Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-02 17:40:00
“Müəllim obrazı ekranlaşdırılmalıdır” - Kinoşünaslar danışır  

 

Bu gün Azərbaycan kinosunun yaranmasından 125 il ötür. Ulu öndər Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.

 

Bir çox bədii filmimizdə təhsilə aid obrazlara: müəllimlər, şagirdlər, tələbələr, alimlər, professorala rast gələ bilirik. Bunlara misal olaraq “Bizim Cəbiş müəllim”, “Həm ziyarət, həm ticarət”, “Nəsimi”, “Dəli kür”, “Qəm pəncərəsi” filmlərinin adını çəkə bilərik.

İndiki dövrdə isə ekranlarda təhsilə aid Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” bədii filmi, “İmtahan” və “Çılğın sinif” seriallarını görə bilirik. Amma bunlar kifayət edirmi. Təbii ki, xeyr.  

Bəs indiki dövrdə təhsil mövzusunda filmlərə maraq azalıb? Niyə keçmiş dövlərdəki kimi təhsillə bağlı dillər əzbərinə çevrilən maraqlı filmlər çəkilmir?

 

Sualımızı cavablandıran görkəmli kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə vurğulayıb ki, “İmtahan” və “Çılğın sinif” serialları indiki dövrün tədris sistemini təzahür etdirir:

 

“Əvəllər məktəb və institutlarda qayda-qanun var idi. Müəllim qapıdan içəri daxil olanda şagird və tələbələr ayağa qalxırdı. Amma indi tələbə özünü müəllimdən əvvəl içəri salır. Valideyn deyirdi ki, təki övladıma dərs öyrət, nadinclik edərsə, cəzasını da ver.

 

İndi isə şagirdlər auditoriyada dərsdən kənar hərəkətlər edirlər, müəllim bir tədbir görəndə isə hər kəs ayağa qalxır. Artıq həyatımızda çox şey dəyişib. Uşaqlar da bilirlər ki, 8 Mart gələcək, valideynlər pul yığıb verəcək. Əvvəl müəllimləri gül-çiçəklə, indi isə qızıl sırğa, qolbağla təbrik edirlər.

 

Şagird də bunu görür və düşünür ki, onsuz da qiymətini yazacaqlar və dərs oxumurlar. Bunlar böyük dəyişikliklərə aparan kiçik məsələlərdir. Filmlərdə də indi bunları əks etdirirlər”.

 

20 ilə yaxın Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində müəllim işlədiyini söyləyən A. Kazımzadə sonra ərizə yazıb, işdən çıxıb:

 

 

“Çünki uşaqlarda maraq yox idi. Sentyabrın 15-də dərslər başlayanda sinfə daxil olanda uşaqlardan soruşurdum ki, kinoşünaslıq ixtisasına kim özü bilə-bilə imtahan verib gəlib? Uzaq başı kinoşünas olmaq istəyən 2 nəfər əlini qaldırırdı, qalan 25 nəfər isə deyirdi ki, təsadüfən bu ixtisasa düşmüşəm. Beləliklə, həmin tələbələr üçün dərs maraqsız olur və onlar dərsdə cürbəcür söhbətlər, hərəkətlər etməyə başlayırlar. “İmtahan” filmini izləmişəm, orada  da bunlar göstərilib. Çünki doğrudan da həqiqət belədir, o filmi yalandan çəkməyiblər. Komediyaxana lağlağıdır, “İmtahan” filmində isə olanı göstərirdilər.

 

Biri var dövlətin sifarişi ilə çəkilən filmlər, biri də var ki, prodüser pul tapıb, verir ki, bu filmi çək. Resjissorun ixtiyarı nədir ki, “çəkmirəm” desin. Özəl çəkilişlərin əksəriyyəti bizim milli-mənəvi dəyərlərimizə cavab vermir. Ruslar bir sözü var, “kto zakazyvayete tot muzuku igray”, yəni “kim pulu verirsə, musiqi də onun üçün çalınır”. Bu, pul bizi tamamilə başqa istiqamətə aparıb çıxarır”.     

 

Niyə mədəniyyət nazirləri ard-arda dəyişdi? Əbülfəs Qarayev getdi, Anar Kərimov gəldi, ondan sonra da Adil Kərimov təyin olundu. Ona görə kinonun da vəziyyəti belədir. Həmin adamların nazirliyə gətirdiyi adamlar elə şərait yaratmışdı ki... Həmin vəziyyətdə kino yada düşə bilməzdi. Adil müəllim kino ilə bağlı iclas keçirdi. İclasa hamını dəvət etmişdi, veteranları belə. İndi təqaüdçülər unudulmuş insanlardır, amma bizi də dəvət etmişdilər. Aydın oldu ki, qarşımızda böyük məsələlər var. Bu gün də bizi Nizami kino mərkəzinə yığır, layihələr hazırlanır, bəzləri dövlətə təqdim olunub. Mən həmişə ümidlə yaşamışam. Ümid edirəm ki, bu dəfə böyük bir canlanma olacaq. Canlanma olandan sonra filmlər planlı şəkildə çəkilməlidir. Plan olmayan yerdə dağınıqlıq olur. Bundan sonra əvvəlki dövrlərdə ssenari şura tərəfindən 5-6 dəfə dəyişilirdi. Niyə görə indi deyirlər ki, keçmişdəki filmlər aləm idi? Xeyr, keçmişdəki filmlərin demək olar ki, yarısı zəif filmlər idi. Ekranda bir dəfə göstərilirdi, sonra efirə verilmirdi. Bəs onda niyə indi də baxılır? Çünki orada qoyulan məsələrdə qayda-qanunlar gözlənilirdi. Bütün etika, ədəb-ərkan qaydaları məsələ kimi çox gözəl qoyulurdu, sadəcə ssenari zəif olduğundan film də zəif olurdu. İndiki filmlərdə biz o qaydaları görə bilmədiyimiz üçün keçmişdəkilər bizə xoş gəlir. Artıq dövlətin də güclü nəzarəti olacaq, film çəkənlərin də məsuliyyəti birə-beş artacaq. Filmlər bizim idealogiyamıza uyğun çəkiləcək. Buna yüz faiz əminəm. Bu şəkildə sona qədər gedə bilməz”.

 

 

Kinoşünas, rejissor  Ayaz Salayev diqqətə çatdırıb ki, indi bir çox mövzuda artıq film çəkilmir:

 

 

“O cümlədən, ziyalı, müəllim obrazı əfsuslar olsun ki, ekranlarda çox az əks etdirilir. Mütləq bu obrazlarda filmlər çəkilməlidir. Ssenarilər yazılarkən çox ciddi düşünülməlidir. Çünki həyat məktəblərdə qaynayıb qarışır. Bəs, bu, məktəbləri maraqlandırırmı? Əsas məsələ budur”.