Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-26 12:43:00
“İlin Gənc Müəllimi”: “İlk dərs günündə arı məni sancdı” - MÜSAHİBƏ

“İlin Gənc Müəllimi” müsabiqəsinin qalibləri ilə silsilə müsahibələrimiz davam edir. "İlin Gənc Müəllimi" AzEdu.az portalının Milli Məclisin Mədəniyyət Komitəsi ilə birgə keçirdiyi layihədir.

 

Növbəti müsahibimiz Azərbaycan dili və ədəbiyyat müəllimi Səltənət Qurbanovadır.

 

Səltənət müəllimə artıq 8 ildir ki, pedaqoji fəaliyyətlə məşğuldur. Azərbaycan dili və ədəbiyyat fənnini tədris edir. Həmçinin, Təhsildə inkişaf və innovasiyalar üzrə lll və lV qrant müsabiqələrinin qalibi və məktəb inspektoru kimi də fəaliyyət göstərir.

 No description available.


- Bildiyimiz qədər hər iki təhsilinizi fərlənmə ilə başa vurmusunuz. Tələbəlik illərinizi necə xatırlayırsınız?

 

- Tələbəlik illərim kifayət qədər aktiv və məhsuldar olub. Həm bakalavr, həm də magistr təhsili almışam. Hər iki təhsilimi fərqlənmə ilə başa vurmuşam. AzEdu.az-ın ""Brend tələbə" layihəsində məzunu olduğum Gəncə Dövlət Universitetində tələbələrə sertifikatlar verərkən sanki o illərə geri dönmüşdüm. Onlar "Brend tələbə" adını qazandıqlarına görə, mən isə "İlin gənc müəllimi" olaraq sertifikatları təqdimetmə səlahiyyətində olduğum üçün xoşbəxt idik.

 

- Universitet dönəmində təhsildən əlavə şəxsi bacarıqlarınızı artırmaq üçün nələr edirdiniz?

-Universitet dönəmində təşkilatlarda fəaliyyət göstərirdim. Öz bacarıqlarımı artırmaq üçün müxtəlif kurslara gedib öyrənirdim. Əlavə olaraq isə maddi imkanı aşağı olan abituriyentlərə Azərbaycan dili və ədəbiyyat fənlərindən könüllü olaraq dərslər keçirdim.

 

- Bu müqəddəs peşəni seçməyinizin səbəbkarı kimdir?

 

- Orta məktəbdə ən sevdiyim fənn Azərbaycan dili və ədəbiyyat fənni idi. Eləcə də bu fənni tədris edən Sevinc müəlliməni çox sevirdim. Ona baxıb bir gün mən də Azərbaycan dili və ədəbiyyat müəllimi olmağı arzu edirdim. Ən maraqlısı isə bu gün məzunu olduğum həmin məktəbdə mənə müəllimlik peşəsini sevdirən Sevinc müəllimlə birlikdə işləməyimdir. Bir sevindirici hal da odur ki, mənim də kifayət qədər şagirdlərim var ki, məhz mənə görə bu peşəni, bu ixtisası seçiblər.

 No description available.

- Şagirdlərinizlə ilk görüşünüz xatirinizdə necə qalıb?

 

- İlk müəllimlik təcrübəmə Göygöl rayonu Çaylı kənd tam orta məktəbində başlamışam. Müəllim olmağı, fayda verməyi, bu peşənin dəyərini, kimlərəsə sevinc yaşatmağın necə bir xoşbəxtlik olduğunu da elə həmin məktəbdə öyrənmişəm. O mühit, o kollektiv və o şagirdlər mənim həyatımda heç vaxt unutmayacağım və həmişə sevgi ilə xatırlayacağım anlar olacaq. Bu gün yaşadığım şəhərdə daha rahat şəraitdə fəaliyyət göstərsəm də, düşünürəm ki, ucqar kənd müəllimi olmağın zövqü, dəyəri və marağı bir başqadır.

