Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-25 12:14:00
“İlin Gənc Müəllimi”: “Maaşla ailə saxlamaq mümkün deyil” - MÜSAHİBƏ

“İlin Gənc Müəllimi” müsabiqəsinin qalibləri ilə müsahibələrimiz davam edir. Onu da xatırladaq ki, "İlin Gənc Müəllimi" AzEdu.az portalının Milli Məclisin Mədəniyyət Komitəsi ilə birgə keçirdiyi layihəsidir.

 

AzEdu.az-ın növbəti müsahibi tarix müəllimi Orxan Əhmədovdur.   

 

- Orxan müəllim, zəhmət olmasa özünüzü oxucularımıza təqdim edərdiniz... 

 

- Mən Əhmədov Orxan, İsmayıllı rayonu Elşad Bayramov adına Talıstan kənd tam orta məktəbinin tarix müəllimiyəm.
 

- Abituriyent və tələbəlik illəriniz xatirinizdə necə qalıb, məktəb həyatınız necə keçib?

 

- Tələbəlik illəri hər kəsin qəlbində, həyat yolunda dərin bir iz salar və o iz heç vaxt unudulmaz. İllər keçsə də, biz tələbəlik dövrünü unuda bilmirik, çünki o bizə gəncliyimizdən yadigar qalır. Gənclik ömrün baharıdır, tələbəlik isə bu baharın solmaz çiçəyi... Təhsil illərim maraqlı və yaddaqalan keçib. Daim dərslərimə hazırlıqlı gedirdim, mənə dərs deyən professorlar, dosentlər və müəllimlər vasitəsilə elmlərinin sirlərinə yiyələnirdim.
 

- Universitet zamanınızda sosial-aktiv tələbə idiniz?

 

- Tələbəlik illərində istər universitet daxilində, istərsə də universitet xaricində bütün tədbirlərdə fəal iştirak edirdim. Müxtəlif kurslara, seminarlara, konfranslara qatılaraq özümü təkmilləşdirirdim.

 

- Bu peşəni seçmək arzunuz kimdən qaynaqlanır?

 

- Müəllimlik peşəsini seçməyimdə mənə dərs deyən müəllimlərimin, xüsusilə, repetitor müəllimim  Məmmədağa Ağayevin böyük rolu olub. Mən də çalışmışam ki, öz müəllimim kimi qayğıkeş, şagirdlərinə dəyər verən və onları əlindən tutub zirvələrə aparan bir pedaqoq olum. Az da olsa, buna nail olmağı bacarmışam.

 

- İlk pedaqoji təcrübəniz harada olub?

 

- İlk dəfə pedaqoji fəaliyyətimə İsmayıllı rayonun Göytəpə kənd ümumi orta məktəbində başlamışam.

 

- Şagirdlərlə ilk görüşünüzü necə xatırlayırsınız?

 

- İlk dəfə bir müəllim kimi şagirdlərin qarşısına çıxmaq həyəcanlı, həm də bir o qədər sevindirici idi. Çünki tariximizi gələcək nəsillərə öyrədəcəkdim. Şagirdlərlə ünsiyyət qurmaq, onları tanımaq mənim üçün çox maraqlı idi. İllər keçsə də, ilk dərsimi və şagirdlərimi hər zaman xatırlayacam.

 No description available.

- Yaxşı müəllim olmaq üçün nə etmək lazımdır…

 

- Mənim fikrimcə yaxşı müəllim olmaq təkcə fənnini yaxşı bilib tədris etməklə bitmir. Müəllim şagirdlərinə qarşı sevgi, şəfqət və mərhəmət hissi ilə yanaşmalıdır. Bütün şagirdləri ilə səbrlə davranmalı, yeri gələrsə onları dinləməli, yol göstərməli, problemlərini həll etməkdə yardımçı olmalıdır. Müəllim öz fənninə duyduğu sevgisi ilə şagirdlərinə ilham verərək, onlarda özünə əminlik hissini formalaşdırmalıdır.

 

- Müəllim olaraq şagirdlərinizlə yaşadığınız çətinliyin öhdəsindən necə gəlirsiniz?

 

- Bu peşənin çətinliyini ilk dəfə pedaqoji təcrübədə olarkən görmüşdüm. Qarşıma məqsəd qoydum ki, müəllim olarkən və sinfə girdiyim ilk gündən şagirdlərimə qarşı sevgi ilə yanaşacam, onlarla dost olmağa çalışacam. Bunun nəticəsidir ki, şagirdlərim mənə qarşı hər zaman məsuliyyətli və diqqətli olub.

