Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-02 10:49:00
"Fədakar müəllim": “Yola 200 manat xərcim çıxır, amma...” - Müsahibə

AzEdu.az təhsil portalı bundan öncə dərs demək üçün uzaq məsafələr qət edən və çalışdığı məktəbə qayıq, gəmi, hətta helikopterlə yollanan müəllimlərlə müsahibələr dərc edib.


Bu dəfə haqqında bəhs etdiyimiz Nübar Hüseynli dərs keçmək üçün hər gün 45 km yol qət edərək Sabirabaddan Saatlıya gedir. 



AzEdu.az  "Fədakar müəllim" rubrikasının növbəti müsahibi ilə söhbəti təqdim edir.  

 

 

-Özünüzü oxucularımıza təqdim edərdiniz...

 

-Mən- Hüseynli Nübar Telman qızı 1994-cü il yanvarın 5-də Sabirabad rayonu Qaraağac kəndində anadan olmuşam. İlk orta təhsilimi 2000-ci ildə yaşadığım Qaraağac kəndinin tam orta məktəbində almışam. 2009-cu ildə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinə daxil olub, 2013-cü ildə Kollec məzunu olmuşam. 2015-ci ildə Qaraağac kəndində müəllim kimi fəaliyyət göstərmişəm. 2020-ci ildə müəllimlərin işə qəbul (MİQ) imtahanında yüksək bal toplayaraq Saatlı rayon Dəllər kənd V.Zeynalov adına ümumi orta məktəbdə dərs keçməyə başlamışam. 2023-cü ildə sertifikasiya imtahanında mümkün 60 baldan 54 bal toplamışam. Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin "Sürətli hesablama ilə beyin gimnastikası" adlı layihəsi ilə qalib olmuşam.

 

-Saatlıda hansı məktəbdə fəaliyyət göstərirsiniz?

 

 

-Saatlı rayon V.Zeynalov adına Dəllər kənd ümumi orta məktəbdə ibtidai sinif müəllimliyi üzrə 4-cü sinifə dərs deyirəm.

 

 

-Sabirabadda yaşayırsınız. Məktəbi niyə dəyişmək istəməmisiniz?

 

-MİQ imtahanım üçün gələn il müraciət edəcəm. Çünki 4-cü sinfimi təhvil vermək istəyirəm.

 

-Həftədə neçə dəfə dərsə gedib-gəlirsiniz?

 

-Həftə ərzində 5 gün gedib-gəlirəm.

 

 

- Hər ay nə qədər yol xərciniz çıxır?

 

-Hər ay üçün ən azı 200 manat yol xərci çıxır. Aylıq maaş üçün dərs keçmirəm, işə peşəmi sevdiyim və hər gün fidanlarımı görmək üçün gedirəm..

 

 

-Müəllimlik peşəsini dəyişmək istəmisiniz?

 

-Xeyr, çünki özümü başqa bir peşədə görə bilmirəm. Sanki bu peşə mənə ilham, stimul verir.

 

 

-Çalışdığınız müddət ərzində yolda heç ekstremal vəziyyətə düşmüsünüz?

 

-Qar yağanda bənd üstü və körpü üstü olduğu üçün qorxulu anlar yaşamışıq.

 

 

-Qrant layihənizin qalib olacağına inanırdınız?

 

-Qrant layihə verməyi çoxdan düşünürdüm, amma bu ilə qismət imiş. “Mental Arifmetika” kağız, qələm, kitab, hesab maşını olmadan insan beyni vastəsi ilə yerinə yetirilən hesablama növüdür. “Mental-Arifmetika” proqramı bir zehni inkişaf proqramıdır. Qaliblər sırasında olmaq qürurvericidir. Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin nəticələri açıqlananda qalib olacağıma inanırdım.