Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-26 08:46:23
AMEA: İnstitutlar yenilənir, yoxsa “köhnə hamam, köhnə tas?”... – Açıqlama  

 

 Fərhad Quliyev: “Son illərdə Arxeologiya və Antropologiya İnstitutunun beynəlxalq tədqiqatlarının sayı artıb”

 

 

“Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu bu ilin iyun ayında adında dəyişiklik edilərək, AMEA Rəyasət Heyətinin (RH) qərarı ilə Arxeologiya və Antropologiya İnstitutu adlandırılıb.

Hazırda AMEA Nizamnaməsinə görə sentyabr ayının sonlarında keçirilməsi nəzərdə tutulan ümumi yığıncaqda İnstitutun yeni adı təsdiq olunacaq.  Bu baxımdan qarşımızda duran əsas vəzifə bu günün çağırışlarına cavab verən yeni elmi müəssisənin təşkil olunmasıdır. Arxeologiya, dünyanın elmi sistemində ən aktual və populyar sahədir”.

 

Bu barədə AzEdu.az-a Arxeologiya və Antropologiya İnstitutunun baş direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev bildirib. O qeyd edib ki, arxeologiya bu gün tarix elminin kontekstindən çıxaraq daha çox dəqiq elmlərə yaxınlaşıb:

 

“Bu gün dünyada arxeoloji araşdırmalar müxtəlif elm sahələrinin iştirakı ilə aparıldığı üçün, arxeometrik tədqiqatlar termini istifadə olunur. Arxeometriya arxeoloji obyektin qədim dövrünü təsvir etmir, onun elmi rekonstruksiyasını ortaya qoyur. Məsələn, qədim kurqan qazılırsa, qəbir kamerasında tapılan hər bir artefakt öz təyinatına uyğun laborator analizə yönləndirilir. Metaldan olan arxeoloji material, bitki qalıqları, heyvan sümükləri və s. müxtəlif fənlərin sahələrini arxeoloji tədqiqatlara cəlb etmiş olur. İnsan qalıqlarının qəbirdə aşkar olunması fiziki antropoloqların tədqiqat mövzusudur. Aşkar edilən skeletin paleopotoloji xüsusiyyətlərinin öyrənilməsi, sonradan isə DNT analizləri və xəstəliklərin müəyyən edilməsi, yaş həddi və. s antropoloji tədqiqatların funksiyalarına daxildir.  

 

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna müvəqqəti direktor  təyin olunub

 

Gördüyümüz kimi, Arxeologiya bu gün ictimai elmlər arasında daha çox dəqiqliyi ilə seçilən elm sahəsidir. Belə olan halda, Arxeologiya və Antropologiya İnstitutu yuxarıda qeyd etdiyimiz tələblər üzərindən yenidən təşkil olunması nəzərdə tutulur. Bu baxımdan şübhəsiz ki, ilk növbədə kadr hazırlığı önəmli məsələlər sırasındadır.

 

Son illər əsasən Türkiyə universitetlərində arxeologiya və antropologiya ixtisasları üzrə ali təhsil almış azərbaycanlı gənclər, elmi müəssisəmizə işə qəbula gəlirlər. Arxeologiya və antropologiya, Türkiyədə ən aktual elm sahələridir. Ən vacibi Türkiyədə və ümumən Avropada arxeologiya ixtisasının ali təhsilin birinci səviyyəsi (bakalavriat) vardır. Adətən tələbələr 1 -ci kursdan etibarən çöl tədqiqat işlərində iştirak edir və tədqiqat üsulları ilə bağlı tədris almış olurlar”.

 

F.Quliyev qeyd edib ki, ayrıca “Arxeologiya” və “Fiziki Antropologiya” ixtisaslaşmaları üzrə Respublikanın ali təhsil müəssisələrinin heç birində ali təhsilin birinci səviyyəsi və magistratura təhsili yoxdur:

 

“Çünki hər iki ixtisaslaşma daha çox praktik fəaliyyətə söykənir və yalnız bu halda ixtisaslı kadrların yetişdirilməsi mümkündür.

 

İnstitutumuz AMEA nın əsas tələb olunan elmi müəssislərindən biridir. Arxeoloji və antropoloji tədqiqatlardan cəmiyyət və dövlətimizin gözləntiləri çoxdur. Bu baxımdan yeniləşən AMEA Arxeologiya və Antropologiya İnstitutunun maddi texniki bazası müasir çöl tədqiqat işlərinə uyğun olmalıdır. Həmçinin zəngin maddi mədəni irsimizin tədqiqatlarının nəticələri dünya elmi ictimaiyyəti tərəfindən birmənalı olaraq qəbul edilməsi üçün beynəlxalq arxeoloji ekspedisiyaların çox olması vacibdir.

 

 

Son illərdə İnstitutumuzun beynəlxalq tədqiqatlarının sayı artıb. Beynəlxalq tədqiqat layihələrindən daha çox gözləntilərimiz var. Gələcəkdə beynəlxalq arxeoloji tədqiqat layihələrinin qarşısında kadr hazırlığı məsələləri ön planda olacaq.

 

Son iki ildə İnstituta aid tədqiqat işlərinin sayı kəskin artıb. Artıq müqavilələr əsasında dövlət sifarişləri və ölkəmiz üçün vacib olan təxirəsalmaz arxeoloji qazıntılar elmi müəssisəmizin aktuallığını göstərir. Bu baxımdan yeni çağırışlara uyğun elmi tədqiqatların aparılması ilə bağlı bir sıra vacib məsələlərin həllini çalışırıq. İlk növbədə 2016 - cı ildə təsdiq olunmuş “Azərbaycan Respublikasında elmi ekspedisiyaların təşkili və aparılması Qaydalar” da məxsusi arxeoloji tədqiqatlar üçün günümüzün reallıqlarına cavab verən dəyişikliklərin olmasını arzu edirik.

 

AMEA rəhbərliyi gələcəkdə yeniləşmiş və müasir çağırışlara cavab verən Arxeologiya və antropologiya ixtisaslarını özündə birləşdirən elmi müəssisə formalaşdırmaq niyyətindədir.

 

Həm Rəyasət Heyətinin iclaslarında və ayrıca olaraq keçirdiyi müşavirələrdə AMEA prezidenti, İnstitutun gələcək fəaliyyəti ilə bağlı görüləcək tədbirləri müzakirə edir və bundan irəli gələn problemlərin həllinə çalışır”.