Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-27 09:19:07
“Ali Attestasiya Komissiyasının fəaliyyəti elmin inkişafına xidmət edir”  

 

 

AzEdu.az-ın müsahibi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) "Fizika və astronomiya" üzrə ekspert şurasının sədri, fizika-riyaziyyat elmləri doktoru Rasim Cabbarovdur. Onunla AAK və  onun nəzdində fəaliyyət göstərən ekspert şuraları barədə danışdıq.

 

-Rasim müəllim, Ali Attestasiya Komissiyasında ekspert şuraları öz fəaliyyətlərini necə qurublar?

 

-Ekspert şuraları uyğun elm sahələri üzrə yüksək ixtisaslı kadrlardan təşkil edilir və Komissiyada fəaliyyət göstərir. Ekspert şuralarının fəaliyyətini tənzimləyən əsasnamə vardır. Əsas prinsiplərimiz dissertasiya işlərinin obyektiv yoxlanmasını təmin etmək üçün gizliliyin və ədalətin qorunmasıdır. Müzakirə olunan işə verilmiş rəylə tanış olarkən gizlilik qorunur və rəyin müəllifinin kim olduğu açıqlanmır. Müzakirələrdən sonra gizli olaraq səsvermə keçirilir. Çalışırıq ki, obyektivlik qorunsun və Ekspert şurasının mütəxəssisləri tam sərbəst olaraq öz fikirlərini bildirsinlər.

 

-Bəs Ekspert Şurasının əsas prinsipləri nələrdir?

 

-Biz elmi dərəcə və ya elmi ad verilməsi üçün tövsiyələr hazırlayırıq və Ali Attestasiya Komissiyasının Kollegiyasına və ya Rəyasət Heyətinə göndəririk. Bu zaman əsas prinsiplərimiz elmi dərəcələrin və elmi adların verilməsi haqqında əsasnamələrin, o cümlədən Ekspert Şurasının əsasnaməsinin pozulmaması və işin elmi tərəfinin düzgün qiytləndirilməsidir. Əgər dissertasiya işi tələblərə uyğun olaraq yüksək səviyyədə yazılıbsa, iddiaçının bilik səviyyəsi də buna uyğun olmalıdır. Əks halda işin müəllif tərəfindən yazılması şübhə doğurur. Əsərləri və dissertasiyası yüksək elmi yeniliklərlə zəngin olan işləri müzakirə edərkən ekspertlər birmənalı olaraq dəstəkləyirlər. Çox təəssüflər olsun ki, bəzən başqa hallarla da qarşılaşırıq. Əsasən iddiaçının bilik səviyyəsi mütəxəssisləri qane etmir. Belə olan hallarda fikir ayrılıqları yarana bilir. Bəzi hallarda isə elmi dərəcənin verilməsi tövsiyə edilmir.

 

-Qeyd etdiniz ki, işin elmi tərəfinə daha çox diqqət yetirirsiniz. Meyarlar necə müəyyən edilir? Alınmış nəticələrin həqiqiliyi, doğruluğu necə qiymətləndirilir?

 

-Elmi dərəcələr və elmi adların verilməsi cənab Prezidentin fərmanları ilə təsdiq edilmiş əsasnamələrə uyğun olaraq aparılır. Bu əsasnamələrdə konkret olaraq tələblər müəyyən edilib. Komissiya tərəfindən ekspert rəyi üçün xüsusi forma tərtib edilib. Həmin formada əsasnamənin uyğun bəndləri göstərilib. Məqalə tələbləri, dissertasiyanın həcmi, oxşarlıq faktlarına münasibət və s. qiymətləndirilir. İddiaçıların işinin düzgün qiymətləndirilməsi və qərəzli halların qarşısının alınması üçün Ali Attestasiya Komissiyası bütün tədbirləri həyata keçirir. Məsələn, oxşarlıq faktlarına münasibət elə qurulub ki, plagiat faktı gizlədilə bilməz. Plagiat faktının olmadığı halda isə qərəzli şəkildə böhtana yol vermək olmaz. Çünki plagiat faktı uzun müddət müzakirə edilir, əsaslandırılır, iddiaçıya bu barədə suallar verilir və ən sonda isə qərar verilir. Elmi nəticələrin həqiqiliyinin müəyyən edilməsi məqsədi ilə elmi tədbirlərdə təqdimatlar nəzərdə tutulub. Tələblərdən biri odur ki, alınmış elmi yeniliklər yalnız respublikamızda deyil, xarici beynəlxalq konfranslarda da mütəxəssislər qarşısında məruzə edilməlidir. Məqalələr rəyləşdirilən jurnallarda dərc edilməlidir. Belə jurnallar üçün Komissiya tərəfindən müvafiq elm sahələrinə uyğun olaraq bazalar müəyyən edilib.

 

-Ekspert Şuraları öz fəaliyyətlərini necə qururlar? Sərbəst fəaliyyət göstərə bilirsiniz, yoxsa Ali Attestasiya Komissiyasının rəhbərliyinin və ya müvafiq şöbələrinin müdaxiləsi olur?

