Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-25 15:37:03
“Dayanıqlı gələcək. Heç kəsi geridə qoymayaq” – Professor Gülçöhrə Məmmədova ilə MÜSAHİBƏ

2-6 iyul tarixində Danimarkanın paytaxtı Kopenhagen şəhərində Beynəlxalq Memarlar İttifaqının təşkilatçılığı ilə Ümumdünya Memarlar Konqresikeçirildi. Konqresdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova, AzMİU-nun Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müdiri professor Elbay Qasımzadə, İtaliya-Azərbaycan Dizayn Mərkəzinin direktoru Fərid Kərimov, Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının baş müəllimi Aliya Əliyeva, Memarlıq fakültəsinin tələbələri Leyli Əfəndiyeva, Jalə
Abuşova, Ayməsey Qafarzadə, Ramid Səlimov və başqaları da iştirak ediblər. “Dayanıqlı gələcək. Heç kəsi geridə qoymayaq” şüarı ilə keçirilən konqresə 135 ölkədən ümumilikdə 6000-dən çox iştirakçı qatılıb və memarlığa, qlobal dizayn sənayesinə aid olduqca aktual məsələlər müzakirə edilib.  

 

 AzEdu.az xəbər verir ki, müsahibə ilə bağlı AzMİU-dan məlumat verilib.  

 

Ölkəmizdə memar və dizaynerlərin yetişdirildiyi əsas ali təhsil müəssisəsinin rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova hesab edir ki, konqresdə iştirak Azərbaycan memarlığının müasir, qabaqcıl dünya memarlığı və dizayn layihələrinə inteqrasiyalı, eyni zamanda qlobal çağrışlara cavab verəcək şəkildə inkişafı üçün çox böyük əhəmiyyət kəsb edir.

 

-Gülçöhrə xanım, memar və rektor kimi Ümumdünya Memarlar Konqresinə çox böyük əhəmiyyət verdiyiniz söylənilir. Bu konqresin ölkəmiz və ya AzMİU üçün əhəmiyyəti nədən ibarətdir?

-Belə böyük nümayəndə heyəti ilə beynəlxalq konqresdə iştirakımız ilk növbədə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdəki yüksək inkişafın və yaradılan sağlam ab-havanın nəticəsində mümkün olmuşdur. Yaxın qonşu ölkələrdən konqresə qatılan nümayəndə heyətinin sayca bizdən dəfələrlə az olduğunun şahidi olduq. Əlbəttə ki, bizim daha geniş heyətlə təmsil olunmamıza beynəlxalq layihələrdə aktiv iştirakımızla yanaşı, universitetimizin maddi imkanlarının yüksəlməsi də imkan verdi.

 

Hesab edirik ki, bu konqresdə iştirak etmək çox faydalı oldu. Ona görə ki, bütün dünyanın ən önəmli, tanınan memarları orada bir araya gəlmişdi. Orada dünya memarlarının hansı problemlər barədə düşündüyünü, ölkələrdə hansı yeniliklərin olduğunu, bütövlükdə Beynəlxalq Memarlar İttifaqının gələcəyə və bügünkü memarlığa baxışını öyrənmək olur. Bu, həm ölkəmizdə memarlığın inkişafı, həm də yeni nəsil memarların yetişdirilməsi üçün çox vacib amildir.

 

-Yeni memarların yetişdirilməsi işində konqresin əhəmiyyətinə daha detallı toxunmaq istərdim, nümayəndə heyətinin tərkibində sizin tələbələriniz də olub...

 

-Tələbələrimizin bu konqresdə iştirakı ilk deyil. Yeri gəlmişkən qeyd edim ki, Ümumdünya Memarlar Konqresi 3 ildən bir keçirilir. İlk dəfə İtalyanın Turin şəhərində keçirilmiş konqresdə bizim 3 tələbəmiz iştirak etmişdi. Biz indi baxanda görürük ki, o nümayəndə heyətinin tərkibində olan tələbələr hər biri nüfuzlu memar kimi fəaliyyət göstərirlər. Düşünürəm ki, müasir memarların forumunda iştirak onların memarlığa həvəsini daha da artırmış və mütəxəssis kimi formalaşmalarında rol oynamışdır.
Bu dəfə isə biz 4 tələbəmizin konqresdə iştirakını təmin etdik. Hesab edirəm ki, bu onlar üçün çox böyük təcrübə oldu.

 No description available.

-Buna heç bir şübhə yoxdur. Kopenhagen kimi gözəl memarlığa sahib olan şəhərdə, dünyanın ən məhşur memarları ilə görüşmək imkanı və rektorla birgə səfər... Gülçöhrə xanım, konqresdə iştirak edən tələbələr necə seçildi? Yoxsa onlar özləri Sizə müraciət etdi?

