Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-28 16:29:00
“Xarici tələbələr bizim proqramı niyə seçsin?!” + VİDEO  

 Eldar Aslanov:  “Dövlət sifarişi ilə oxuyan hər bir tələbəyə görə, 260 manat  itiririk”

 

 

“ADPU –nun yalnız pedaqoji kadr hazırlığı ilə davam etməsini problematik hesab edirəm”

 

 

 

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin tədris işləri üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Aslanovun qonağı olduq. Onunla universitetin təhsil strategiyası, qlobal çağırışlarla bağlı həyata keçirilən tədbirlər, eləcə də ölkənin elm və təhsil həyatında reallaşan islahatlar barədə maraqlı müzakirə apardıq.

 

AzEdu.az müsahibəni təqdim edir:

 

-Azərbaycan Dövlət Pedaqoji Universitetinin dünəni necə olub, bu gün necədi və sabah nələr gözlənilir?

 

-ADPU ölkəmizin ən qocaman ali məktəblərindən biridir. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) bu universitetin müəllim hazırlayan bir təhsil müəssisəsi kimi fəaliyyətə başalamasını 1920-ci ilin yaz aylarına planlaşdırsa da, aprel ayında AXC-nin istila olunması bu planı təxminən bir il ertələdi. Universitetimizin yarandığı andan bu günə qədər, Macarıstan, Bolqarıstan, Cənubi Azərbaycan, Orta Asiya və Cənubi Qafqaz ölkələri də daxil olmaqla təxminən 170 mindən çox məzununun oldğunu bilirik.

 

-Abituriyentlər  ADPU-nu niyə seçməlidirlər, sizin ali təhsil ocağını digər universitetlərdən fərqləndirən üstün cəhətlər hansılardır?

 

- ADPU orta məktəbə müəllim hazırlığı üzrə ölkəmizdə bir markadır. Təbii ki, ADPU tarixi çətin yol keçib. Müstəqilliyimizin ilk illərində ölkənin təhsil sistemi müəyyən yaralar alıb. Buna rəğmən ADPU ayaqda qalmağı, eləcə də inkişaf etməyi bacarıb. Hazırda universitetimizin Avropanın 7 ölkəsinin universitetləri ilə mübadilə proqramları var. Bunlardan ən uzun müddətli davam edəni Danimarka universitet kollecidir. Hazırda 6 tələbəmiz heç bir xərc ödəmədən 1 və ya 2 semestr müddətində Danimarka universitet kollecində təhsillərini davam etdirir.

 

 

-Müəllimlərin sertifikasiya imtahanlarında 55 faizi 30-50 bal, 35 faizi 0-29 bal, 10 faizi isə 51 bal və yuxarı bal toplayıb. 35 faiz müəllimin 0-29 bal yığması kifayət qədər ciddi siqnaldır. Bəzən bu aşağı nəticəyə görə universitetləri də qınaq obyektinə çevirirlər. Bu işdə sizin ali təhsil ocağının məsuliyyəti nə qədərdir?

 

 

-Məsuliyyəti bölüşürük, amma 0-29 bal yığan 35 faizin, demək olar ki, hamısı imtahanla yox, imtahandan öncə qəbul olunan şəxslərdir. Təxminən 2000-ci ilə qədər orta məktəbə müəllimlərin qəbulu prosesini hamı bilir. Bu barədə danışmaq istəmirəm. Həmin dönəmlərdə diplomların alınması da sual doğururdu. Bu prosesi təhsil cameəsi yaxşı bilir. Saxta diplomlarla çalışan müəllimlərdən də xəbərimiz var. Buna dair rəsmilərin açıqlamaları ortadadır. ADPU -nun həm qocaman, həm də yeni məzunları orta təhsilin əsas yükünü çəkirlər. Pedaqoji kadr hazırlığının 25  faizini ADPU verir və burada liderliyi qoruyur. Bizdən sonra təxminən 10 faiz də Bakı Dövlət Universitetinin üzərinə düşür.

 

-Belə təkliflər var ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti istisna olmaqla, bütün digər ali təhsil müəssisələrindəki pedaqoji ixtisaslar ləğv olunsun. Buna necə baxırsınız?


