Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-25 13:28:00
Afrikalı tələbəAzərbaycanlı xanımla evlənməyi düşünmürəm - MÜSAHİBƏ

AzEdu.az saytı Azərbaycanda təhsil alan əcnəbi tələbələrlə silsilə müsahibələr təqdim edir.



Xarici tələbələrlə söhbətləşməkdə əsas məqsəd onların ölkəmizdəki təhsili necə dəyərləndirdiklərini, Azərbaycan barədə təəssüratlarını, əcnəbi gənclər üçün yaradılan şəraitdən məmnun qalıb-qalmadıqlarını, problemlərini öyrənməkdir.

Saytımızın "Xarici tələbə" rubrikasındakı növbəti müsahibi Mərkəzi Afrika bölgəsindəndir. 


Hazırda Azərbaycan Texniki Universitetində kompüter elmləri üzrə təhsil qrantı proqramında Azərbaycan dilində təhsil alan 4-cü kurs bakalavr tələbəsi 23 yaşlı Jaime Lima ilə söhbəti təqdim edirik.

 

Arayış: San-Tome və Prinsipi Demokratik Respublikası – Mərkəzi Afrikada ada dövlətdir. San-Tome və Prinsipi Qvineya körfəzində yerləşən iki adadan San-Tome və Prinsipi adalarından ibarətdir. Ada-dövlət Qabondan 225 km şimal-qərbdə yerləşir. Paytaxtı və ən böyük şəhəri San-Tome, ümumi sahəsi 1001 kvadrat kilometrdir, əhalisinin sayı 210 min nəfərdən çoxdur. San-Tome və Prinsipi Afrika qitəsində Seyşel adalarından sonra ən kiçik dövlətdir. XV əsrdən Portuqaliyanın müstəmləkəsi olan bu kiçik arxipelaq 1975-ci ilin iyulun 12-də istiqlaliyyət qazanıb.

 

Ölkə əhalisinin böyük əksəriyyəti paytaxt San Tomedə yaşamaqdadır. Ölkənin rəsmi dili portuqal dilidir və bu dildən əhalinin 98,4 %-i istifadə edir.

 

San-Tome və Prinsipidə hakim olan din xristianlıq dinidir. Buna görə əhalinin 55,7 %-i xristianlıq adətlərinə uyğun həyatı yaşayır. 

 

2010-cu ilin məlumatlarına görə, ölkənin ixracatının 80%-ni kakao təşkil edir və əkinə yararlı torpaqların 80%-də kakao əkilir. Kakaodan başqa kokos, palma ağacı, darçın, istiot, qəhvə, banan, papaya və paxla kimi kənd təsərrüfatı məhsulları əkilməkdədir. Ada daxilində işlədilən balıq fermaları ilə birlikdə ev heyvanı yetişdirilməsi də ölkə iqtisadiyyatına qatqı verir.

 

Qeyd edək ki, həmsöhbətimiz olan afrikalı tələbə Azərbaycan dilində orta səviyyədə bilir, müsahibə ingilis dilində alınıb. 

 

 - Jaime, özünü 3 sözlə necə təsvir edərdin?

 

 - Yəqin ki, iddialı və xəyalpərəst gənc.

 

 - Təhsil üçün Azərbaycanı seçməyinin səbəbi nədir?
 

 - Mən Sao-Tome və Prinsipidənəm. Həmişə yeni bir yerə getmək, orada yeni mədəniyyətlər, həyat tərzi və ətraf mühiti öyrənmək və kəşf etmək istəyirdim. Buna görə də Azərbaycanı seçdim. 

 

 - Bakıda tək yaşayırsan?

 

 - Xeyr, burada - Azərbaycanda tanış olduğum bir dostumla yaşayıram. O da Azərbaycan Texniki Universitetinin tələbəsidir və Suriyadandır.

 

 - Boş vaxtlarında nə edirsən?
 

 - Şəxsi bacarıqların təkmilləşdirilməsi (kodlaşdırma, qrafik dizayn, musiqi) ilə məşğul oluram və mütəmadi şəkildə dostlarımla vaxt keçirirəm.


 - Xərclərini necə qarşılayırsan?

 

 - Aylıq 800 manat təqaüd alıram. Kirayə haqqını və başqa şeyləri beləcə qarşılayıram. 

 

 - Tələbəlik həyatında hansısa çətinliklə qarşılaşmısan?

 

 - Başlanğıcda deyərdim ki, adaptasiya və dil problemim var idi. İndi Azərbaycan dilini orta səviyyə bildiyimi deyə bilərəm. Yəqin ki, 200-dən çox söz bilirəm. Eyni zamanda, burada çoxlu dostlarım da var.

 

 - Ailən üçün darıxırsan? Heç onları Azərbaycana dəvət etmək haqqında düşünmüsən?

 
 - Bəli, ailəm üçün darıxıram. Amma onları bura dəvət etməmişəm.

 

 - Xaricdə təhsil alan bir çox tələbələr oxuduqları ölkələrdə qalmağı seçir və geri qayıtmaq istəmirlər. Universitet təhsilini başa vurduqdan sonra geri qayıtmaq istəyirsən?

 - Özümü burada qalıb işləyən, azərbaycanlı xanımla ailə həyatı quran biri olaraq görmürəm, amma mütləq ziyarət üçün qayıdacağam. Nail olmaq istədiyim şəxsi planlarım və məqsədlərim var və onları həyata keçirmək üçün başqa yerə köçməli olacağam. Amma mənim ikinci vətənim həmişə Azərbaycan olacaq.