Tək mən yox, şagirdlərim də çox həyəcanlı idilər, çünki şəhər məktəblərindən fərqli olaraq həmin məktəbdə müəllimə böyük ehtiyac var idi və sinfə girəndə anlamışdım ki, şagirdlərim məni necə həyəcan və səbirsizliklə gözləyirlərmiş. Bu duyğu mənə əlimdən gələnin daha çoxunu etməli olduğumu göstərmişdi və belə də oldu.

 

- Müəllimlik dönəminizdə başınıza hansısa maraqlı hadisə gəlib?

 

- Çaylı kənd tam orta məktəbində ilk dərs günüm idi. Sinfə daxil oldum. Şagirdlər şəhərdən gənc müəllim gəlir deyə həyəcanla məni gözləyirdilər. Bildiyim qədərilə uzun müddətdir ki, həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi yox imiş. Baxırdım ki, uşaqlar çox sevinclidirlər. Elə mən də onlar qədər sevincli və həyəcanlı şəkildə sinfə daxil oldum. Müəllim stoluna əyləşəndə hiss etdim ki, qoluma nəsə batdı. Həddindən artıq incitdi. Elə bildim ki, mismardı. Qolumu qaldıranda gördüm ki, arı səncıb. Dərs yeni başlayıb. Mən 45 dəqiqə boyunca uşaqlarla tanış olmalı, onlarla söhbət etməliyəm, dərs keçməliyəm. Uşaqlara belə bir şeyin baş verdiyini desəm, necə reaksiya verəcəklərini bilmirdim. Nə şagirdləri, nə də məktəb kollektivini tanımadığım üçün heç nə deməmək qərarına gəldim. 45 dəqiqəlik dərsin sonuna kimi o ağrıyla uşaqlarla tanış olmuş, deyib-gülmüşdüm. Məni qaşqabaqlı, aqressiv biri kimi tanımasınlar deyə ağrını hiss etdirmədim. Zəng vurulduqdan sonra tanıdığım bir müəllimə yaxınlaşıb məni arı sancdığını dedim. Daha sonra gəlib arının iynəsini çıxarıblar. Hamının ilk sualı bu oldu ki, “sən bu ağrı ilə necə dərs keçdin?”. Bu heç vaxt unutmayacağım bir hadisədir.

 

- Hər kəsin yaxşı müəllim anlayışı fərqlidir. Bəs sizcə, əsl müəllimin xüsusiyyətləri nələrdir?

- Düşünrəm ki, əsl müəllim fədakar olmalı, şagirdlərini tanımalı, onları öz maraqlarına uyğun istiqamətləndirməli, uşaqların həyatına müsbət mənada toxunmağı bacarmalı, rəğbətləndirməli, yeniliklərlə tanış etməli, fənninə maraq yaratmalıdır. Tək fənninə yox, məktəbə, həyata, insanlara, gələcəyə ümid aşılamalıdır. Əsl müəllim təkcə öyrədən yox, həm də daim öyrənən, öz üzərində çalışandır. Əsl müəllim bilir ki, yerində saymaqla faydalı ola bilməyəcək və öz komfort zonasını tərk edərək axtarır, yenilikləri öyrənir, öz dərslərinə tətbiq edir və bundan həm zövq alır, həm də fayda verir.

No description available.

- Müəllim olduğunuz dönəmdə hansı çətinliklərlə üzləşmisiniz? Sizi çıxılmaz vəziyyətə salan şagirdləriniz olub?

- Düşünürəm ki, müəllim olmaq elə çətinliyin düz ortasında dayanmaq deməkdir. 7 il ucqar kənd məktəbində çalışmaq, uzun yollar, odun sobası, internet çatışmazlığı və daha saya biləcəyim nə qədər çətinliklər olub. Bu çətinliklərlə mübarizə aparanda və həmin çətinliklərə baxmayaraq, məqsədindən dönməyəndə görürsən ki, sən əslində çox şey bacarıbsan. Cəmiyyət üçün kiçik, amma mən və şagirdlərim üçün böyük olan çox şey.