-Mən elə düşünmürəm, hesab edirəm ki, rəqabət olmalıdır. Hazırda bununla bağlı aydın bir plan var. Ali təhsil müəssisələrinin akkreditasiyası ilə bağlı yeni meyarlar - həm institusional və proqram akkreditasiyası- təsdiq olunub. ADPU bu yaxınlarda institusional akkreditasiyadan uğurla keçib. Biz səbirsiziklə proqram akkreditasiyasını gözləyirik. Bu, dünyada tətbiq olunur. Proqram akkreditasiyası odur ki, tutalım, eyni vaxtda fizika müəllimliyi ixtisası üzrə müəllim hazırlayan 7 ali məktəbin proqramları akkreditə olunur. Təklifimiz ondan ibarətdir ki, bu 7 ali məktəbdən nəticələri ən zəif olan ali məktəblərin qəbul planı hansısa formada azaldılsın. İddia etmirəm ki, həmin ali məktəbdə o fakültə bağlansın. Ya qəbul planı azaldılsın, ya da onlara hansısa bir formada dəstək verilsin. Nəticələri ən yüksək formada olan ali məktəbə isə hansısa formada mükafatlandırılsın. Ona görə də “başqa ali məktəblərdə pedaqoji kadrlar hazırlanmasın” fikrini dəstəkləmirəm. Sağlam rəqabət olmalıdır, nə qədər keyfiyyətli kadr hazırlansa, bu, ölkəmizin xeyrinədir.

 

-Müəllim heyəti yenilənirmi, daha çox hansı kadrlara üstünlük verilir, yerli universitetləri bitirənlərə, yoxsa xaricdə təhsil alanlara?

 

-Hazırda ADPU - da 845 nəfər professor-müəllim heyəti çalışır. Bu dəyişikliyi attestasiya ilə etdik. Təbii ki, qocaman müəllimlərimiz də var. ADPU-da ortalama yaşı 66+ olan müəllimlər fəaliyyət göstərirlər. Bu, belə də olmalıdır. Çünki 102 yaşımız var.  Devizimizdə olduğu kimi, ənənələrə sadiq, yeniliklərə açıq ali məktəb olaraq, cavanları da işə cəlb etməyə çalışırıq. Fənləri Azərbaycan, rus və ingiliscə tədris etmək bacarığı olan müəllimlərə üstünlük veririk. Amma bu o demək deyil ki, digər iki dili bilən müəllimi seçmirik. Elə olur ki, hansısa müəllim əcnəbi dili bilmir, amma ixtisasına mükəmməl şəkildə yiyələnib. Biz o müəllimi də seçirik. Mühüm amillərdən biri də odur ki, daha çox öz məzunlarımıza üstünlük veririk.

 

 

 -Qeyd etdiniz ki, ADPU-da yenilənmələr gedir və “2030-cu il planı”nız var. Nələr dəyişəcək?

 

-Sizinlə yalnız xüsusi düşüncəmi bölüşə bilərəm. Universitetin bununla bağlı plan və proqramı tam dəqiqləşməyib, təsdiqlənməyib. Bunu universitetin mövqeyi kimi demək doğru olmaz. Şəxsi fikrim ondan ibarətdir ki, bir ali məktəbin yalnız pedaqoji kadr hazırlamaqla qlobal təhsil məkanına inteqrasiyası və orada yaşaması mümkün deyil. Qəbul etməliyik ki, Azərbaycan təhsili avropa və dünya təhsil sisteminin bir hissəsidir. Hər gün müxtəlif sənədlərə imza atıram. Onların hamısı Kanada, Avstraliya, Avropanın müxtəlif ölkələri və qardaş Türkiyəyə magistr pilləsi üçün təhsil almağa gedən tələbələrdir. ADPU yalnız ölkədə pedaqoji kadr hazırlayan 20 ali məktəbin deyil, dünyanın istənilən ali məktəbinin rəqibidir. XXI əsrdə, rəqəmsallaşma dövründə ADPU –nun yalnız pedaqoji kadr hazırlığı ilə davam etməsini problematik hesab edirəm.

