Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-04 16:21:00
Müəllimlərin iş tapma faizi aşağı düşüb: “Problem var”

"Məzun əgər o universiteti bitirib iş tapa bilmirsə, əlbəttə ki, abituriyentlər oranı seçməyəcəklər".

 

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Vüsal Kərimli universitetlərdə sadəcə bir ixtisasın keçilməsi haqqında danışarkən deyib. Onun sözlərinə görə, bu yaxınlarda Azərbaycan Dövlət Pedaqoji Universitetinin tədris işləri üzrə prorektoru Eldar Aslanov müsahibələrinin birində pedaqoji təhsil verən universitetlərdə ixtisasların proqram akkreditasiyasında çox ciddi olması haqqında mesajlar göndərirdi:

 

“Hesab edirəm ki, burada dövlət qurumuna da subliminal mesaj vardı. Yəni biz yeganə pedaqoji təhsil verən müəssisə olmaq istəyirik. O zaman sual ortaya çıxacaq ki, bəs azad rəqabət mühiti necə olacaq? Əgər müəllimlərin iş tapma faizi aşağı düşübsə, burada ciddi problem var. Onsuz da Odlar Yurdu Universiteti istisna olmaqla pedaqoji ixtisaslar özəllərdən alınıb. Həmin ixtisaslar yalnız dövlət universitetlərində mövcuddur. Bir müddət öncə elm və təhsil naziri Emin Əmrullayev bildirmişdi ki, sadəcə humanitar sahələr üzrə universitetimiz olsa, reytinqlərdə yüksələ  bilməyəcəyik. Nazir bu fikrində doğrudan da haqlı idi.

 

Araşdırmalar edəndə bizim də qarşımıza çıxır ki, fərqli ixtisaslar təklif edən universitetlərin reytinqləri daha yaxşıdır. Məsələn, Naxçıvan Dövlət Universiteti tək profilli universitet deyil. Eyni zamanda, hesab edirəm ki, digər universitetlərimizə də bu imkanlar verilməlidir ki, onlar da özlərini göstərə bilsinlər. Tələb və təklif var. Məzun əgər o universiteti bitirib iş tapa bilmirsə, əlbəttə ki, abituriyentlər oranı seçməyəcəklər. Tibb ixtisası da ancaq Azərbaycan Tibb Universitetində keçilməlidir fikrini də dəstəkləmirəm”.