Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-24 17:20:00
“Deputatların təhsili”:  Aydın Mirzəzadə tikintidən politologiyaya… 

 

 Son günlər cəmiyyətdə, eləcə də media və sosial şəbəkələrdə deputatların ali təhsil məsələsi müzakirə predmetinə çevrilib. İddialar dolaşır ki, bəzi deputatlar ya özəl universitetlərdə təhsil alıblar, ya da tanınmayan xarici dövlətlərdən diplom əldə ediblər, amma əksini iddia edənlər də var.

 

AzEdu.az olaraq bu iddiaları nəzərə alıb deputatların təhsil həyatını özlərindən öyrənib “Deputatların təhsili” layihəmizi silsilə müsahibələrlə təqdim edəcəyik.

 

İlk yazımızda sizə Milli Məclisin deputatı, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev haqqında məlumt vermişdik. 

 

İndi isə Milli Məclisin deputatı, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, Siyasi elmlər üzrə fəlsəfə doktoru Aydın Mirzəzadə haqqında olan yazımızı paylaşacağıq.

 

Aydın Mirzəzadə AzEdu.az-a bildirib ki, 2 ali təhsil alıb:

 

"Orta təhsilimi Mingəçevirdə 10 saylı orta məktəbdə almışam. Bura Böyük Vətən müharibəsindən sonra 1945-ci ildə yaranmış bir sənaye şəhəridir. Ölkəmizin hər bir regionundan orada insanlar var. Şəhərin əsas xüsusiyyətlərindən biri də təhsilə böyük marağın olmasıdır. Mingəçevir məktəblərində həmişə yüksək təhsil olub. Orta məktəbdə çox gözəl müəllimlərim var idi. İbtidai sinif müəllimim Xanım müəllimə hələ də yaşayır, daim əlaqə saxlayıram. Sinifmizdə 29 nəfərdən 19-u ali təhsil aldı. Qalanları isə gözəl peşələrə yiyələndilər.

 

Özüm 2 ali məktəb bitirmişəm. Birincisi, Azərbaycan İnşaat Mühəndisləri İnstitutu indiki adı ilə Azərbaycan Memarlıq və İnşaat Universitetini. O vaxt Mingçevirdə şəhər genişlənir, böyük Azərbaycan İstilik Stansiyası, uşaq bağçaları, məktəblər və sosial obyektlər tikilirdi. Bunlar da məndə maraq yaratdı və Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda sənaye və mülki tikinti ixtisasına qəbul olundum. Böyük maraqla oxudum, yaxşı da bitirdim. Soyadlarını çəksəm, artıq hansı elit insanların mənə dərs dediyini təsəvvür edə bilərsiniz: Muradxanov, Kəngərli, Zərgərli, Şabanbəyov və s. Sadaladıqlarım sadəcə universitetin deyil, həm də Azərbaycan ziyalıları idilər.

 

İxtisasım üzrə az işlədim. Bununla belə, ixtisasımı hələ də xatırlayıram. Tikinti obyektlərinin yanından keçəndə işin nə cür getdiyi, keyfiyyətin necə gözlənildiyi və tikintidə çox vacib məsəllərdən biri olan təhlükəsizliyin hansı səviyyədə olduğuna diqqət edirəm, maraqlanıram.

 

Daim içimdə həm texniki, həm də humanitar fənlərə böyük maraq olub. Bəlkə də bunun səbəbidir ki, ikinci təhsil aldığım universitet o zamanlar Bakı Sosial idarəetmə və Politologiya İnstitutu olub, indiki adı ilə Dövlət İdarəçilik Akademiyası. Politoloq ixtisası üzrə təhsil almışam. Həmin sahə üzrə çox az ədəbiyyat vardı, bununla belə, bizim üçün çox maraqlı oldu. Hazırda da bu sahə üzrə çalışıram. Bitirdiyim ikinci ali məktəbdə indi dərs edirəm. DİA dosenti və fəlsəfə üzrə elmlər doktoruyam.

 

15 kitab müəllifiyəm, bunlardan 2-si ali məktəblər üçün dərslikdir, hazırda 3-cü dərslik üzərində işləyirəm oktyabr ayında tələbələr əldə edə biləcəklər. Azərbaycan təhsilinin böyük tarixi var. Dünya təhsil sistemində baş verən dəyişikliklər də ölkəmizə gətirilməyə çalşılır və bir çox allarda bu alınır. Güclü, nüfuzlu universitetlərimiz var. Dünyanın reytinq cədvəllərində artıq 4-5 universitetimiz yer tutub. Qeyd edim ki, dünyada bir reytinq cədvəli yoxdur. Bəzilərində az, bəzilərində isə çox təmsil olunmuşuq. Bununla belə, inanıram ki, bir çox universitetimiz reytinq cədvəllərində yer tuta biləcəklər".

 

“Bundan sonra yenə təhsilinizə davam etmək fikriniz varmı?” sualımıza gəlincə, parlamentari qeyd edib ki,  iki universitet bitirib:

 

“Mənə elə gəlir ki, kifayətdir. Ancaq hər zaman öz üzərimdə işləyirəm, öz ixtisasım üzrə ədəbiyyatlar oxuyuram, məlumatları dəqiqləşdirməyə çalışıram. Bunun üçün həm ədəbiyyat, həm də internet resurslarından geniş istifadə edirəm. Həmçinin, zənnimcə, heç bir sənət sahibi, ali məktəb müəllimi belə öz biliklərini tam yetkin hesab etməməlidir. Elm bir dəryadır ki, onun ucu-bucağı, sonu yoxdur. Nə qədər bilsən də, daha çox elm əldə etməyi bacarmalısan. Öz ixtisasını, sənətini daha dərindən bilməyə çalışmalısan. Bu baxımdan hesab edirəm ki, əlavə biliklər almağımız, öz biliklərimizi yeniləməyimiz özü də yeni bir universitet bitirməkdir".