 

 

- Xarici ölkə vətəndaşları sırasında ADPU-nu seçənlər varmı?

 

- Göstərdiyimiz təhsil xidmətləri orta məktəb müəllimi hazırlamaqdır. Bu, bizim əsas vəzifəmizdir. Cəmiyyət, dövlət və nazirliyimiz bizdən orta məktəb üçün keyfiyyətli kadr hazırlığı gözləyir. Amma məntiqli sual ortaya çıxır. Axı xarici tələbələr bizim proqramı niyə seçsin?! Deməli, ali məktəb olaraq, beynəlxalq təhsil xidmətləri bazarının iştirakçısı olmaq istəyirsinizsə, onların alacağı  xidmətləri təklif etməlisiniz. Yəni elə proqramlarımız olmalıdır ki, daxili bazarlarla bərabər, beynəxalq bazarı da cəlb etsin. Azərbaycanlı tələbələr mühəndislik, tibb, bizes, diplomatiya, antropolgiya və arxeologiya üzrə dünyanın qabaqcıl universitetlərində təhsil alırlar. Orada aldıqları bilik, bacarıq və kompetensiya Azərbaycanda, eləcə də dünyanın istənilən yerində keçərlidir. Amma biz bu gün daha etnosentristik təhsil veririk.

 

 

-ADPU - da hər hansı bir müəllim və yaxud da professor kifayət qədər yaşa dolubsa, onu işdən azad edirsiniz, yoxsa fəxri müəllim, fəxri professor kimi onun bilik və təcrübəsindən elmi əsərlərin yazılmasında istifadə edirsiniz?

 

 

-Xidmətləri olmuş dəyərli alimlərimizi bir qərarla işdən uzaqlaşdıra bilmərik. Bu, tədricə həyata keçirilən prosesdir. Ali məktəbdə pensiya yaşı məhdudiyyəti yoxdur. Bu, dünyanın qabaqcıl ölkə üniversitetlərində yoxdur. Məslən, Amerikanın “Corc Vaşinqton” universitetində də təqaüd yaşı yoxdur. Təbii ki, yaşlı müəllim sağlam olmalıdır, öz işinin öhdəsindən gəlməlidir. Elmi Şuranın qərarı əsasında yaşı 75-i aşmış müəllimlərlə illik müqavilələrlə davam edirik. Elə müəllimlər də olur ki, özləri müraciət edib, dərs saatlarının azaldılmasını xahiş edirlər. Yaşlı müəllimlərimiz daha çox magistratura və doktorantura pilləsində, bir də elmi rəhbər kimi fəaliyyət göstərirlər.

 

-Yenilənmə və rəqəmsallaşmanın bir qolu da distant təhsildir. ADPU- distant təhsilə hazırdırmı?

 

- Ali təhsillə bağlı qlobal çağırışlar rəqəmsallaşma,  sosial sahibkarlıq və beynəlmiləlləşmədir. Həm pandemiya, həm də qloballaşma təhsil xidmətləri paketinin yalnız sinxron deyil, asinxron üsullarla verilməsinin vacib olduğunu sübut etdi. Amma ADPU –da  pedaqoji kadr hazırlayan bir ali məktəb kimi distant təhsil o qədər də aktual görünmür. Pedaqoji kadr hazırlığında uzaqdan təhsil xidmətləri o qədər də cəlbedici deyil. Bununla yanaşı, anlayırıq ki, hər an arzuolnmaz bir halla üz-üzə qala bilərik və distant təhsil zərurətə çevrilər. Bundan dolayı müəllimlərin rəqəmsal bacarıqlarını artırmaq, universitetin infrastrukturunu fors-major hallara hazırlamaq istiqamətində işlər aparılır.

 

-Aldığımız məlumata görə, ADPU-nun kitabxanasını yenilənib...

