Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-03 15:20:00
Niyə sahibkarlar universitetlərlə işləmirlər? – Ekspert “düyün”ü açır

Beynəlxalq təcrübədən görürük ki, bir sıra şirkətlər ali məktəblərdə təqaüd verdikləri tələbələri sonradan dəyərləndirərək, öz şirkətlərində onlara yer verirlər.

 

Azərbaycana nəzər saldıqda isə sahibkarların ali məktəblərlə o qədər də çox əlaqədli olmadığını müşahidə edirik. Hər hansı bir iş və missiya üçün ya xarici mütəxəssislərə, ya da xaricdə təhsil almış həmyerlilərimizə müraciət edirlər.

 

Bəs niyə sahibkarlar Azərbaycan universitetləri ilə işləmirlər? Kimdir müqəssir?

 

 Yeni Fondun təhsilə təsiri onu idarə edəndən asılı olacaq

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Süleymanlı bildirib ki, ölkəmizdə bir çox şirkət, xüsusilə mobil rabitə, neft, bank şirkətləri tələbələr üçün təqaüd proqramları təqdim edir:

 

 

“Düzdür, təqaüd verdikləri tələbə sayı çox kütləvi deyil, lakin yenə də bu təşəbbüs alqışalayiqdir. Həmin şirkətlər təqaüd verərkən özlərinin gələcək mütəxəssislərini də seçmiş olurlar. Təqaüd verdikləri tələbələrin böyük hissəsi məzun olduqdan sonra xaricdə təhsil alır, yaxud bu şirkətlərə işə dəvət olunurlar. Şirkətlərin gələcək kadrlarını bu cür seçib, onlara təqaüd verməsi, bütün dünyada tədbiq olunan təcrübədir. Düşünürəm ki, digər şirkətlər də buna dəstək verməlidir. Bunu yalnız özlərinə işçi götürmək xatirinə yox, sosial məsuliyyət kimi başa düşməlidirlər”.

 

Ekspert qeyd edib ki, bir çox dövlətin və müəyyən şirkətlərin maliyyələşdirdiyi xaricdə təhsil proqramları var:

 

“Eyni zamanda ölkələrarası müqavilə və universitetlərin özlərinin təqdim etdiyi təqaüd proqramları mövcuddur ki, azərbaycanlı gənclər bundan istifadə edir. Bu istiqamətlər müsbət yöndədir. Çünki tələbələrimizin xaricdə təhsil alması, onlara ikinci bir diplom verir. Eyni zamanda, onlar təhsil aldıqları ölkənin şirkətləri ilə də təcrübə keçirlər. Bunların hamısı müsbət fəaliyyətlərdir. Amma çalışılmalıdır ki, bu proqramla xaricdə oxuyanlar sonradan ölkəyə qayıtsınlar. Çünki onlar bizim dəyərlərimiz, insan kapitalımızdır. Yaxşı bir mütəxəssisə tələb çox olur. Xüsusilə, mühəndislik və tibb sahəsində dünyanın əksər ölkəsində kadr qıtlığı var. Hazır yetişmiş mütəxəssisi bir çox ölkə öz kadırı kimi cəlb etmək istəyir.

 

E.Süleymanlının fikirlərinə görə, xaricdə təhsil alanların ölkəmizdə vəzifələrə çəkilməsi müsbət addımdır:

 

“Lakin burada diskriminasiya olmamalıdır. Xaricdə təhsil alan və almayan şəxslər işə qəbul prosesində ayrı-seçkiliyə məruz qalmamalıdır. Sadəcə olaraq, sahibkarlar müəyyən qabiliyyətləri, ixtisas biliklərini nəzərə alarkən, görür ki, xaricdə oxuyanlar daha təcrübəli olurlar. Amma Azərbaycan universitetlərində təhsil alan, müxtəlif səbəblərdən xaricə gedə bilməyən, kifayət qədər yaxşı mütəxəssis var. Ona görə də biz yaxşı  kadrları itirməməliyik. Yaxşı kadr hansı  meyarlarla ölçülür? Burada şəxslərin bacarığa, savada, analitik təfəkkürə malik olması və s. nəzərdə tutulur.

 

Müsahibimiz vurğulayıb ki, xaricdə təhsil alanlarla ölkəmizdə oxuyanlar arasında fərq qoyulmamalı, istedadlı kimdirsə, onlara üstünlük verilməlidir:

 

“Sahibkarların xaricdə təhsil alanları kadr kimi seçməsi, yüksək təhsil almış şəxslərin bu müsabiqələrdən keçməsi və üstün tutulması düşünürəm ki, normal haldır. Hətta dövlət qulluğuna qəbul zamanı xaricdə təhsil alanların müəyyən mərhələlərdən azad olması səbəbi də bununla əlaqədardır. Yəni, dövlət həmin gənclərin ölkənin insan kapitalına daxil olmasında maraqlıdır. Çünki onların təhsilinə kifayət qədər vəsait ayrılıb. Həmin şəxslərin ölkəmizdə çalışaraq, vətənimizə fayda verməsini təmin etməyə çalışırlar.

Nəticə olaraq deyə bilərəm ki, dövlət xaricdə təhsil alan vətandaşlarımızın geri qayıtmasına şərait yaratmalıdır. Onlar ölkəmizin iqtisadi inkişafı üçün vacibdirlər. Amma bu da yerli təhsili diskiriminasiya edərək, gerilətməməlidir. Mütəxəssis seçilərkən, heç vaxt yerli və xarici arasında fərq qoyulmamalıdır. Müəyyən qabiliyyət və təcrübəyə əsaslanan seçim olmalıdır. Unutmamaq lazımdır ki, həm ölkədə, həm də xaricdə təhsil alanlar Azərbaycan vətəndaşlarıdır. Onlar ölkəmizin inkişafına öz töhfələrini verməlidirlər”.