 

-Əlbəttə, bu da çox vacib amildir. Çünki biz istəyirdik ki, təhsildə uğurlu olan tələbələr bu konqresə cəlb olunsunlar.
Seçim 3 mərhələdən ibarət olub. Əvvəlcə konqreslə bağlı elan verdik və tələbələr özləri internet üzərindən iştirak etmək arzularını bildirdilər. Sonra Memarlıq fakültəsinin dekanlığı müraciət edən tələbələrin təhsil nəticələri barədə məlumat verdi. Həmin tələbələrdən təhsil nəticələri ən yaxşı olanlar seçildi və universitetin Xarici əlaqələr şöbəsi tərəfindən müsahibəyə dəvət edildilər. Müsahibədə onların ingilis dili biliyi, beynəlxalq tədbirlərdə təcrübə və iştirakının olub-olmaması barədə məlumatlar öyrənildi. Yekunda ən yaxşıları seçildi və onlar bizimlə konqresə getdilər. Düşünürəm ki, seçim tam obyektiv aparılıb, səfər boyunca seçilən tələbələrin hər biri bunu
davranışı və biliyi ilə sübut etdi. Tələbələrimizin memarlığı öyrənmək istəyi universitet rəhbərliyi, müəllimlərimiz üçün çox böyük stimuldur. Kopenhagenin özünəməxsusluğuna gəlincə isə...

 

-Bir memar kimi Sizin Kopenhagen barədə təəssüratlarınızı bilmək istərdik.

 

-Kopenhagen maraqlı şəhərdir, onun konqres mərkəzi olaraq seçilməsi heç də təsadüfi deyil. Şəhərin tarixi çox qədim olmasada, tarixi abidələr yüksək səviyyədə mühafizə olunur. Şəhərdə tarix və müasirliyin vəhdəti memarlıqda özünü çox gözəl nümayiş etdirir. Daha önəmlisi isə Kopenhagenin müasir memarlığıdır. Müasir memarlıq müasir texnologiyalar və inşaat materiallarıdır, müxtəlif materialların estetik və funksionallıq baxımından harmonik şəkildə istifadəsidir, müasir formalardır, enerji qənaətidir, insan sağlamlığının təmin edilməsidir, ekoloji məsələlərin həllinə dəstəkdir. Baxın, müasir memarlıqda bunlar önə çəkilir.

 

-Bəzən elə təsəvvür yaranır ki, memarlar daha hündür mərtəbəli bina inşa etmək üçün yarışır. Bu cür mübarizə fonunda insan sağlamlığı Sizcə nə qədər əhəmiyyət kəsb edə bilər?

 

-Dünya İqtisadi Forumunun qurucusu və sədri Klaus Şvabın “IV Sənaye İnqilabı” adlı maraqlı elmi-populyar əsəri var. Bu əsərdə müasir inkişaf trayektoriyası və xüsusilə meyillərə istinad edilərək bəşəriyyətin üzləşə biləcəyi təhdidlər göstərilir. Yəni müasir texnoloji inkişaf, süni intellekt,
robotlaşma, gen analizi və s. kimi istiqamətlərin birlikdə bilinən sivilizasiyalara rəqib formada təzahüründən ehtiyat edilir. Müəllif əvvəlki sənaye inqilablarını analiz edərək yeganə çıxış yolunu insan inkişafını dəyişikliyin mərkəzində saxlamaqda görür. Bu, memarlıqda da belədir. Memarlıq və şəhərsalma insan üçündür. Hər şeyin mərkəzində insan dayanır. Kopenhagen şəhərində biz bunu gördük. Bu şəhər Avropanın paxtaxt şəhəri olmasına baxmayaraq avtomobillərin sayı Bakıdan xeyli
azdır. İnsanlar ictimai nəqliyyatdan daha çox istifadə edirlər, velosiped sürürlər. Yaşıllıq və ictimai zonalar kifayət qədərdir. İnsanların o zonalardan istifadəsi üçün çox rahat mühit yaradılıb. Velosiped həyatın vacib tərkib hissəsinə çevrilib, ondan istifadə edənlər üçün rahat zolaqlar, hərəkət
sahələri müəyyən edilib. Piyadalar üçün yaxşı şərait yaradılıb. Səkilər səliqəli və enlidir, piyada yolları yaşıl zolaqlarla avtomobil yollarından ayrılır. Ekologiyaya çox böyük diqqət yetirilir. Həm materialların
seçilməsində, həm daxili məkanların planlaşdırılmasında, izolyasiyasında bu məsələləri nəzərə alsaq, Kopenhagendəki memarlıq ən müasir, qabaqcıl memarlıq məktəblərindən biridir.

 No description available.

