Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-07 10:48:00
"Fədakar müəllim"! – Hər gün Xırdalandan Şamaxıya... - 300 azn yol pulu  

AzEdu.az təhsil portalı bundan öncə dərs demək üçün uzaq məsafələr qət edən və çalışdığı məktəbə qayıq, gəmi, hətta helikopterlə yollanan müəllimlərlə müsahibələr dərc edib.

 


Bu dəfə haqqında bəhs etdiyimiz Şükür Balaşov müəllim fəaliyyətini icra etmək məqsədilə hər gün 232 km yol qət edərək, Xırdalandan Şamaxıya gedir. 



AzEdu.az  "Fədakar müəllim" rubrikasının növbəti müsahibi ilə söhbəti təqdim edir.  

 

 

- Özünüzü oxucularımıza təqdim edərdiniz...

 

- Mən, Balaşov Şükür Ələmdar oğlu 28.01.1995-ci ildə Şəki rayonu Çayqaraqoyunlu kəndində doğulmuşam. Tam orta təhsilimi həmin kənddə bitirərək, 2012 -ci ildə abituriyent kimi imtahana qoşulub, 417 balla Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialına qəbul olundum. Filologiya fakültəsində azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə təhsil alaraq, 2016-cı ildə məzun oldum. Həmin ildə hərbi xidmətə yola düşərək, "N" saylı hərbi hissədə xidmət etdim. 2018-ci ildə MİQ imtahanında  iştirak edib, ilk müəllimlik fəaliyyətinə Daşkəsən rayonunun ucqar Almalı kəndində başladım. Bir il orada işlədikdən sonra növbəti il yenidən müsabiqəyə qoşularaq fəaliyyətimi Yardımlı rayonunda davam etdirdim. Növbəti bir il də orada işlədim və daha sonra Şamaxı rayonu Məlikçobanlı kənd G.Ağayev adına tam orta məktəbində yer tutdum.

 

 

- Nə qədər müddətdir Şamaxıda dərs deyirsiniz?

 

 

- Hazırda 3 ildir ki, bu kənddə Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edirəm. Həftə üzrə 20 saat dərs yüküm var. 

 

 

- Həftədə neçə dəfə dərsə gedib-gəlirsiniz?

 

 

- Həftə ərzində 5 gün gedib-gəlirəm.

 

 

- Məktəbi dəyişmək istəməmisiniz?

 

- Bəli, Xırdalanda yaşayıram. Məsafənin uzaq olması məni bir az yorsa da, şagirdlərin və kollektivin verdiyi müsbət enerji məni daha da ruhlandırır. Gələcəkdə yerdəyişmə barədə düşünürəm. 

 

- Hər ay nə qədər yol xərciniz çıxır?

 

- Yol xərcim bir günə 11-12 manat arası dəyişir. Yol xərci çox çıxsa da, bunu müvəqqəti çətinlik hesab edirəm.

 

 

- Müəllimlik peşəsini dəyişmək istəmisiniz?

 

 

- Peşəmi heç vaxt dəyişmək istəməmişəm. Öyrənmək və öyrətməyi bir peşə olaraq seçmişəm.

 

 

- Ailənizin münasibəti necədir?

 

 

- Ailəm hər zaman mənim qərarlarıma hörmətlə yanaşaraq, dəstək verib. 

 

 

- Çalışdığınız müddət ərzində heç ekstremal vəziyyətə üz-üzə qalmısınız?

 

- Şamaxı dağlıq ərazi olduğu üçün qışda daha çox qar yağır. Hətta bəzən yollar buz bağlayır və bağlanır. Bir neçə dəfə avtomobillə sürüşmə halları yaşamışıq.