Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-24 09:54:00
Əsl müəllim öz peşəsinin ustası olmalıdır - “İlin Gənc Müəllimi” ilə MÜSAHİBƏ

Yəqin ki, AzEdu.az portalının Milli Məclisin Mədəniyyət Komitəsi ilə birgə keçirdiyi" İlin Gənc Müəllimi" müsabiqəsi oxucuların xatirindədir.

 

Bu müsabiqə nəticəsində öz fəaliyyəti ilə şagirdlərə, eləcə də müəllim həmkarlarına dəstək olan, müasir dərs metodları ilə keyfiyyətli və yaradıcı təhsil mühiti yaradan ən yaxşı 10 gənc pedaqoq mükafatlandırılmışdı.

 

AzEdu.az-da "İlin Gənc Müəllimi" müsabiqəsinin qalibləri ilə silsilə müsahibələr təşkil olunur. Növbəti müsahibəmiz ibtidai sinif müəllimi Səidə Quliyevadır.
 

- Səidə xanım, özünüzü oxucularımıza necə təqdim edərdiniz?

- Mən, Quliyeva Səidə, ixtisasca ibtidai sinif müəllimiyəm. 2021-ci il direktorların işə qəbulu imtahanında iştirak edib 41 balla Ucar rayon birincisi oldum. 2022-ci il Mərkəzi Aran Regional Təhsil İdarəsinin təşkil etdiyi müsahibə mərhələsində iştirak etdim. Cənab nazir Emin Əmrullayevin sərəncamı ilə 16 sentyabr 2022-ci il tarixində Ucar rayonu A.Abdullayev adına Alpı kənd tam orta məktəbinə direktor təyin olundum. 

 No description available.

- Abituriyent və tələbə olduğunuz dönəmdən hansı yaddaqalan xatirələriniz var? Ümumiyyətlə, necə bir tələbəlik dönəmi keçirmisiniz?

- Sakit, inistituta gedən və bütün günü dərs oxuyan bir qız olmuşam. Elə də yaddaqalan bir xatirəm olmayıb.

 
- Universitet dönəmində hansısa əlavə məşğuliyyətləriniz var idi?

- Kitab oxumaği və dərs çalışmağı çox sevərdim.

 
- Seçə biləcəyiniz bir çox peşə var idi. Niyə müəllim olmağı seçdiniz?

- Müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir. Cəmiyyət ən əziz, ən qiymətli sərvətini – uşaqları, öz ümidini, öz gələcəyini müəllimə etibar edir. Bununla sanki məktəbin, müəllimin məqsədi, vəzifəsi müəyyənləşdirilir, xalqın, dövlətin gələcəyini formalaşdırırılır.

“Təhsil haqqında” qanunda təsbit olunduğu kimi, məqsəd “Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqın milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdir”.

Bəli, müəllimlik çox şərəfli peşədir – vəzifədir, şərəfli olduğu qədər də mürəkkəb, məsuliyyətli vəzifədir.

Müəllim – ilk növbədə insandır, bilikli, savadlı, tərbiyəli, uşaqları və peşəsini sevəndir, uşaqları, gəncləri xalqın, vətənin gələcəyi üçün hazırlayan vətənpərvərdir, vətəndaşdır, ictimai xadimdir…

Mən uşaqlıqdan özümü anama bənzədərək (mənə müəllim peşəsini sevdirən məhz anam olub) özümü müəllim kimi təsəvvür edir və xəyallarımda canlandırırdım. Bilirsiniz onda əsas nəyi düşünürdüm? Şagirdlərimin məni çox sevdiyini. Deməli, mənim gözümdə əsl müəllim şagirdləri tərəfindən çox sevilən müəllimdir. Əgər şagird müəllimi sevirsə, onun fənnini də sevəcək, sevdiyi fənnə marağı artacaq və nəticədə təlimin keyfiyyəti yaxşılaşacaq.

 No description available.

- İlk müəllimlik təcrübənizə harada başlamısınız?


- İlk müəllimlik təcrübəmə Ucar şəhər 4 nömrəli tam orta məktəbdən başlamışdım.


- Müəllim olaraq ilk dərsə girəndə hansı hissləri keçirdiniz, həyəcan vardımı?


- Hamı kimi məndə də həyəcan olub.  Bilirəm ki, bu təbii prosesdir.  Ancaq körpə fidanları gördükcə,  onlarla işlədikcə, əllərindən tutub "Ana", "Vətən" kəlmələri yazdırarkən bu həyəcan qürur hissi ilə əvəz olunur. Günü-gündən öz-özünə deyirsən ki, nə yaxşı ki, mən müəllim peşəsini seçmişəm.

- Hər kəsin yaxşı müəllim anlayışı fərqlidir. Bəs sizcə əsl müəllimin xüsusiyyətləri nələrdir?


- Əsl müəllim, ilk növbədə uşaqları sevən insandır, onlarla ünsiyyətdən sevinc tapır, uşaqlarla dostluq etməyi bacarır, uşaqların sevincini və kədərini ürəyinə sala bilir, uşağın qəlbini oxuyur və heç vaxt unutmur ki, özü də vaxtilə uşaq olub. Əsl müəllim inanır ki, hər bir uşaq yaxşı insan ola bilər.

