Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-07 13:51:00
 Müəllimlərlə bağlı  ən təsirli 3 xatirə: “Direktor fəhlə kimi işlətmək istəyəndə, nə təhər qışqırdımsa...”

 

İki gün öncə Beynəlxalq Müəllimlər Günü ilə bağlı sosial şəbəkələrdə də aktivlik müşahidə edildi.  Əksər istifadəçilər öz müəllimlərini yada salıb, onları təbrik etdilər.

AzEdu.az  ictimaiyyətə bəlli şəxslərin “Müəllimlər Günü” ilə əlaqəli maraqlı və təsirli paylaşımlarından ən yaxşı üçünü  təqdim edir.

Jurnalist Bahadur Seyidov: “Müəllimlik də o “lapatka”nın dalınca getdi”

“4 il müəllim işlədim. 2007-2011- ci illər. 5 oktyabr 2011 - ci il bizi Rayon İcra Hakimiyyətinə  çağırdılar.  Direktor demişdi ki, evdən "lopatka" götür. Fikirləşirdim ki, oradakı fəhlələrə lazım olar, yəqin...  Kostyum geyinib, qalstuk taxdım.  Elə bildim ki, bizi çağırıb müəllimlər günü münasibətilə təbrik edəcəklər..

Rayona çatdıq. Rayonun bütün küçələrində iməcilik gedirdi. Müəllimlər əlində bel səkilərin kənarını şumlayırdılar. Bizə ayrılmış sahəyə çatdıq. Əlimizə bel alıb müəllimlər günü münasibətilə yer şumlamağa başladıq. Mən özümü təhqir olunmuş kimi hiss edirdim. Ona görə əlimdə bel işləmirdim. Sadəcə belə söykənib fikirləşirdim. Başa düşməyə çalışırdım... Heç cür məna verə bilmirdim. Yuxuda olduğumu düşünürdüm. Adi günlərdə yox, məhz müəllimlər günündə belə bir iməcilik nə üçün idi?  Birdən direktor yaxınlaşıb dedi ki, sən zəif işləyisən. Ürəksiz.

Necə qışqırdımsa, səsimə hamı dönüb mənə baxdı. Əlimdəki lopatkanı var gücümlə tulladım.. ...Və müəllimlik də o lobatkanın dalınca getdi...

Bayramınız mübarək olsun, əziz müəllimlər....”

 Araşdırmaçı-jurnalist, ilahiyyatçı Rəsul Mirhəşimli: “Avropa ilə özümüzü müqayisə etmək lazım deyil”

 “Ərdəbilə gedəndə bizi o tay Biləsuvardan aparan taksi sürücüsü pensiyada olan müəllim idi. Mənimlə yaşıd olduğunu dedi. 50 yaşında 30 il əmək stajı ilə pensiyaya çıxıb. Sığortası olduğu üçün hər ilinə 1000 manat dəyərində sığorta hesablayıb, 30 illik staja görə 30 min manat dəyərində pul ödəyirlər. Adam bizim pulun dəyəri ilə 1200 manat pensiya aldığını söylədi.

Avropa ilə özümüzü müqayisə etmək lazım deyil, məncə. Elə cənub qonşumuz, bir  Şərqi ölkəsi ilə müqayisə edəndə də xəcalətli çıxırıq.

Peşə bayramınız mübarək olsun, əziz müəllimlər!”.

Jurnalist Dünya Sakit:“Müəllimləri dünyanın ən dözümlü insanları hesab edirəm”

 “İxtisasca müəlliməm - tarix müəllimi. Amma heç vaxt müəllim işləməmişəm - etiraf edirəm ki, müəllim ola bilməyəcəyimi dərk etdiyim üçün buna çalışmamışam da. Müəllim səbri, müəllim dözümü məndə yoxdur. Buna görə də müəllimlik edən insanlara həmişə həsəd aparıram. Başda atam olmaqla, onları dünyanın ən dözümlü insanları hesab edirəm - bir gündə hələ tam formalaşmamış azı 50-60 şagirdlə təmasda olmaq, onlara dərs keçmək məncə, çox ağır işdir. İzafi əmək, izafı səbir, izafi əsəb tələb edir. Bu çətin peşəyə ürəkdən bağlı olan, işini sevərək görən bütün müəllimlərin günü mübarək olsun! Allah gözünüzdən nuru əskik etməsin!”.