 

-Məlumdur ki, ekspertlər gizli və sərbəst şəkildə fəaliyyət göstərməlidirlər. İnkişaf etmiş ölkələrin hər birində belədir. İndekslənən jurnallarda məqalə çap edərkən bu hallarla qarşılaşırıq. Tanımadığımız mütəxəsislər tərəfindən verilmiş rəyləri cavablandırmağa məcbur oluruq. Ekspert tam sərbəst olmalıdır. Əks halda elmi işi düzgün qiymətləndirmək mümkün deyil. Professor Famil Mustafayevin Ali Attestasiya Komissiyasına rəhbərlik etdiyi dövrdə ekspertlərin sərbəst işləməsinə hər cür şərait yaradıləb. İddiaçı ilə rəyçi eyni müəssisədə çalışa bilməz, birgə müəllifli əsəri ola bilməz, ixtisasları uyğun olmalıdır və s. bu kimi prinsiplər ciddi qorunur. Komissiyanın sədrinin bu istiqamətdə geniş təcrübəsi vardır. Ona görə də onun rəhbərliyi dövründə çalışmaq bizə də asandır. Ekspert şurasının üzvləri yüksək ixtisaslı mütəxəssislərdən seçilir, tələbləri pozan üzvlər dərhal ekspertlikdən uzaqlaşdırılırlar. İstər Komissiya rəhbərliyi tərəfindən, istər müvafiq şöbə tərəfindən Ekspert Şurasına heç bir müdaxilə olmur. Ekspert Şurasının tövsiyəsindən və ya Komissiyanın qərarlarından razı olmayan iddiaçıların işinə apellyasiya qaydasında baxılarsa, yenidən iş Ekspert Şurasına qaytarılır və daha geniş müzakirələr aparılır.   

 

-Bəzən iddia olunur ki, AAK tərəfindən universitet və elmi tədqiqat institutlarında dissertasiya şuraları yaradılırsa, dissertasiya şurasından keçmiş işlərin təkrar gəlib ekspert şurasında yoxlanılmasına nə gərək var? İşlər niyə ilk mərhələdəcə həll olunmur? Bu fikirlərə mövqeyiniz maraqlıdır.

 

-Dissertasiya şuraları da Ekspert şuraları kimi Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilir. Dissertasiya şuralarının üzvləri ixtisaslara uyğun olaraq yüksək elmi göstəricilərə malik mütəxəsislər təyin edilirlər. Ona görə də Dissertasiya şuralarının da fəaliyyəti yüksək qiymətləndirilir. Komissiyaya daxil olmuş işlərə Ekspert şuralarında təkrar olaraq baxılması onların əməyini heç də azaltmır. Lakin təcrübə göstərir ki, Dissertasiya şuralarında müsbət səs qazanmış bəzi iddiaçılar Ekspert şurasında müsbət səs ala bilmirlər. Çünki bəzən elmi müəssisələrdə elmi rəhbərin, laboratoriya rəhbərinin şura üzvlərinə təsiri olur. Dissertasiya şuraları əsasən fəaliyyət göstərdiyi müəssisənin əməkdaşlarından təşkil olunur. Müəssisələrdə uzun müddət çalışmış əməkdaşlara güzəşt olunur. Ekspert şuraları isə müxtəlif müəssisələrdə çalışan mütəxəssislərdən təşkil olunur və Komissiyada fəaliyyət göstərirlər. Onlar daha sərbəst olduqları üçün iddiaçının bilik səviyyəsini daha obyektiv qiymətləndirirlər. Ali Attestasiya Komissiyası periodik olaraq öz fəaliyyəti haqqında sosial şəbəkə hesablarında rəsmi olaraq statistik məlumatlar açıqlayır. Yəni Komissiyada nə qədər işə baxılıb, nə qədər elmi dərəcə və elmi adlara təsdiq və ya imtina verilib. Statistik nəticələrə baxdıqda görünür ki, imtinaların sayı da çoxluq təşkil edir. Buna görə də Dissertasiya şuralarından keçmiş işlərin təkrar olaraq Ekspert şuralarında ətraflı yoxlanılması çox vacibdir

 

 

-Siz həm də, eyni zamanda fizika sahəsində tanınmış nüfuzlu alimlərimizdənsiz. Bir alim kimi Ali Attestasiya Komissiyasının fəaliyyətindən razısınızmı?

 

-Ali Attestasiya Komissiyası yalnız ölkəmizdə müdafiə etmiş elmi dərəcə iddiaçılarının və elmi ad iddiaçılarının işlərinin təsdiq edilməsini deyil, o cümlədən xarici ölkələrdə alınmış elmi dərəcə və elmi adların təkrar attestasiya əsasında tanınmasını həyata keçirir. Ona görə də Komissiya kifayət qədər beynəlxalq təcrübəyə də malikdir. Bunları nəzərə alaraq vaxtaşırı olaraq Komissiya yeni qərarlar verir, elmi dərəcələr və elmi adların verilməsi haqqında əsasnamələrə dəyişikliklər edilir. Dünya elmi ictimaiyyəti tərəfindən birmənalı şəkildə qəbul edilən “Web of Science” və “Scopus” bazalarına daxil olan jurnallarda məqalə çapına üstünlük verilir, professor elmi adı iddiaçıları üçün Hirş indeksi nəzərə alınır. Bu meyarların nəzərə alınması Azərbaycanın elmmetrik bazalarda dünyada reytinqinin artmasına səbəb olur. Komissiyanın fəaliyyəti şəffafdır, obyektivdir və Azərbaycan elminin daha da yüksəlməsinə və alim adının sözün əsl mənasında saflığına xidmət edir. Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası bütün mövzularda istənilən müzakirələrə açıq olan bir təşkilatdır, bütün sual və təkliflərin istənilən formada müzakirələri həyata keçirilir və bir təşkilat olaraq həmişə iddiaçıların rahatlığına və məmuniyyətlərinə xidmət etmək yolunda öz işini müasir tələblərə uyğun qurur.