Əsl müəllim tədris etdiyi fənnin elmini yaxşı bilir, ona vurğunluqla inkişaf üfüqlərini – yeni kəşfləri, tədqiqatları, nailiyyətləri izləyir, o elmin problemlərindən də xəbərdardır. Dərin bilik, geniş dünyagörüş şagirdlər qarşısında elmin, biliyin, fənnin, tədris prosesinin cəzbedici qüvvəsini aça bilmək üçün vacibdir. Şagirdlər müəllimin simasında ağıllı, bilikli, düşüncəli, sənətinə vurğun bir insan görməlidirlər.

Əsl müəllim psixologiya və pedaqogika elmlərini bilən, tərbiyə haqqında elmləri bilmədən uşaqlarla işləməyin mümkünsüzlüyünü hiss və dərk edən insan olmalıdır.

Əsl müəllim öz peşəsinin ustası olmalıdır.

No description available.

- Müəllim olduğunuz dönəmdə hansı çətinliklərlə üzləşmisiniz? Sizi çıxılmaz vəziyyətə salan şagirdləriniz olub?

- Çətinlik deməzdim, ancaq mən imtahan verib şəhər məktəbindən kənd məktəbinə gedəndə belə hal olub. Onu da deyim ki, bu sadəcə çətinlik deyil, həyəcan idi ki, “necə olacaq?”, amma gözlənilmədən şagirdlərin və valideynlərin tez bir zamanda hörmətini qazandım və demək olar ki, bu həyəcan da öz-özünə yox oldu.

Bütün şagirdlərim həmişə mənə doğma olub, ən dəcəlləri belə. Amma təbii ki, yaddaşımda, ürəyimdə yaxşı mənada iz qoyanlar da olub. Bəziləri ilə telefon əlaqələrimiz də var. Müəllimlərin unuda bilmədiyi şagirdlər həmişə dərslərini gözəl oxuyan, nizam-intizamlı, ağıllı şagirdlər olur. Təbii ki, mənim də yaddaşımda belələri qalıb. Amma mən nə qədər də qəribə olsa deyim, bir az da dəcəl şagirdləri sevirəm. O ağıllılığın, o nizam-intizamın içində bir az da dəcəllik olmalıdır mənə görə.

 
- “İlin Gənc Müəllimi” müsabiqəsinə qatılmaqda gözləntiləriniz nə idi? Özünüzü necə motivasiya edirdiniz?

- Hamı kimi mən də həyəcanla gözləyirdim.

 
- Qaliblərdən biri olduğunuzu öyrəndikdə hansı hissləri keçirdiniz?

- Təbii ki, mən də hamı kimi sevindim , “İlin Gənc Müəllimi” və 2-ci yer... Bu məni daha da sevindirdi və qurur hissi keçirdiyim də danılmazdır.

- Məişət işlərini və dərslərinizi eyni anda necə idarə edirsiniz? Sizə dəstək olan kimsə var?


- Sadəcə özüm öhdəsindən gəlməyə çalışıram. Ailə ilə işimi eyni balansada qoruyub saxlayıram.

 
- Dərsdən əlavə, repetitorluqla məşğul olursunuzmu?

- Əvvəllər olurdum. Amma artıq mən bir müəssisənin rəhbəriyəm və vaxtım çox olmur. Boş zamanın olanda da onu ailəmə sərf edirəm.


- Uğurun “resepti” hər kəs üçün fərqlidir. Sizin uğur qazanmaq üçün əsas şüarınız nədir?


- İnam+əzm+mübarizə+inkişaf=UĞUR.


Həyatda müvəffəqiyyət qazanmaq üçün ilk növbədə həqiqəti dərk etməli və nədən ötrü çalışdığımızı bilməliyik. Məqsədə çatmaq üçün nəyi və necə etməyi düzgün bilmək lazımdır. Düzgün fikirlər bizə uğur qazandıracaqdır. Atalar sözündə deyildiyi kimi, «Fikir işin yarısıdır».

Bəzən insan xəyal qurur, sanki özünü yenidən kəşf edir və bu xəyallarını gerçəkləşdirmək üçün əzmlə çalışır, daim əngəllərlə mübarizə aparır ki, məqsədinə çatsın.

Uğur qazanmaq üçün vaxtdan səmərəli istifadə etmək lazımdır. Məncə uğur qazanmağın yollarından biri də odur ki, hər günün sonunda insan özü-özünə hesabat versin. Mən bu gün nə etmişəm? Hansı nailiyyətlər əldə etmişəm?

Nəzərə alaq ki, uğur bizi məqsədə yox, məqsəd bizi uğura aparacaq!!!

- Hansı yaşınızda “dincəlmək mənim də haqqımdır” deyib, karyeranızı sonlandırmağı düşünürsünüz?

- Hələ ki bu haqda danışmaq mənim üçün çox tezdir. Gələcəklə bağlı planlarım isə lap çoxdur. Hələlik direktor kimi ilk addımlarımdır. İlk növbədə, sözün əsl mənasında öz sahəmin peşəkarı, müəllim kimi böyük nüfuza malik olmaq istəyirəm. Bunun üçün öz üzərimdə işləyir, işimə çox böyük məsuliyyətlə yanaşıram. 


- Son olaraq kolleqalarınıza demək istədiyiniz nələrsə var?

- Müqəddəs vəzifəni layiqincə yetirən müəllimlərə şagird sevgisi və işlərində uğurlar arzu edirəm.