 

-Universitetimiz ölkənin ən böyük informasiya daşıyıcısı olan “TOP-5” kitabxanasına malikdir.  BP- şirkətinə təşəkkür edirəm ki, təhsilə xidmət baxımından belə məhsuldar işlər görür. BP yeni maraqlı kitabların da dərc edilməsinə kömək edir. Bu şirkətlə əməkdaşlığımız davam edir. Yeni təhsil proqramları və yeni fənlər yeni məzmun diktə edir. Əslində ingilis dilində çoxlu kitablar ala bilərik. Elm və Təhsil Nazirliyinin köməkliyi ilə müəyyən kataloqlara qoşuluruq. Amma ingilis dilində həmin kataloqlarla işləyən, o kitabları oxuyub, anlayacaq, nə qədər əməkdaşımız var? Burada səmimi davranmalıyıq. Bu kitabların sayını artıracağıq, amma həmin məzmunun Azərbaycan və türk dillərinə gətirilməsi prioritet istiqamətdir. Nadir kitablarımız da var. Ötənlərdə onların sərgisini də keçirdik. Biz onları qoruyuruq.

 

-Qayibə görə imtahana buraxılmayan tələbələriniz olmamış deyil. Axı Bolonya sistemində qayiba görə, imtahana buraxılmama, nəticədə imtahandan kəsilmə anlayışı yoxdur? Niyə Bolonya sistemi tam tətbiq edilmir?

 

-Əlbəttə, belə tələbələr olur. ADPU- da təhsilalanların böyük bir hissəsi- 75-80 faizi xanımlardır. Xanımlar da 3 və 4-cü kurslarda ailə qururlar, ana olurlar. Bu da onların təhsil həyatına mane olur. Mövcud qaydalar var. Dərsə davamiyyətlə bağlı 25 faizlik limit  qoyulur. Avropa ali təhsil məkanı ilə müəyyən qədər əlaqəsi olan biri kimi deyirəm ki, davamiyyət məsələsi ümumavropa dəyəri deyil. Avropanın bəzi ölkələrində davamiyyət var, bəzisində yoxdur. “Azərbaycanda bunu ləğv edəkmi, saxlayaqmı?” sualına cavab verməkdə çətinlik çəkirəm.

 

- ADPU-nun iqtisadi durumu nə yerdədir, müəllimlərə verdiyiniz əmək haqqı onları qane edirmi, son illər maaşlarda nə qədər artımlar edilib?

 

2016-2023-cü illərin iqtisadi vəziyyəti ilə müqayisədə xeyli sağlamlaşma  aparılıb. 2013-cü ildən ali məktəblər özlərini maliyyələşdirməyə keçiblər. Bu gün dövlət ali məktəbə büdcə xətti üzrə köməklik etmir. Universitetlərə maliyyə dövlət sifarişinə ayrılan yerlərə görə olunur. Bir də ödənişli təhsildən daxil maliyyə gəliri var. ADPU-nun müsbət dinamikası ondan ibarətdir ki, hər il qəbul planı artır. Builki qəbul planımız 2500 nəfərdir, ötən il isə  2470 idi. Təhsil haqqı 2019-cu ildən sonra sabitləşib: 2 min manatdır. Bunu artırmağı hələ ki düşünmürük. Dövlət sifarişi üzrə 3 ixtisasda bir nəfərə düşən dövlət xərcinin miqdarı 1850 manatdır, burada 150 manat fərq edir.  16 ixtisasda isə bir nəfərə düşən dövlət xərcinin miqdarı 1710 manatdır, bu da 290 manat fərq təşkil edir. Deməli, ortalama götürəndə dövlət sifarişi ilə oxuyan hər bir tələbəyə görə, təqribən 260 manat  itiririk.

Amma qeyd etməliyəm ki, ilbəil qəbulumuzun keyfiyyət göstəriciləri yaxşılaşır. Ötən il 2470 yerimiz tam doldu və tələbələrin 74 faizi dövlət sifarişi ilə qəbul olundu. 300 –dən aşağı balla cəmi 200 tələbə qəbul olundu ki, onlar da qabiliyyət tələb edən ixtisasları seçiblər. Bu mənada tələbələrin dövlət sifarişi ilə təhsil alması bizim üçün cəlbedici görünmür. Arzu edərdik ki, ödənişli və ödənişsiz kadr hazırlığında rəqəmlər arasında düz mütənasiblik olsun. İndiki durum hüquqi və ədalət prinsipi baxımından doğru deyil.

 

 

 

Ardı var...