Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-27 15:41:31
700 bal toplayanlar niyə azalır? - Ekspert rəyi 

 

 Bir neçə gün əvvəl abituriyentlərin imtahan nəticələrinin bir qismi açıqlanıb. Bir nəfər maksimum göstərici əldə edib. Əvvəlki illərlə nisbətdə yüksək bal yığan abituriyentlərin sayının azaldığı düşünülür. Elə məhz buradan da iki məsələ ortaya çıxır: Yüksək nəticə göstərənlərin sayı niyə azalır və yüksək bal təhsilin səviyyəsindən xəbər verirmi? Orta məktəb proqramı abituriyenti ali məktəbə hazırlaya bilirmi?

 

 

Qeyd olunan mövzularla bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Nabatəli Qulamoğlu indiki testləri çətin yox, birbaşa ağlasığmaz hesab edir:

 

“Dəfələrlə demişik ki, orta məktəb proqramına daxil olan mövzular ali məktəbə hazırlamır. Həm miqyasına, məzmununa, həm də çətinlik dərəcəsinə görə fikirlər bu istiqamətdədir. Bunun nə məqsədlə olduğu anlaşılmır. Nəticələr də göz qabağındadır.

 

Mən Azərbaycan dili üzrə mütəxəssisəm. Bilirəm ki, Azərbaycan dili üzrə şagirdlərin göstərdiyi nəticələr müəllimlər subyektiv yanaşmasının nəticələrdir. Nəvəm də bu il qəbul imtahanı verib. Onun testlərinə nəzər saldıqda həqiqətən də dolaşdırıcı cümlələr olduğunu görürdüm. Biri var test çətin ola, biri də var ağlasığmaz ola. Balların aşağı düşməsinin başqa bir səbəbi ola bilməz.

 

Dəfələrlə DİM-ə qrammatik qaydaların ləğv edilməsi ilə bağlı məktub göndərmişəm. Bu il də göndərdikdə cavab verdilər ki, dərslikdə belə olduğu üçün bu şəkildə salınıb”.

 

Ekspert yüksək balın təhsil göstəricisi olub- olmadığını yoxlamaq üçün standartlara baxmağı tövsiyə edir:

 

“Bizim standartlarımız təhsil müəyyənedicisi hesab oluna bilər? Standartlar reallığa cavab vermirsə, göstəricilər heç də elmin səviyyəsindən xəbər verə bilməz.

 

Mən neçə abituriyent görmüşəm ki, yüksək balla qəbul olunub. Ancaq əmək bazarında özünə yer tapa bilmir. Bu o deməkdir ki, həmin adamlar fürsətləri dəyərləndirmək, bacarıqları aşkara çıxarmaq məsələsində o qədər də yaxşı deyillər.

 

Hər şey təhsillə bitmir. Əsas məsələ dövrün tələbinə uyğun bacarıqlara yiyələnmək və daim özünü inkişaf etdirməkdir”.