Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-31 16:28:50
“Müğənniyə 250 min, təhsilə 2 min xərcləyir” - İqtisadçı alim niyə HİDDƏTLƏNDİ...

“Müğənniyə 250 min, təhsil haqqına 2 min manat verir və yüksək keyfiyyət istəyir”.

 

Bunu AzEdu.az-a açıqlamasında iqtisad elmləri doktoru, professor Zahid Məmmədov deyib:

 

“Sovet dövrünün 70-80 yaşlı alimlərinin fotolarına baxanda mən dəhşətə gəlirəm. Onlarda sözün əsl mənasında professor siması var. Sovet vaxtında “on jivyot kak professor”,- deyə bir ifadə vardı – yəni “o, professor kimi yaşayır”. Cəmiyyətdə ən zəngin, ən ziyalı və güclü adam professordur. Onun sözü cəmiyyətdə ən çox təsirli olandır, o, məclisə daxil olanda hamı ayağa qalxar. Hətta “Moskva göz yaşlarına inanmır” filmində qız öz prestijini ifadə etmək üçün professor evini göstərərək deyir ki, bura bizim evimizdir. Təsəvvür edin ki, professorlar hansı şəraitdə yaşayırdı. Sovet dövründə professorun dediyi sözlər doğru idi, ikinci alternativ ola bilməzdi. Rayonda eşidəndə ki, kəndə hər hansı ali məktəbin müəllimi gəlib, orada hər kəs onunla görüşə can atardı.

 

Bu gün insanlar rayonlara gedən müğənnilərlə şəkil çəkdirmək üçün növbəyə dayanırlar. 4 saat üçün türk müğənnisinə 250 min manat verir, təhsil haqqı üçün isə 2 min ödəyir və deyir ki, mən yüksək keyfiyyət istəyirəm. Sən 250 minə öz rayonunda, kəndində bir məktəb aça bilməzdinmi? Təhsilin inkişafı üçün nə etmisən? Ancaq təhsilin inkişafını müzakirə edirsən...

 

Dünyada 3 peşə sahibinin cübbə daşımağa haqqı var: hakim, ruhani və professor. Çünki onlar vicdanı qarşısında qərar verirlər. Professor imtahan götürür, qiymət yazır. Bu gün Dövlət İmtahan Mərkəzi kompüter sistemi ilə işləyir. Bu gün görəsən, professor imtahan götürə bilirmi?..

 

Sovet dövründə elmi dərəcəsi olmadan müəllim auditoriyaya girə bilməzdi. Bu gün isə nədənsə siz heç bir elmi-pedaqoji fəaliyyətlə məşğul olmadan auditoriyada dərs deyə bilirsiniz.

 

Mənə dünən bir professor deyir ki, universitetlərin birində onu imtahana çağırıblar. Onu imtahan edən isə cavan, ixtisası məlum olmayan bir şəxsdir. Elmi adı təsdiq olunmuş professoru yenidən sınağa çəkmək nə qədər doğrudur?”.