı özlərinə ən yaxın, təhsil aldıqları müddət oxuyabiləcəkləri sahələrə üz tutsunlar. Əks halda müəyyən müdddətdən sonra ixtisaslarını dəyişmək, hətta, təhsillərini davam etdirmək istəməyəcəklər.

 

İxtisas seçimi edərkən ən ümdə məsələlərdən biri də ödənişli təhsili seçənlər barədədir. Bu variantı seçən şəxslər nəzərə almalıdır ki, həmin ödənişi təhsil aldıqları müddət boyu verəcəklər. İllik təhsil haqqının ödənilməməsi səbəbi ilə təhsilləri yarımçıq qalan, ali məktəblərdən xaric edilən tələbələrin olduğunu diqqətə almaq lazımdır.

 

Təbii ki, ixtisas seçimini abituriyentlərin özləri də edə bilər. Lakin az öncə də qeyd etdiyimiz kimi, mütləq şəkildə müsabiqədə iştirak etməzdən öncə dərin bir araşdırma aparmalıdırlar. Əgər abituriyent araşdırma aparmayıbsa, bu istiqamət üzrə məlumatlı təhsil ekspertlərinə üz tutsunlar.  Bu zaman mütəxəssislərin düzgün istiqamətləndirməsi nəticəsində abituriyentlər doğru seçim edə biləcəklər.

 

Ali təhsil müəssisələrinə qəbulun ən vacib  mərhələsinin ixtisas seçimi olduğunu unutmamaq lazımdır. AzEdu.az kollektivi olaraq hər bir abituriyentə bu prosesdə uğurlar arzu edirik!