-Həqiqətən, Kopenhagen memarlar üçün daha valehedici şəhərmiş. Konqresin şüarı da maraqlıdır – “Dayanıqlı gələcək. Heç kəsi geridə qoymayaq”. Gülçöhrə xanım, dünya memarları bu şüarla nə demək istəyirlər?

 

-Məncə, bu şüar Dünya Memarlar İttifaqının, dünya memarlarının nə demək istədiyini kifayət qədər aydın ifadə edir. Konqresin məqsədi memarlığın dayanıqlı inkişafa töhfə verməsinə nail olmaq və dünyanın heç bir ölkəsinin, heç bir toplumunun bu inkişafdan kənarda qalmamasını təmin
etməkdir. Birləşmiş Millətlər Təşkilatının (BMT) 17 dayanıqlı inkişafa yönəlmiş məqsədinin içərisində yalnız 1 məqsədi memarlıqla bağlıdır. 11-ci məqsəd şəhərsalma, şəhərlərin dayanıqlı inkişafı ilə əlaqədardır. Beynəlxalq Memarlar İttifaqı tərəfindən isə hesab edilir ki, memarlığın BMT-nin 17
dayanıqlı inkişaf məqsədlərinin hamsına təsiri var. Konqresdə bu təsirin necə olması, memarların həmin o məqsədlərə çatmaq üçün nə etməli olduğu müzakirəyə çıxarılmışdı. Həmin bu və bu kimi məsələlərə uyğun 6 mövzu ümumiləşdirilərək müzakirəyə çıxarılmışdı:
-iqlim dəyişiklikləri və onların memarlığa təsiri;
-resurslara yeni yanaşma;
-icmaların inkişafı məsələsinə memarlığın dəstəyi;

-memarlıq və cəmiyyətin, bəşəriyyətin sağlamlığı;
-inklüzivlik – fiziki cəhətdən məhdud imkanlı insanları memarlıq vasitəsi ilə cəmiyyətə inteqrasiya etmək;
-dayanıqlı inkişafın təmin edilməsində əməkdaşlıq məsələsi.

Panelə bu məsələlər çıxarılmışdı, çoxsaylı müzakirələr aparıldı. Panellərdə maraqlı fikirlər söylənildi, yeni ideyalar ortaya qoyuldu, tələbələrimiz də bu müzakirələrdə canlı dinləyici oldular.

-Necə düşünürsünüz, gözlənilən nəticə əldə olundu mu?

-Bəli. Düşünürəm ki, gözlədiyimiz nəticə əldə olundu. Biz hamımız, həm müəllimlər, həm də tələbələr müasir memarlığın inkişaf istiqamətləri və trendlər barədə geniş məlumat aldıq, müxtəlif yeni ideyalarla tanış olduq. Beynəlxalq əlaqələrin tətbiqi ilə inkişafımız üçün düzgün istifadə edilməsi bizim hər zaman ciddi şəkildə diqqətdə saxladığımız məsələlərdən olub. Bu konqresdə iştirakımızın məqsədlərindən biri də bu idi.Biz universitet olaraq bu işi imkanlarımız daxilində davam etdirəcəyik,
tələbələrimizin bu və bu kimi beynəlxalq formlarda iştirakını təmin etməyə çalışacağıq. Universitetin Elmi Şurasının sonuncu iclasında da bu məsələni müzakirə etdik və bütün ixtisaslar üzrə idarəedici şəxslərə tapşırıldı ki, nüfuzlu beynəlxalq tədbirlərdə müəllim və tələbələrimizin iştirakını təmin
etməyə çalışsınlar. Düşünürəm ki, bu, universitetimizlə yanaşı, ölkəmiz üçün də vacibdir. Gənc mütəxəssislərin öyrəndiklərini, gördükləri müsbət təcrübəni tətbiq etməsi Azərbaycan memarlığına yeni nəfəs gətirəcək. Daha yaxşı dünya, daha yaxşı gələcək üçün əlimizdən gələni etmək hər
birimizin borcudur. Bizim də əsas borcumuz ölkəmizin inkişafı, xüsusilə işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulması, bərpası üçün savadlı və layiqli kadr yetişdirməkdir. O ərazilərdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətli tikinti-quruculuq işləri həyata keçirilir, qayıdış
proqramı icra edilir. Biz universitet olaraq bu prosesi dəstəkləmək üçün yeni, daha effektiv metodlardan istifadə etməyə çalışmalıyıq, yeni yanaşmalar, yeni metodlar tətbiq etməliyik. Tələbələrimizin belə mötəbər konqresdə iştirakı, qlobal memarlıq, şəhərsalma, dizayn çağırışları ilə tanış edilməsi məhz bu işin bir parçasıdır.