 

- “İlin Gənc Müəllimi” müsabiqəsinə qatılmaqda gözləntiləriniz nə idi? Özünüzü necə motivasiya edirdiniz?

- “İlin gənc müəllimi” müsabiqəsinə qatılanda təvazökarlıqdan uzaq olsa da, özümü 50-likdə, daha sonra isə 10-luqda görürdüm. Motivasiyam şagirdlərim idi. Hər dəfə müsabiqə ilə bağlı söz düşəndə onlardan o qədər xoş cümlələr eşidirdim ki, 10-luğa düşməsəm belə, özümü qalib kimi hiss edirdim. Çünki onların gözündə “İlin gənc müəllimi” məhz mən idim.

- Qaliblərdən biri olduğunuzu öyrəndikdə hansı hisləri keçirdiniz?

- Ölkənin 10 ən qabaqcıl müəllimi ilə bir sırada dayanmaq ən gözəl duyğudur. Qaliblərdən biri olduğumu öyrənəndə təsadüfən ən sevdiyim insanlarla birlikdə idim. Bu xoş xəbəri də məhz sevdiklərimin yanında eşitmək, sevincimi onlarla bölüşmək ayrıca gözəl idi, çünki sevinc paylaşdıqca çoxalır. Fürsətdən istifadə edib yanımda olan, dəstəkləyən, motivasiya verən, mənə inanan hər kəsə təşəkkürümü bildirirəm.


- Məişət işlərini və dərslərinizi eyni anda necə idarə edirsiniz? Sizə dəstək olan kimsə var?


- Pedaqoji fəaliyyətə başladığım ilk ildə qızımın 1 yaşı var idi və mən ucqar kənd məktəbində çalışırdım. Çətinlik sözü, bəlkə də o günlərin yanında çox kiçik qalar. Ən böyük dəstəkçim anam və həyat yoldaşım olub. Düşünürəm ki, onların köməyi olmasa, tək bacarmaq mənim üçün daha da çətin olardı. İllər keçib, artıq qızımın 9 yaşı var və mən yaşadığım şəhərdə ən böyük məktəblərdən birində fəaliyyət göstərirəm. Bugünkü təcrübəmi və uğurlarımı isə kənd məktəbindəki fəaliyyətimə və dəstəkçilərimə, yəni anamla həyat yoldaşıma borcluyam.

 

- Repetitor fəaliyyətinə münasibətiniz necədir?

- Repetitorluq fəaliyyətinə münasibətim müsbətdir, istər məktəb, istərsə də repetitor - hər ikisi şagirdlərin öyrənməsinə və inkişafına xidmət edir. Ona görə də müsbət qarşılayıram və özüm də tələbəlik illərindən bu günə qədər həmin fəaliyyətlə məşğulam. Könüllü və ya ödənişli - fərq etməz, məqsədimiz təhsildir. Müəllim kimi də, repetitor kimi də fəaliyyətimə fərq qoymadan şagirdlərimə eyni şeyləri öyrədir və eyni həvəslə yanaşıram.

 

- Özünüzdə ən çox önəm verdiyiniz xüsusiyyət nədir?

 

- Nikbinlik, cəldlik və məsuliyyət.


- Sizin uğur anlayışınız nədir?

- Uğur qazanmaq üçün bir yox, bir neçə şüarım var. İlk növbədə istəmək, sonra çalışmaq, çalışdığın yolda özünə inanmaq, alınmadığı halda həvəsdən düşməmək, məqsədindən dönməmək və əminəm ki, bu ardıcıllığın sonu birbaşa uğur sözü ilə tamamlanacaq.

 No description available.

- Son olaraq həmkarlarınıza nə demək istərdiniz?

- Həmkarlarıma bu çətin peşədə yorulmamağı, həvəsdən düşməməyi və bolluca uğurlar arzu edirəm. Onlara demək istəyirəm ki, ən faydalı və ən fədakar insanların siz olduğunuzu unutmayın. Bunu xatırlamaq ən böyük motivasiyadır.