 

- Müsabiqəyə qatıldığınız zaman özünüzü necə motivasiya edirdiniz?

 

- Bütün müəllimlər kimi, mən də bu müsabiqəni böyük həvəslə gözləyirdim. Əvvəlcə tərəddüd edirdim. Çünki qoyulan şərtlərə tam hazır olmadığımı düşünürdüm. İlk dəfə olaraq bu müsabiqəyə 2021-ci ildə qatıldım. Çox sevindirici hal oldu mənim üçün, çünki “İlin gənc müəllimi-2021” müsabiqəsinin ən yaxşı 50 müəllimindən biri oldum. Özlüyümdə fikirləşdim ki, əgər 50 müəllimdən biri oldumsa, niyə qalib olmayım...
Bu mənim üçün bir motivasiya oldu. Özümə inanaraq təkrar bu müsabiqəyə qatılmaq qərarına gəldim. Nəhayət bu müsabiqənin qalibi olmağı bacardım. Hər bir müəllim istəyər ki, onu işlədiyi kənddə, rayonda, həmçinin respublikada uğurları bol olan bir müəllim kimi tanısınlar. Azedu.az təhsil portalının təhsil siyasətini alqışlayıram. Mənim kimi yüzlərlə müəllimi ictimaiyyətə tanıdırsınız. Sizin sayənizdə yeni yaradıcı müəllimlərlə tanış oldum, bir çoxu ilə indi də əməkdaşlıq edirəm. 

- Gələk “İlin Gənc Müəllimi” müsabiqəsindəki qalibiyyətinizə... Sizin üçün gözlənilən idi?

 

- İnanın ki, cavablar çıxan günü mən məşğələdə idim və heç nədən xəbərim yox idi. Qalib olmağım xəbərini mənə müəllim yoldaşlarım çatdırdı. Əlbəttə çox sevindim. Yüzlərlə müəllimin içərisindən birinci seçilmək gözəl hissdir. Bütün müəllimlərə bu hissi yaşamağı arzu edirəm.

 No description available.

- Hazırda bir çox kişi müəllimlər maaşların az olmağından və ailəni dolandırmağa kifayət etmədiyindən şikayətlənir. Sizin bu kimi çətinlikləriniz var?

 

- Kişilərin təhsil sisteminə gəlməməyinin ən böyük səbəbi əmək haqqı ilə bağlıdır. Əlbəttə ki, müəllimlik maaşı ilə ailə saxlamaq mümkün deyil. Bu səbəbdən də kişi müəllimlər dərsdən əlavə başqa fəaliyyətlə də məşğul olurlar. İstər biznes, təsərrüfat, istərsə də repetitorluqla. Mən isə bu yollardan repetitorluğu seçmişəm. Çünki öyrətməyi sevirəm.


- Uğurun “resepti” hər kəs üçün fərqli olur. Sizin uğur qazanmaq üçün izlədiyiniz yol hansıdır?

 

- Mənim üçün uğurun resepti ədalətli, ünsiyyətcil, əlçatan, ən əsası şagirdlərlə dost olub özünü sevdirməkdir.

 No description available.


- Fəaliyyətinizə təxminən hansı yaşda son verməyi planlaşdırısınız?

 

- Bu barədə hələ ki düşünmürəm. Çünki sadə müəllim olmaqla kifayətlənmək istəmirəm. Çalışıram ki, təhsil sahəsində daha çox uğurlar əldə edim. Geriyə dönüb baxanda, itirdiyim zamana görə heç vaxt peşman olmayım.

 

- Son olaraq, gənc müəllimlərə tövsiyələriniz nələrdir?

 

- Hər zaman öz üzərində çalışan və yeniliklərə can atan bir müəllim kimi deyə bilərəm ki, pedaqoji fəaliyyətə başladıqları ilk gündən işlərinə məsuliyyətlə, xüsusi sevgi və qayğı ilə yanaşsınlar. Daim öz üzərlərində çalışaraq ixtisaslarını təkmilləşdirsinlər. Dərslərini daha fərqli və faydalı metodlarla tədris etsinlər. Ən əsası, şagirdlərin sevgisini və rəğbətini qazansınlar. Əgər işində məsuliyyətlisənsə, öz işini sevirsənsə, bil ki, hər zaman uğur qazanacaqsan.


No description available.